NUHÇIXAN Naxçıvan Muxtar Respublikasında ilk dəfə yerin təki sahəsinin istifadəyə verilməsi üzrə hərrac təşkil edilib və “Dağ-mədən sahəsində mövcud imkanlar və perspektivlər” mövzusunda “Biznes Forum” keçirilib. Forumda ölkə ərazisində fəaliyyət göstərən iri və orta sahibkarlıq subyektlərinin və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak edib.
Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə hərrac keçirilib.
Hərracda 1 lot üzrə Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonları ərazisində yerləşən “Qoşaquldağ” və ya başqa adı ilə "Pircuvardüzü" qum yatağı satışa çıxarılıb. Tədbir iştirakçılarına hərraca çıxarılan faydalı qazıntı yatağı barədə ətraflı məlumat verilib. Başlanğıc qiyməti 15 min 180 manatdan başlayan qum yatağı “Himal Holdinq” şirkəti tərəfindən 30 min manata alınıb. Qeyd edək ki, yatağın istismar müddəti 15 ilədəkdir.
Sonra Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Dağ-Mədən Sahəsində Mövcud İmkanlar və Perspektivlər” mövzusunda Biznes Forum keçirilib. Forumun gündəliyində bu bölgədə yerləşən faydalı qazıntı yataqları, yer təkinin hüquqi tənzimlənməsi qaydaları və sözügedən sahəyə investisiyanın təşviqi ətrafında mövzular yer alıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvanın faydalı qazıntı yataqları barədə ətraflı məlumat verib. Bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” 11 vacib prioritet istiqamət üzrə müəyyənləşib. Bunlardan biri də ətraf mühitin mühafizəsinin gücləndirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə olunmasıdır. Təbii sərvətlərdən istifadəyə düzgün mexanizmin tətbiq olunması isə əsas məsələdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini və nazir vəzifəsini müvəqqəti icra edən Xanlar Mustafayev Naxçıvanın faydalı yataqları və tədbirin keçirilməsinin mühüm əhəmiyyətindən danışıb.
Forumda Geoloji Kəşfiyyat, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliklərinin əməkdaşları müvafiq sahələr üzrə çıxış ediblər.
Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Adilə Səfərova