Daxili Qoşunların Naxçıvandakı birləşməsində gənc əsgərlər hərbi xidmətə hazırlanır - FOTOLAR

A- A A+

Gənc əsgərlərin hərbi xidmətə uyğunlaşması komandirlərin peşəkarlığından asılıdır.

Gənc əsgərlərin hərbi hissələrə qəbulu, xidmətə və kollektivə uyğunlaşdırılması prosesini yaxından izləyib NUHÇIXAN-da işıqlandırmaq üçün Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində olduq. Əvvəlcə vurğulamaq lazımdır ki, qonağı olduğumuz ünvanda hərbi xidmətin nümunəvi təşkili üçün hərtərəfli şərait mövcuddur. Müasir yataqxana, yeməkxana, anbarlar və digər hərbi obyektlərlə yanaşı sıra və idman meydançaları hərbi qulluqçuların ixtiyarına verilib. Əlbəttə ki, birləşmədə yaradılan şəraitdən və mövcud olan yüksək mənəvi-psixoloji durumdan yararlanan komandirlər gənclərimizi əsl peşəkarlar kimi yetişdirməyə çalışırlar.

Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində gənc əsgərlərin hazırlığı kursuna rəhbərlik edən kapitan Arzuman Tağıyev bildirdi: “Həqiqi hərbi xidmətə çağırılan gənclərimizdə yeni bacarıq və vərdişlərin yaradılması ilə peşəkar döyüşçülər yetişdirilir. Hazırlıq prosesində əsas diqqət gənc əsgərlərin mənəvi keyfiyyətləri ilə yanaşı intizamlı olmasına, komandirlərin tapşırıqlarını, nizamnamələrin tələblərini vaxtında və dəqiq yerinə yetirmələrinə yönəldilir. Dərs və məşğələlərdə peşəkar hərbi qulluqçu kimi formalaşan gənclərimiz təyinatı üzrə daimi xidmət yerlərində uğurlu döyüş növbətçiliyi aparırlar”.

Hərbi xidmətə yenicə çağırılmış gənc əsgərlər psixoloji söhbətlərə cəlb edilirlər. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, psixoloji dayanıqlılığının təmin edilməsi məqsədilə hər bir əsgərlə fərdi söhbət aparılır. Hərbi hissənin psixoloqu baş leytenant Nihad Hacıyev gənclərlə psixoloji söhbət və testlərin aparılmasının əhəmiyyətindən danışaraq bildirdi: “Gənc əsgərin şəxsi keyfiyyətlərindən çox şey asılıdır. Sosial-psixoloji adaptasiya prosesində gənc əsgərin hansı dəyərlərə üstünlük verməsinin böyük əhəmiyyəti vardır. Hərbi kollektiv güclüdürsə, kollektivin əksər üzvləri xidməti və ictimai məsələlərin həllində aktiv olurlar. Buna görə də çalışırıq ki, şəxsi heyətin mənəvi-psixoloji durumu daim yüksək olsun”.

Daxili Qoşunların Naxçıvandakı hərbi birləşməsində olarkən bildirdilər ki, andiçmə mərasiminə hazırlıq işləri gedir və ən əsası da günün nizam qaydası ilə sıra hazırlığı məşğələləri keçirilir. Zabitlərdən baş leytenantlar Həsən Talıbov və Rahim Əhmədov, gizirlərdən Raci Novruzov, İlkin Əliyev və Malik Cəlilov gənc əsgərlərə dözümlülük, möhkəmlik, fiziki cəhətdən sağlam olmaq kimi döyüşçü keyfiyyətlərinin aşılanmasında əllərindən gələni əsirgəmirlər.

Hərbi hissənin müasir tibb məntəqəsində şəxsi heyətin müayinəsi aparılır ki, əsgərlər xəstələnməsinlər. Eyni zamanda gənclərlə xəstəlik və viruslardan qorunmağın yolları və gigiyena qaydaları haqqında maarifləndirici söhbətlər də aparılır. Hərbi hissənin feldşeri gizir Ruhin Mirzəyev bildirdi ki, şəxsi heyətin sağlam həyat tərzi üçün yaradılan şərait gənc əsgərlərin xidməti fəaliyyətini düzgün aparmasına müsbət təsir göstərir.  

