ÜMT: Qlobal temperatur rekord səviyyədə yüksəlməyə davam edəcək

A- A A+

Qlobal dəniz səthinin temperaturu may, iyun və iyul aylarında rekord həddə çatıb, eyni zamanda, istiləşmə prosesində El Nino hava nümunəsi yeni başlayır. NUHÇIXAN xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) ekspertləri bildiriblər.

Ekspertlər əlavə ediblər ki, xüsusilə Şimali Atlantikada dəniz səthinin temperaturunda görünməmiş yüksəliş olduğu üçün BMT-nin müvafiq qurumları həyəcan təbili çalıb. ÜMT-nin iqlim monitorinqi şöbəsinin rəhbəri Omar Baddur bildirib: “İyulun ilk yeddi günü dünyada son əsrlər ərzində ən isti dövr və ya indiyədək qeydə alınan ən isti həftə hesab edilə bilər. İyulun 7-də qlobal orta temperaturun 17,24 dərəcə Selsiyə yaxın olması ciddi narahatlıq doğurur”.

ÜMT-nin eksperti əlavə edib ki, Şimali Atlantikada gündəlik iyun ayının orta temperaturu əvvəlki göstəricilər ilə müqayisədə kəskin şəkildə qalxıb, Antarktikada dənizdəki buz səviyyələri isə peyk müşahidələri başlayandan bəri ən aşağı həddə düşüb. Orta rəqəmlərdən 17 faiz aşağı olan builki göstəricilər 2022-ci ilin iyun ayı rekordunu əhəmiyyətli fərqlə qırıb və Antarktidada dəniz buzunun həcmində həqiqətən dramatik bir azalma – təxminən 2,6 milyon kvadrat kilometr itirilmiş dəniz buzlağı ilə nəticələnib.

Ümumdünya İqlim Tədqiqatları Proqramının rəhbəri Maykl Sparrou Antarktida ətrafında dəniz buzunun bu cür azalmasının "həqiqətən də görünməmiş bir hadisə olduğunu" vurğulayıb. O əlavə edib: “Antarktika bölgəsi adətən nisbətən sabit hesab edilir və başqa ərazilərdən qat-qat soyuqdur. Biz Antarktidada deyil, Arktikada dəniz buzunun bu böyük səviyyədə azalmasını görməyə öyrəşmişik”.

ÜMT bildirib ki, təkcə suyun səthinin temperaturu deyil, bütün okeanın getdikcə istiləşməsi və yüz illər boyu orada qalacaq enerji udması prosesi baş verir. Omar Baddur bununla bağlı əlavə edib: "Tropik siklonlar baş verdikdə, sahillərdə hər şey, o cümlədən balıqçılıq, həm də daxili ərazilər də təsirlənir. Bu, itkilərə, əhalinin yerdəyişməsinə və digər mənfi hallara səbəb ola biləcək güclü yağıntı ilə müşayiət olunur. Beləliklə, bu dramatik dəyişiklik, həmçinin ekstremal hava və iqlim hadisələrinin artması deməkdir”.

ÜMT ötən həftə Sakit Okeanın istiləşməsi ilə xarakterizə olunan El Nino hava hadisəsinin başladığını elan edib. İnsan tərəfindən törədilən istixana qazı effekti ilə birləşən hava şəraitinin növbəti beş ildə rekord həddə qədər isti olacağı gözlənilir. Təşkilatın rəsmiləri Cenevrədə jurnalistlərə bildiriblər ki, “biz kəşf edilməmiş ərazidəyik və El Nino irəlilədikcə, daha çox rekordların baş verəcəyini gözləyə bilərik və bu təsirlər 2024-cü ilə qədər davam edəcək”.

Maykl Sparrou bildirib ki, El Nino ilində atmosfer qatında da yüksək temperatur yaranır, çünki istilik okeanlardan atmosferə keçir. O əlavə edib: “Biz, əslində, bu prosesin başlanğıcındayıq, buna görə də El Nino ilin sonunda olacağı qədər öz təsirini göstərmədi. Beləliklə, onun hələ hərəkətə keçmədiyi halda da biz Şimali Atlantikada bu yüksək temperaturları görürük. Ən isti ilin El Nino hadisəsinin güclənəcəyi 2023-cü ildən sonra olacağı gözlənilir. Onun gücü proqnozlara uyğun şəkildə inkişaf etməyə davam edərsə, 2024-cü ildə rekord istilər ola bilər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: