Azərbaycan və Türkiyə hava məkanına birgə HAKİM olacaq

“İki dövlət, tək millət, tək hava məkanı” şüarı ilə qurulan “HAKİM” Hava Komanda İdarəetmə Sistemi özündə NATO standartlarını ehtiva edir

A- A A+

Müasir döyüşlərdə havadan gələcək təhlükələrin, aviasiya vasitələrinin, dron hücumlarının və raketlərin qarşısının alınması ən son texnoloji yeniliklərlə mümkündür. 44 günlük Vətən müharibəsində və ötən ilin sentyabr döyüşlərində qısa zaman ərzində Ermənistanın hava hücumundan müdafiə sistemi çökdürüldü, erməni terrorçuları üçün ən müasir hesab edilən HHM vasitələri Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildi. Təbii ki, bu hərbi üstünlüyə ən müasir hərbi texnika və vasitələrdən peşəkarlıqla istifadə edilməsi nəticəsində nail olundu.  

Ölkəmizin hava sərhədlərinin müdafiəsi və mühafizəsi işinin daha da təkmilləşdirilməsi ilə bağlı açıqlama verən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün bir neçə gün əvvəl Türkiyə və Azərbaycan ortaq “HAKİM” Hava Komanda İdarəetmə Sistemi layihəsindən danışıb. Haluk Görgün deyib ki, Egey dənizindən Xəzər hövzəsinə qədər ərazini əhatə edəcək layihə ilə hər iki ölkənin hərbi-hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək imkanı əldə edir. “HAKİM” layihəsinin şüarı Ümummilli Lider Heydər Əliyevin şüarına uyğunlaşdırılaraq “İki dövlət, tək millət, tək hava məkanı” seçilib.

Ehtiyatda olan mayor, hərbi ekspert Natiq Əlisoy yeni sistemin üstünlükləri ilə bağlı fikirlərini NUHÇIXAN-a bölüşdü. Hərbi ekspert bildirdi ki, “Bu sistem Azərbaycan-Türkiyə hava məkanının bütün istiqamət və hündürlüklər üzrə etibarlı, operativ, fasiləsiz mühafizə və müdafiəsini qat-qat rahatlaşdıracaq və hava hədəflərinin düzgün analiz imkanlarını çoxaldacaq. Bununla həm Azərbaycan, həm də qardaş Türkiyənin hava hücumundan müdafiə sisteminin radiolokasiya kəşfiyyat imkanları vahid şəkildə sistemləşəcək, məhvetmə zonaları böyüyəcək, atəş imkanları və qorunan obyektlərin himayə qatlılığı artacaq. Düşmənin bütün hava hücum, texniki kəşfiyyat vasitələrinin, uzaqmənzilli ballistik və əməliyyat-taktiki raketlərinin aşkar olunması və məhv edilməsi asanlaşacaq, döyüş işinin təşkili ən müasir səviyyəyə çatacaq”.

Əvvəllər Naxçıvanın hava hücumundan müdafiə bölmələrində xidmət etmiş hərbi ekspert Natiq Əlisoy “HAKİM” Hava Komanda İdarəetmə Sisteminin tətbiqində Naxçıvanın yeri və roluna toxunaraq əlavə etdi ki, “Azərbaycan-Türkiyə birgə sisteminin yaradılması istiqamətində coğrafi mövqeyinə və texniki imkanlarına görə Naxçıvan Muxtar Respublikasının rolu əvəzsiz olacaq.  “HAKİM” sistemi həm də Naxçıvanın hava hücumundan müdafiə sisteminin daha da möhkəmlənməsinə böyük imkanlar yaradacaq”.

Göründüyü kimi Prezident İlham Əliyevin ordu quruculuğunda Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılmasını prioritet elan etməsi hava məkanının NATO standartları çərçivəsində etibarlı müdafiəsi məsələlərini də özündə ehtiva edir. Bir sözlə bu gün 24 saatlıq uğurlu döyüş növbətçiliyi ilə hava məkanımızı müdafiə və mühafizə edən hərbi qulluqçularımızın peşəkarlığı, silah arsenalında mövcud olan müasir texnika, avadanlıq və vasitələr yeni sistemin tətbiqində öz sözünü deyəcək.

 

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: