Ümummilli lider Heydər Əliyev demokratiyanın mühüm prinsiplərindən olan, xalqın istək və amallarının, prinsip və ideyalarının ifadə meydanı kimi söz və məlumat azadlığına, eləcə də medianın inkişafına xüsusi diqqət və qayğı göstərmiş, son dərəcə böyük dəyər vermişdir. Ulu Öndərimiz qeyd edirdi ki, siyasətçilər gələcək siyasəti, jurnalistlər isə gələcək nəsilləri düşünürlər.
Media haqqında qanunvericiliyin mahiyyəti
Ölkəmizdə hər bir şəxsin məlumat azadığı hüququ var. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına, hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.
Azərbaycan Respublikasında media azaddır. Ölkəmizdə media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilən Azərbaycan Respublikasının 30 “Media haqqında” dekabr 2021-ci il tarixlı Qanunu Konstitusiyamızda təsbit olunan insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquq və azadlıqların dövlət təminatını, fiziki və hüquqi şəxslərin statusu və mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ, digər əşya hüquqları və öhdəlik hüququnun təminatına uyğun olaraq media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Müasir tələblərə cavab verən bu Qanun ölkənin plüralist informasiya mühitinin gücləndirilməsinə şərait yaradır.
Qanun jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsinə, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən etibarlı şəkildə müdafiə edilməsinə və ifadə azadlığının möhkəmləndirilməsinə yönəlmiş təminat mexanizmlərinin daha da gücləndirilməsi üçün hüquqi əsas formalaşdırır. Qanunla media növləri arasında dəqiq xətt müəyyən edilib. Sosial şəbəkələr, video paylaşım platformaları, habelə bloqer və bu kateqoriyadan olan digər fəaliyyət növləri qanunun təsir dairəsinə daxil edilməyib.
Media kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və ya yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitidir. Media savadlılığı isə kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyətidir. Media haqqında qanunvericilik informasiyanın əlçatanlığının və operativliyinin təmin edilməsi məqsədilə dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyur.
Azərbaycan dövləti media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etməyə, ölkəmizdə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmağa, istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumağa, medianın inkişafını təşviq etmək və stimullaşdırıcı tədbirlər həyata keçirməy, media sahəsində rəqabət mühitini təmin etməyə, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmağa, ölkənin media məkanının təhlükəsizliyini təmin etməy və ictimai yayımın təmin olunması üçün şərait yaratmağa təminat verir.
Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət qurumlarının və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır. Bu sahədə fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır və bu fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Bu sahədə fəaliyyət azadlığı yalnız qanunvericiliklə məhdudlaşdırıla bilər.
Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək, Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.
Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma məsuliyyətə səbəb olur
Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə cərimə və ya islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə islah işləri ilə və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İnzibati xəlar qanunvericiliyinəı əsasən isə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə isə müəyyən məbləğdə cərimə edilir. Jurnalistin peşə fəaliyyətinə mane olma isə o halda məsuliyyət yaradır ki, onun jurnalistik fəaliyyəti qanunvericiyin yol verdiyi çərçivədə həyata keçirilmiş olsun.
İnzibati xətalar qanunvericiliyinə əsasən media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və ya informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki, vəzifəli və hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar.
Mülki və cinayət qanunvericiliyi müstəvisində şərəfin, ləyaqətin və işgüzar
nüfuzun müdafiəsi
Cinayət qanunvericiliyinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyətinə səbb olur. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma da cərimə, ictimai işlər, islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Mülki qanunvericiliyə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş, yayımlanmış fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi, yayımlanması hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
Media savadlılığı
Media savadlılığı, kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyətidir. Media savadlılığının artırılması məqsədilə dövlət tədbirləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) media savadlılığının artırılması sahəsində beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq edir və təcrübə mübadiləsi aparır.
Ölkəmizdə akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
Media subyekti redaksiyasının loqotipi (emblemi) olmalıdır. Media subyektinin redaksiyası yalnız bir loqotipdən (emblemdən) istifadə edə bilər. Loqotip (emblem) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan Media Reyestrinə daxil edilir.
Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər
Qanunvericiliyn tələbinə əsasən mediada dərc olunan və ya yayımlanan informasiya ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməli, dövlət rəmzlərimizə hörmətsizliyə yol verilməməli və dövlət dili normalarına riayət edilməlidir.
İrqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına və terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalı, terrorçuluğa açıq çağırışlar edilməməlidir.
Əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə və şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir. Çünki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətinm ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına və böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir. Hər bir kəsin şəxsi toxunulmazlıq və şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır.
Sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalı, faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir.
Parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə, pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir.
Hər həsin təqsirsizlik prezumpsiyası hüquq vardır. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir.
