İlk olaraq mükəmməllik nədir? Bu sualın cavabına nəzər yetirək. Araşdırmalar və mütəxəssislər mükəmməlliyi belə dəyərləndirirlər. Ümumi olaraq insanın özü üçün həddindən artıq böyük hədəflər müəyyənləşdirməsi və bu hədəflərə çatma məsələsində həddindən çox narahatlıq hiss etməsi, bununla əlaqəli olaraq da özünə qarşı həddindən artıq tənqidi yanaşmasıdır. Mükəmməlliyi bir növ “qüsursuzluq arayışı” olaraq dəyərləndirmək olar. Bu tərz mükəmməli arayış içərisində olan insanlar uğurlarını görməzdən gəlib, edilən səhvlərinə daha böyük mənalar yükləyib, özü ilə əlaqəli mənfi duyğular bəsləyirlər. Və ən əsası bu xüsusiyyətin təməli daha çox uşaqlıq dönəmində atılır.
Belə insanların ən əsas xüsusiyyəti məmnuniyyətsizlikdir. Bu problemli vəziyyət “bir az daha çox çalışaraq daha çox uğur qazana bilərsən”, “yoldaşlarının yanında daha çox tərtibli görünə bilərsən” kimi cümlələrlə uşağa bu xüsusiyyəti aşılamaq, “daha”larla motivasiya etməyə çalışmaq uşaqda mənəvi yorğunluq yaradır. Belə bir mühitdə olan uşaq mükəmməlliyyətçi ailəsindən özünü qorumağa çalışır. Mükəmməlliyyətçi valideynlərin uşağında buraxdığı ən böyük mənəvi problemlərdən biri mükəmməllikdi. Bu xüsusiyyət müsbət kimi görünsə də, davamlı olaraq daha yaxşısı üçün çalışmaq onları bədənən, ruhən çox yorur, bunun nəticəsi olaraq da tükənmişlik və enerjisizlik çıxar ortaya. Mükəmməlliyyətçi bir ana uşağına daha gigiyenik və səliqəli bir ev mühitində yaşamaq imkanı yaradır. Amma uşağın o mühitdə xoşbəxt, hüzurlu və ruhən rahat olmasını həyata keçirə bilmir. Halbuki uşağa qazandırılacaq ən vacib xüsusiyyət, olduğu mühitdən zövq ala bilmək, başqalarının etdiklərinin və dediklərinin ona mənfi təsir etməsinə imkan verməməkdir. Olduğu, yaşadığı mühitdən zövq ala bilən uşaqlar hədəflədiyi məqsəd üçün mənəvi olaraq lazımi qədər enerji və istək toplayır.
Mükəmməlliyyətçilik bulaşıcı xəstəlik kimidir. Həqiqi yaşamda zirvəsi olmayan bir yolun təpəsinə doğru çıxmağa çalışmaq hər zaman baş döndürücüdür. Belə ki, bu yolda bəzən durmalı, arada qərarlarına nəzər yetirməlidir insan. Buna görə də valideynlər uşaqlarına mükəmməlliyyətçiliyi deyil, əlindəkilərdən məmnun olmağı və xoşbəxt olmağı öyrətməlidir.
Çox tənqid edilən uşaqlar, tənqid eşitməmək üçün hər şeyi mükəmməl etməyə çalışırlar. Öhdəlik və vəzifələrin yerinə yetirilməsi, əlbəttə, vacibdir. Ancaq bu, tənqid olunma qorxusu ilə deyil, edilən işdən zövq alaraq olmalıdır.
Mükəmməlliyyətçiliyin bir məqsədi də görünür olmaqdır. Başqalarının gözündə dəyər görməyə çalışanlar, davamlı təqdir olunma səyi içərisindədirlər. Halbuki insan yaradılış etibarilə onsuz da çox dəyərlidir. İnsan özündə var olan dəyəri buraxıb başqalarının gözündə öz dəyərini axtarırsa, bu, zəif bir ruh halının göstəricisidir.
Mükəmməlliyyətçi bir mühitdə olan uşaqlarda qısqanclıq, paxıllıq kimi bəzi davranış pozğunluqları müşahidə olunur. Belə uşaqlar ehtiyacları qarşılansa belə, doyumsuzluq yaşayarlar. Çünki ödənilən zərurətlərin bir mərtəbə üstü olan ehtiyaclar da vardır. İnsan doymayan bir varlıqdır. Ruhun doyması fiziki aləmdə deyil, mənəvi aləmdə həyata keçir. Ruhən doymayan uşaq isə heç bir zaman tamlıq və doyumluluq hiss etməz.
Bunun üçün də valideynlər uşaqlarını böyüdərkən onların fiziki ehtiyacları qədər, bəlkə də ondan daha da vacib olan mənəvi ehtiyaclarının varlığını unutmamalı, bu məsələyə daha çox diqqət etməlidir.
Günay Məmmədova
Naxçıvan televiziyasının əməkdaşı