Azərbaycan diasporu Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə növbəti dəfə müraciət edib
İspaniyada fəaliyyət göstərən “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” və Barselona Azərbaycan Evi Ermənistanın mina təhlükəsi ilə bağlı beynəlxalq hüquqazidd davranışını növbəti dəfə pisləyib.
Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN-a bildiriblər ki, cəmiyyətin və Azərbaycan Evinin adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkarın bu il iyulun 13-də mina partlayışı nəticəsində xəsarət alması barədə məlumat verilib. Bu insident Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmasının davam etməsi kimi qiymətləndirilib.
Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terrorunun Azərbaycanın hərbi qulluqçularının və mülki şəxslərinin həyatını itirməsinə və ya yaralanmasına səbəb olaraq qaldığı bir daha nəzərə çatdırılıb. Bu təhlükənin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngitdiyinə, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaratdığına diqqət cəlb edilib.
İspaniya azərbaycanlıları Ermənistanın mina problemi ilə bağlı yolverilməz davranışını beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişi adlandırıblar. Beynəlxalq təşkilatları mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə çağırıblar.
Eyni zamanda Azərbaycanın texniki yardımla və minatəmizləmə təcrübəsi ilə təmin olunmasının zəruriliyi bir daha vurğulanıb.