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunda nəzərdə tutulan tələblərə əməl edilməli, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunundan nəzərdə tutulan digər informasiyanın yayımlanmasına yol verilməməlidir.
Yayılması qadağan edilən məlumatlar
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun tələbinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa və zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar, dövlət sirri təşkil edən, odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə, pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid, qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən, intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla), təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar, əqli mülkiyyət hüquqlarını pozan məlumatlar, insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar badərə və qanunvericiliklə ilə yayılması qadağan edilən digər informasiyanın yerləşdirilməsinə yol verməməlidir.
İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar
Qanunvericiliyə əsasən media subyekti və jurnalist tərəfindən şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına, məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına, təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına, cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına, “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunda nəzərdə tutulan məlumatların yayılmasına və inzibati xətalar qanunvericiliyində tutulmuş sui-istifadə hallarına yol verilmir.
Məsul redaktor və ya jurnalist istintaqı aparılan, yaxud məhkəmə icraatında olan işlə əlaqədar qanunvericiliklə müəyyən edilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. Məsul redaktor və ya jurnalist məhkəmənin qərarı ilə insan həyatının müdafiəsi, ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq və ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün öz informasiya mənbəyini açıqlamalıdır.
Məlumat almaq hüququ
Media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının, bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz. Dövlət orqanları, bələdiyyələr, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında informasiyanı media subyektlərinin və jurnalistlərin yazılı və şifahi sorğusu əsasında, habelə mətbuat konfransları və ya brifinqlər keçirmək yolu ilə yaxud başqa formalarda verirlər. İnformasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Media subyektləri və jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, müəssisə və təşkilatlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən qanunla müəyyənləşdirilmiş qaydada şikayət etmək hüququna malikdir.
Təkzib, düzəliş və cavab vermək hüququ
Media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
Qanunda nəzərdə tutulmuş tələblə müraciət edilən zaman, yaxud məhkəmə qərar çıxaran zaman media subyektinin fəaliyyəti (yayımı) müvəqqəti dayandırılmışsa və ya o yenidən təşkil olunmuşsa təkzib, cavab və ya düzəliş həmin media subyektinin və ya onun hüquqi varisinin vəsaiti hesabına iddiaçının istədiyi media subyektlərinin birində dərc oluna (yayımlana) bilər. Media subyekti tərəfindən cinayət işləri üzrə icraatın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə cinayət prosesini aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə həmin media subyektinə müraciət etmək hüququna malikdir.
Təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin çap mediası subyektində nə vaxt və necə dərc olunduğu göstərilir. Çap mediası subyektində təkzib məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və “Təkzib” başlığı altında dərc olunur. Gündəlik, günaşırı, həftəlik və aylıq yayımlanan qəzetlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri-nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər.
Gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa barəsində gizli audio və ya video yazısı, foto çəkilişi aparılmış şəxsin bu materiallardan istifadəyə və ya onların yayılmasına yazılı razılığı varsa, habelə digər şəxsin Konstitusiya ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə və məhkəmənin qərarı ilə nümayiş etdirilirsə, bu halda yol verilir. Qanunun tələblərini pozaraq gizli audio-video yazılardan, film və foto çəkilişlərindən istifadə olunması və onların yayılması qadağandır.
Media subyektinə dair tələblər
Ölkəmizdə audiovizual media, çap mediası, onlayn media və informasiya agentlikləri media subyektləri hesab olunur. Media subyekti təsisçi fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalı, təsisçi hüquqi şəxs olduqda, onun nizamnamə kapitalında üstün iştirak payı (75%) ölkəmizdə daimi yaşayan ölkə vətəndaşına və ya Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalı və media subyekti fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
Ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər. Siyasi partiyalar və dini qurumlar yalnız çap mediasının təsisçisi (iştirakçısı) ola bilərlər.
Ölkəmizdə media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. Media Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır və saxlanması Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalist əgər həmin məlumat dövlət orqanlarının vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi və ya həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılmışdırsa, həmin məlumat Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, dövlət qurumlarının, bələdiyyələrin, idarə, müәssisә, təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə və ya həmin məlumat canlı yayımla efirə gedən çıxışlarda səsləndirilmişdirsə məsuliyyət daşımır.
Telefon danışıqları məhkəmədə sübut kimi qəbul oluna bilərmi?
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11.02.2015-ci il tarixli Qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi, yəni telefon danışıqları mülki işlərdə, öhdəlik xarakterli məsələlərdə sübut kimi qiymətləndirilə bilər.
“Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən bu sahədə qanun pozuntularından çəkindirmək məqsədilə prokuror vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edə bilər.
Faiq Səfərov
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
şöbə rəisi, baş ədliyyə müşaviri