Uşaqlarin tərbiyyəsində ən geniş yayılan və doğru olaraq qəbul edilən üsullardan biri də mükafat və cəza üsuludu. Son zamanlar bu üsulun təsirləri ilə bağlı bir çox araşdırma aparılaraq bu tərbiyə metodunun doğru olub, olmaması ilə əlaqəli doğru bildiyimiz, amma yalnış olan nəticələr ortaya qoyulmaqdadır.
Uşaqlarda müsbət davranış və vərdişlərin yaranması üçün mükafat verilməsi uşağı motivasiya edir. Bu motivasiya üsulu hər hansı bir işi görməsini, hətta həyəcanla və həvəslə görməsini həyata keçirir. Amma mükafat vermək dayandırıldıqda artıq uşağın o işi görməyi də dayanır. Hətta uşaq mükafata alışdığı üçün bir müddət sonra həmin mükafat belə işə yaramaya bilir. Uşağı təkrar motivasiya etmək üçün isə daha böyük bir mükafat verilməlidi ki, bu da davam etdirilə bilən motivasiya vasitəsi deyil. Uşaq mükafatla hər hansı bir davranışı və ya işi görməyə alışarsa, onda ən vacib xüsusiyyət olan, öhdəliklərinə və vəzifələrinə qarşı məsuliyyət formalaşmaz.
Mükafat bir kontrol mexanizmasıdır. Bu mexanizma isə xarici və davamlılığı olmayan motivasiyanı dəstəkləsə də, davamlılığı olan daxili motivasiyanı zəiflədir. Daxili motivasiya məsuliyyət və mühakimə xüsusiyyətlərinə dayanan bir vəziyyətdir. Xarici motivasiya isə davmlılığı olmayan qisa müddətli zövq alma istəyinə bağlıdır.
Müəllimlərin bir çoxu yaradıcı düşüncədə olan şagirdlərlə qarşılaşanda həyəcanlanır və şagirddə olan bu xüsusiyyət onlara müsbət yöndə təsir edir. Amma müəllimlər bəzi üsulların ( kontrol mexanizmalı üsulların ) tətbiqi ilə bu xüsusiyyəti zəiflədirlər. Bilindiyi kimi hər icad yaradıcı düçüncənin məhsuludu. Amma eyni zamanda həqiqi həyatda da yaradıcı işlə məşğul olanlar kantrol mexanizmasnın aktiv tətbiq edildiyi mühitdə məhsuldar ola bilmirlər. Mükafat və cəza tərbiyə üsuluna çox məruz qalan uşaqlarda isə yaradıcılıq xüsusiyyəti azalır. Məsələn, uşaq mükafat qarşılığı bir işi gördüyü zaman həmin işi mexaniki şəkildə həyata keçirərək mükafatını almağa mərkəzlənir. Yəni şagird riyaziyyatdan ev tapşırığını yerinə yetirərkən həmin məsələnin həllində əzbərçi üsuldan istifadə edərək nəticəni tez əldə etməyə çalışır. Bu da uşaqda onsuzda var olan yaradıcı xüsusiyyəti istifadəsiz qoyaraq zəifləməsinə səbəb olur. Yəni uşaqlara bir iş qarşılığında mükafat verildikdə, məqsəd o işi ən yaxşı şəkildə icra etmək yox, ən qısa müddətdə bitirib mükafatı əldə etmək olur. Halbuki, daxili motivasiya aşılanan uşaqlar öz vəzifələrini yerinə yetirərkən daha məhsuldar nəticələr ortaya qoya bilirlər.
Eyni zamanda hər hansı bir yaxşı davranışın mükafatla dəyərləndirilməsi uşağın mənəvi zənginliyinin azalmasına da səbəb olur. Belə ki yardımsevərlik hər insanın təbiətində var olan bir xüsusiyyətdir. Belə bir davranış üçün uşağın mükafatlandırılması, təbiətində var olan mənəvi dəyəri öldürür. Artıq hər hansı bir yaxşı davranış sərgilədiyi zaman onun qarşılığını gözləyir.
Əslində mükafat və cəzə üsulu həm də uşaqların şəxsiyyətlərinə, özdəyər və özünə hörmət hisslərinə zərər verir. Həqiqi sevgi bütövlükdə insanı dəyərləndirir, suni sevgi isə davranışları. Uğur qazanan uşaq uğuruyla sevildiyini, qəbul edildiyini düşündüyü üçün əslində daxilən özünü insan olaraq dəyərsiz hiss edir. Belə ki uşaqda “sevilmək üçün davamlı üğür qazanmalıyam” hissi yaranır. Bu da davamlılığı olan, bir xoşbəxtlik, yetərlilik yaratmır.
Uşağın davranışları ilə əlaqəli bir problem varsa, o problemin əsl qaynağı anlaşılmadan həll edilə bilməz. Əks halda əsl problem deyil, problemin göstəricisi aradan qaldırılmağa çalışılır. Mükafat və cəza üsulu əsl problemlə deyil, onun hər hansı gostəricisi ilə əlaqəli həll yolu axtarır. Əsl problemin öhdəsidən gəlmək istəməyənlər, mükafat və cəza üsulundan istifadə edirlər. Çünki, əsl problemi həll etmək əmək və zaman tələb edir.
Mükafat və cəza tərbiyə mühiti bir müddət sonra mühakimə mühitinə dönür. Bu mühitdə isə hər kəs qayğılı və məyusdu. Xüsusi ilə ailələr uşaqlarını qarşılaşdıraraq, müqayisə edərək onların özlərini dəyərsiz hiss etmələrinə səbəb olurlar. Bir uşağı sadəcə yaxşı davranışlarıyla, gördüyü yaxşı işlərlə və ya qazandığı uğurlarıyla sevmək suni sevgidi, şəxsiyyəti və özünəməxsusluğu ilə sevmək isə həqiqi sevgidi. Beləliklə deyə bilərik ki, əsl valideyinlik “ şərtsiz sevgi” fonunda maariflənmə və əmək tələb edir.
Günay Məmmədova
Naxçıvan televiziyasının əməkdaşı