Bəzi insanlar bir iş görərkən o işin içində o qədər olur, o qədər zövq alaraq o işi icra edir ki, hətta səslənsən belə səni eşitmir. Bəzi insanlar da bir işə heç cür diqqətini mərkəzləyə bilmir. Bunu uşaqlar üçün də demək olar. Məsələn, bəzi uşaqlar dərs, ev tapşırığı etməyi heç sevməz. Onda belə bir sual ortaya çıxır: niyə məhz bəzi uşaqlar dərs və ev tapşırıqlarını zövqlə etdiyi halda, bəzi uşaqların isə sözün əsl mənasında dərs etməkdən zəhləsi gedir?
İnsanın ən təməl ehtiyaclarından biri inkişaf etməkdir. Şəxs inkişaf etdikcə gördüyü işə qarşı motivasiyası artır. Bu məsələni uşaqlara da aid etmək olar. Belə ki, uşaqlar da hər hansı dərslə əlaqəli inkişaf etdiyini görəndə onların öyrənməyə olan həvəsləri artır.
Bəs bu motivasiyanın artması üçün nə edilə bilər? Mütəxəssislər bu sualın cavabını tapmaq üçün bir sıra təcrübələr aparıblar. Bu təcrübələrdən birində uşaqlar 2 qrupa ayrılır. 1-ci qrupa səviyyələrinin çox üstündə, digər qrupa isə səviyyələrinin bir az üstündə tapşırıqlar verilib. Bundan sonra uşaqlar tapşırıqları yerinə yetirməyə çalışıblar. Təbii olaraq 1-ci qrup tapşırıqlar barədə yaxşı nəticə göstərə bilməyib. 2-ci qrup isə tapşırığı uğurla yerinə yetirib. Tapşırıqlar verildikdən sonra uşaqların tapşırığa qarşı maraqlarını müşahidə edən mütəxəssislər 1-ci qrup uşaqların tapşırığa baxdıqan sonra, onu həll etmək üçün heç bir səy göstərmədiklərini, 2- ci qrupun isə əksinə çox maraqla və səylə tapşırığı yerinə yetirdiklərinə şahid olublar.
Uşaqlarda öyrənmə motivasiyasını artıran xüsusiyyət inkişafdır. Uşaq bir işi bacardığını görəndə bilavasitə inkişaf etdiyini hiss edəndə o işdən zövq almağa başlayır. Bir işi bacarmasa, inkişaf etdiyini hiss etməsə o işdən sıxılar. Yəni uşaqlar səviyyələrinin çox üstündə olan çətin işlərdən qaçar, səviyyələrinin çox altında olan tapşırıqlardan isə sıxılar. Uşağın səviyyəsi ilə tənzimli verilən tapşırıqlar onların inkişaf etmə ehtiyaclarını qarşılayaraq, onların daxili motivasiyasını təmin edərək dəstəklənməlidir.
Bilirik ki, uşaqlar kompüter oyunlarını çox sevirlər. Xüsusilə bəzi uşaqlar bu oyunların aludəçisi olur. Təbii ki, bu vəziyyətdən valideynlər şikayət edirlər. Araşdırmalar onu da göstərir ki, uşaqların kompüter oyunlarını çox oynamasının ən böyük səbəbi, inkişaf ehtiyaclarını qarşılamaqdır. Bilirik ki, oyunlarda get-gedə çətinləşən səviyyəli mərhələlər mövcuddur. Bu səviyyələri qalxdıqca uşaq inkişaf ehtiyacını qarşılayaraq bu işdən zövq alır. Uşağın kompüter oyunlarına aludəçiliyini həll etmənin yolu onun inkişaf ehtiyacını qarşılamaqdır.
Bir uşağın ailəsi ilə əlaqəsi nə qədər zəifdirsə, o uşaq bir o qədər oyun və sosial şəbəkələrə yönəlir. Uşaqların ailəsi ilə əlaqə ehtiyacı normal qaydalara uyğun olaraq tənzimlənsə, uşaqlar öz inkişaf prosesini də tam mənasıyla həyata keçirməyi bacaracaqlar. Bunun üçün də ailə ilə uşaq arasında sağlam əlaqə qurulmalıdır. Bəs bu sağlam əlaqə necə qurula bilər? Bu əlaqənin qurulması üçün ən təməl xüsusiyyət ailə tərəfindən uşağın davranışlarına, söylədiklərinə qarşı təhlil, təqdir tərzində yanaşma, qısacası, uşağı tam mənasıyla şəxsiyyət olaraq qəbul etməkdir. Məsələn, uşaq şəkil çəkib anasına göstərəndə, ana “afərin çox gözəl olub” desə, bu ifadə uşağın inkişafını həyata keçirməz. Amma ana belə desə “Afərin fərqli rənglərdən istifadə etmisən, rəsmdə uzaqlıq və yaxınlıq məsafəsini yaxşı təsvir etmisən, eyni zamanda da bütün səhifəni doldurmusan...” və ya onun işini təqdirlə yanaşı təhlil edərək ona yön də verərək onun inkişafını həyata keçirə bilər. Məsələn, “rəsmə baxıram, burda fərqli rənglərdən istifadə etməmisən, bir az buna da diqqət etsən, daha da yaxşı rəsm alınar”.
Amma kiçik yaşlarda uşağın inkişafından daha önəmlisi, onun ailəsi tərəfindən şəxsiyyət olaraq qəbul edilməsidir. Mənəvi ehtiyaclar bu dönəmdə daha çox əhəmiyyətlidir. Ona görə də ailə və uşaq arasında “əlaqə qurmaq” daha vacibdir. Sağlam əlaqə qurulmasında əsas şərt onunla həmişə söhbət mühiti yaratmaq və uşağa verilən suallarla özünü ifadə etmə bacarığını inkişaf etdirməsini həyata keçirməkdir. Yəni uşaq icra etdiyi bir işi sizə göstərdiyində ona o işlə əlaqəli suallar ünvanlamağınız gərəkdir. Uşaq etdiyi işi anlatdıqca gördüyü o işdən daha çox zövq alır. Onun gördüyü işlə əlaqəli suallar soruşmağınız sizin o işlə, bilavasitə uşaqla maraqlandığınızın göstəricisidir. Beləliklə, uşaqla valideyn arasında sağlam əlaqə yaradılma prosesi həyata keçirilir. Bu da onun sonrakı inkişaf prosesinə birbaşa təsir göstərən əsas amillərdəndir.
Günay Məmmədova
Naxçıvan televiziyasının əməkdaşı