Dünyanın ən dəhşətli ölüm savaşı sayılan İkinci Dünya Müharibəsində Azərbaycanın hər yerindən olduğu kimi Naxçıvandan da insanlar iştirak edib.
1941-1945- ci illər ərzində bu müharibəyə Naxçıvan Muxtar Respublikasından 30 mindən artıq oğlan və qız yola düşüb. Onların 15 min 500-ü müharibənin getdiyi bütün ərazilərdəki döyüşlərdə qəhrəmanlıqla həlak olub. Naxçıvanlı döyüşçülərdən 600 nəfəri müxtəlif orden və medallarla, bir nəfəri Şöhrət ordeninin hər üç dərəcəsi ilə, 3 nəfər isə keçmiş SSRİ-nin ən yüksək fəxri tituluna - Sovet İttifaqı Qəhrəmanı adına layıq görülüb.
NUHÇIXAN Naxçıvanın Sovet İttifaqı Qəhrəmanlarını təqdim edir :
1.Qəzənfər Qulam oğlu Əkbərov- 1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olub. 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirib. Müəllim işləyib. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna yazılıb və Tbilisi topçuluq məktəbində təhsil alıb. 1942-ci ildən döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak edib.
1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərib. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girərək bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabitini məhv ediblər. Bu döyüşdə Qəzənfər Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olur. Bu qəhrəmanlığına görə Qəzənfər Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb..
Naxçıvan Muxtar Respublikasında Q. Əkbərovun xatirəsi əbədiləşdirilib. Ona Cəhri kəndində abidə qoyulub. Adına küçə və məktəb vardır.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.