Bakıda Milli mətbuatın 148 illiyinə həsr olunmuş konfrans keçirilib - YENİLƏNİB - VİDEO
İyulun 20-də Bakıda Azərbaycan milli mətbuatının 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfrans keçirilib.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin (MEDİA), Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşan konfrans Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransda çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid Ulu Öndər Heydər Əliyevin mediaya diqqət və qayğısından bəhs edərək bildirib ki, müstəqillik dövründə Ümummilli Liderin mətbuata verdiyi önəmin şahidi olduq. Həmin dövrdə 100 ildən artıq mövcud olan senzura ləğv edildi, mətbuat üçün yeni şərait yaradıldı. Mətbuatın özünü tənzimləməsi istiqamətində qərarlar, qanunlar qəbul edildi.
Ümummilli Liderin mətbuatla bağlı həyata keçirdiyi tədbirlərin onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdıran Rəşad Məcid vurğullayıb ki, müasir dövrdə media sahəsində islahatların dərinləşməsi, Medianın İnkişafı Agentliyinin yaranması, "Media haqqında" yeni Qanunun qəbulu dövlətimizin başçısının bu sahəyə verdiyi dəyərin ifadəsidir.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli Zəfərlə başa çatan Vətən müharibəsindən dərhal sonra Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə media sahəsində islahatların dərinləşməsi prosesindən bəhs edib. Bildirib ki, media qanunvericiliyinin təkmilləşdirilməsinin, media islahatlarının əsas məqsədi bu sahədə inkişafa nail olmaqdır və bu proses davamlı xarakter daşıyacaq.
Audiovizual Şuranın sədri İsmət Səttarov qeyd edib ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra mətbuatımız üçün də yeni dövr başlayıb. Mediamızın bu dövrünün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran İsmət Səttarov bildirib ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev mediaya doğma münasibət sərgiləyir və onun diqqəti nəticəsində mediaya sistemli dəstək göstərilir.
Daha sonra Mətbuat Şurasının sədr müavini Səadət Məmmədovanın moderatorluğu ilə “Azərbaycanın milli mətbuatı: ənənə və müasir trendlər” mövzusunda panel iclas keçirilib. İclasda “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Milli mənlik şüurumuzun oyanışı və müstəqil dövlət quruculuğunda medianın rolu”, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov “Ulu Öndər Heydər Əliyevin media islahatları: qanunvericilik və plüralizm”, Medianın İnkişafı Agentliyinin əməkdaşı Pərvanə İbrahimova “Media savadlılığı cəmiyyətin informasiya təhlükəsizliyinin vacib elementi kimi”, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli “Jurnalist peşəkarlığında xarici standartlar: beynəlxalq media qurumları ilə təmaslar və təcrübə mübadiləsi” mövzularında çıxışlar ediblər.
Konfrans işini “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızının moteratorluğu ilə “Mediada müasir transformasiya, informasiyalı cəmiyyət amili və ictimai maraqlar” adlı panel iclası ilə davam etdirib. İclasda Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzovun “Müasir Audiovizual kontent: ənənəvilik və müasirlik”, Naxçıvan Muxtar Respublikasının “Televiziya və Radio Verilişləri” QSC-nin sədri Sahil Tahirlinin “Naxçıvan mətbuatı tarixdən bu günə və müasir tendensiyalar”, “Technote” şirkətinin rəhbəri Fərid Pərdəşünasın “Süni intellekt jurnalistikanı necə dəyişir?” və “Aran” qəzetinin baş redaktoru Məhsəti Musannın “Bölgə mediasının fəaliyyətində yeni xüsusiyyətlər” mövzularında məruzələri dinlənilib.