Şəxsi heyətin qayğısına qalınmasında və sağlamlığında əsgərlərin düzgün və yüksək kalorili yeməklərlə qidalanması mühüm rol oynayır. Xüsusilə də yeməkləri qadınların bişirməsi qidalanmanın keyfiyyətini daha da artırır. Hərbi hissənin aşpazlarından Ulduz Məmmədova və Təranə Hüseynova əsgərlərə öz doğma övladları kimi yanaşdıqlarını və buna görə də yeməklərin qida rasionuna uyğun keyfiyyətli, sağlam və dadlı hazırlanmasına ciddi fikir verdiklərini dedilər.

Ali, orta ixtisas, peşə və tam orta məktəbləri bitirib həqiqi hərbi xidmətə yollanan gənc əsgərlərin təəssüratlarını öyrənən zaman şahidi olursan ki, hər biri Azərbaycanımızın müxtəlif bölgələrindən olsalar da, onları birləşdirən dəyər Vətənə olan sonsuz sevgidir. Gənc əsgərlərdən bəziləri Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi rayonlardan olanlardır. Əsgərlərdən Həsənxan Hünbətov və İlqar Allahverdiyev Laçın rayonundan, Samir Həsənli isə Füzulidəndir. Onların hər biri qürur və sevinclə bildirdilər ki, heç vaxt havasını udub, suyunu içmədikləri həmin torpaqlara qayıtmağın eşqi ilə yaşayırlar.

Hərbi xidmətdən əvvəl idmanla və ictimai fəaliyyətlə məşğul olmuş gənclərimiz ilkin tanışlıq prosesində özləri haqqında müsbət fikir formalaşdırmağa çalışırlar. İdmanla məşğul olub yüksək nəticələr əldə edən gənc əsgərlərdən Ağaəli Qubadov taekvando üzrə Avropa üçüncüsü və Asiya ikincisi, Murad Əliyev kikboksinq üzrə Respublika ikincisi və Dünya kuboku birincisi olub. Əsgər Fərid Yusifov özünü güllə atıcılığında, əsgər Aydın Alxanov isə cüdoda sınayıb.

Gənc əsgərlərdən Əbil Eyvazov, Əlisahib Mürşüdov, Kənan Rüstəmov hərbi xidmətdən əvvəl təhsil aldıqları ali məktəblərin ictimai həyatında, müxtəlif tədbirlərin, xüsusilə də tələbələrin təşkilatlanmasında və könüllülük proqramlarında fəallıq nümayiş etdiriblər. Mülki həyatda fəal olan gənclərimiz qazandıqları üstün keyfiyyətləri hərbi xidmətdə daha da inkişaf etdirəcəklərinə inanaraq sağlam hərbi kollektivin formalaşmasında rol oynamağa çalışırlar.

Hərbi xidmətə yenicə başlayan əsgərlərdən Orxan Məmmədli, Elməddin Novruzzadə, Şükür Zahidov, Seyfəddin Qasımzadə, İlkin Həsənov və digərləri Vətənə sədaqətlə xidmət edəcəklərinə, komandirlərin əmr və tapşırıqlarına sözsüz əməl edəcəklərinə söz verdilər. Bütün həmsöhbət olduğumuz əsgərlərin hərbi xidmətlə bağlı təəssüratları müsbət və ürəkaçan oldu.

Göründüyü kimi Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində gənc əsgərlərin peşəkar səviyyədə hazırlanması üçün hərtərəfli şərait mövcuddur. Belə şəraitə, intizamlı və peşəkar şəxsi heyətə malik hərbi hissədə hər bir gənc bacarıqlı əsgər kimi formalaşır.

 

Nəriman Nəcəfov

Hərbi jurnalist

Fotolar Aydın Çingizoğlunundur

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: