Ölümün gözünə dik baxmaq cəsarətdir. Öləcəyini bilə-bilə bir qarış torpaq üçün geriyə baxmadan düşmən gülləsinin önünə keçərək özü ilə birlikdə onu da ölümə sürükləyəndir ŞƏHİDLƏR! Arxada kim qalar, kim acı çəkər, kim məndən sonra necə yaşayar demədən, hətta düşünməyə belə fürsət olmadan odun, alovun qarşısına nər kimi çıxanlardır ŞƏHİDLƏR! Vətən əldən getməsin deyə canını heçə sayanlardır ŞƏHİDLƏR! Şairin misraları ilə desək, “cəsarət tumunu əkənlərdir ŞƏHİDLƏR!”.Bu gün şəhid leytnant Vəli Quliyevdən yazmağı özümə borc bilirəm!.
Naxçıvan şəhərinin Qoçüstü məhəlləsindəki yaşayış evlərinin birinin qapısında ay –ulduzlu, üçrəngli bayraq dalğalanır.44 günlük Vətən müharibəsinin qəhrəman oğullarından biri şəhid leytnant Vəli Quliyevin bir vaxtlar yaşadığı evdir bura.
İndi, bu evin qapısını açıb içəri daxil olan hər kəs gördüyü mənzərənin qarşıında ehtiyatla davranr. Çünki, Vəlinin xatirələri ilə doludur bu evin divarları...qol saatı, xəncəri, zabit mundiri, hətta, körpəliyində geyindiyi bir dəst paltar da Vəlidən danışır.
1997-ci ilin isti bir yay günü, iyul ayının 20-si Culfa rayonunun Qazançı kəndində Quliyevlər ailəsində ekiz oğul övladları dünyaya gəldi. Bu oğullardan birinin adını Vəli, digərini isə Maqsud qoydular. Qardaşlar sima və xaraktercə çox bənzədilər bir-birilərinə...
İllər ötdü. 2003-cüildə Kamal bəy və Həqiqət xanımın ekiz oğulları Qazançı kəndində 1991-ci ildə şəhid olmuş Elsevər Aslanov adına tam orta məktəbdə təhsilə başladılar. Lakin, ailə vəziyyəti ilə əlaqədar olaraq qardaşlar 2009-cu ildə, 7-ci sinifdən etibarən Naxçıvan şəhəri Azər Tağıyev adına 17 nli məktəbdə təhsillərini davam etdirirlər. Onların hər ikisi hərbçi olmaq istəsə də bu şərəfli misiya Vəliyə qismət olur. Vəli Quliyev 2011-ci ildə Heydər Əliyev adına Hərbi Liseyin 1-ci kursuna qəbul olur. 2014-cü ildə oranı bitirərək Azərbaycan Ali Hərbi Akademiyasına daxil olur. 2018-ci ildə akademiyanı bitirən Vəli Ağcabədi rayon N saylı hərbi hissədə xidmətə başlayır. Daha sonra, könüllü ərizə ilə müraciət edərək Ermənistan ilə təmas xətdində olan Ağcabədinin Qiyaməddin kəndində xidmətini davam etdirir. Bir müddətdən sonra Ağcabədi rayon N saylı hərbi hissəyə dönür və bölük komandiri vəzifəsində çalışır
Doğmaları deyir ki, Vəli gülərüz idi. Ətrafına hər zaman gülüş bəxş edərdi. Yalnız bir arzusu var idi, torpaqlarımızın mənfur düşməndən azad edilməsində bir hərbiçi kimi onun da payının olması. Nəhayət,o gün gəlir. 27 sentyabr səhəri düşmən Tovuz istiqamətindəki dinc əhalini artilleriyadan,iri çaplı pulemyotlardan atəşə tutanda bütün vətən oğulları kimi silahına sarılan Vəli “Dost dosta tən gərək, tən olmasa, gen gərək”,- deyərək bölüyünü yığır başına. “Ya Qarabağ, ya ölüm!” sözləri ilə əsgərlərini döyüşə ruhlandırır. Füzuli, Suqovuşan, Zəngilan, Hadrud, Xocavənd, Qubadlı uğrunda gedən döyüşlərdə şücaətlə vuruşur. 2020-ci il oktyabrın 22-də Qubadlı uğrunda gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalır. Noyabrın 6-sı Qarabağ uğrunda əfsanəvi qəhrəmalıqlar göstərən “Naxçıvan canavarı”ləqəbli, “Aslanlar bölüyünün komandiri” Vəli sevdiyi vətən torpağının qoynuna əmanət edilir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vəli Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib, “Azərbaycan bayrağı” ordeninə layiq görülüb.
Şəhid Vəli Quliyev ilə Fərmin Əliyevin dillərə dastan bir dostluğu olub. Eyni ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olublar. Ömürlərinin 11 ilini ayrılmaz dost kimi başa vurublar. Bənzər taleləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalaraq əbədiyaşarlıq qazanıblar. Müharibənin üçüncü günü dostu şəhid olan Vəli onun qisasını alamağa anad içir. Andına sadiq qalan qeyrətli dost qisasını alaraq yanına üzüağ gedir can ardaşının. Nə hikmətsə Vəli şəhid olan gün dostu Fərminin bir oğul övladı dünyaya gəlir. Fərman bu gün atasının, əmisinin ona əmanət etdiyi vətən torpağında qürurla böyüyür.
Hər kəs onu Qarabağın müxtəlif yerlərindən, çəkdiyi şən, qürur və sevinc dolu videolarından, şəkillərindən tanıdı. Yaddaşlarda məğrur duruşu, gülən üzü, zarafatları, ümid və sevinc dolu baxışları, danışıqları, ilə qaldı Vəli. Atası möhtəşəm qələbəmizin xəbərin ondan almağı çox istədi. Amma, Vəlinin atası ilə, eləcə də bütün doğmaları ilə son danışığı oktyabrı 20-də oldu. 23 yaşından sonrakı yaşlarını cənnətində qeyd etməyi yazdı qadir Tanrı onun hərbçi taleyinə. Yaşasaydı bu gün 26 yaşını qeyd edəcəkdi bu igid oğlan. Amma, Vəli cavan ömrünü vətənin xoş sabahı üçün pay verdi. Əvəzində ölümsüzlük qazandı. Nə qədərki bu xalq , bu millət var Vəlilər yaşayacaq, yaşadılacaq!
Bir dəli gülüşün uğuntusunda,
Körpə bir uşağın qığıltısında,
Elin şad günündə, elin yasında
Şəhidlər qayıdar yenə bu yurda.
Cəsarəti və qorxmazlığı ilə seçilən şəhidim, mərdanə gülüşü şəkillərdə donub qalan Vəli mövludun mübarək! Ruhun əbədi şad olsun!
Türkanə Əmoyeva