İngiltərədə aparılan tədqiqat adekvat və keyfiyyətli yuxunun, nizamlı idmanın insanın koqnitiv funksiyalarına təsirini araşdırıb.
NUHÇIXAN “The İndependent” qəzetinə istinadla bildirir ki, araşdırmada 50 ilə 95 yaş arasında olan 8 min 958 nəfərin məlumatından istifadə edilib. Bundan əlavə, 10 il ərzində hər 2 ildən bir keçirilən sorğuda iştirakçılara idmanın tezliyi və intensivliyi, yuxu müddətinin 6 saatdan az və ya çox olması ilə bağlı suallar verilib, qısamüddətli yaddaşı ölçən testlər aparılıb. Müntəzəm olaraq idman edənlər arasından kifayət qədər istirahət edənlərin qısa müddət yatanlara nisbətən idrak funksiyalarının daha yaxşı qoruduğu müəyyən edilib.
Tədqiqatın müəllifləri bildiriblər ki, araşdırma fiziki fəaliyyətdən koqnitiv faydaları əldə etmək üçün kifayət qədər yuxunun vacib olduğunu aşkarlayıb. Araşdırmanın orta və daha yaşlı insanlarda idrak funksiyalarını qoruyacaq faktorların tapılması baxımından əhəmiyyətli olduğu vurğulanıb.