Cəhri qəsəbəsində yenidənqurma işləri görülür - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Cəhri qəsəbəsində avtomobil yolları müasir tələblər səviyyəsində yenidən qurulur.
Hazırda qəsəbədən keçən və bir neçə kəndi özündə birləşdirən əsas yolda müvafiq mühəndis-texniki, hamarlama və bərkitmə işləri aparılır və yeni asfalt örtüyü verilir. Əvvəllər müvafiq olaraq eni cəmi 4-5 metr olan yol yatağı hərəkətin intensivliyinə, bəzən də təhlükəsizliyinə mane olurdu. Görülən işlər çərçivəsində yol yatağı genişləndirilərək 12 metrə çatdırılıb. Yeni inşa olunan yol 2 zolaqdan ibarətdir.
Qeyd edək ki, bu istiqamətdə rayonun ucqar dağ və sərhəd kəndlərindən olan Aşağı Buzqov, Yuxarı Buzqov və Gərməçataq kəndləri yerləşir.
Bununla yanaşı, qəsəbədə infrastrukturun yenilənməsi zamanı yol kənarındakı yararsız hasarlar, yardımçı tikililər də plana salınaraq sökülüb, daha uyğun mövqelərdə yeniləri ilə əvəz olunub. Həmçinin genişləndirilən yol yatağının kənarlarında suvarma sistemini təmin edən su kanalları və işıqlandırma dirəkləri quraşdırılır.
Mahmud Hüseynov