Günortaya yaxın Uzunoba gölü Günəşin zərrin şüaları altında par-par parıldayırdı. Sanki günəş bu gün bütün gücünü toplamış, ətrafın nur payını da bir neçə saatlıq onlardan əsirgəyib gölün üzərinə salmış, onu aydınlatmaqdan, parıldatmaqdan xüsusi zövq alırdı. Göl isə bu nəvazişin qarşısında səmanın mavisini yaşıla çalan sularına qatıb günəşin parlaqlığı altında elə bir rəng harmoniyası yaratmışdı ki, baxdıqca bu gözəllik qarşısında heyran qalırdı insan.
Cənnət bəzən gözlərimizin qarşısına gəlir, lakin biz onun fərqində olmuruq. Bəlkə də cənnətə yollanan insanlar üçün bir anlıq cənnət bu dünyaya qonaq gəlir, aparacağını da qoynuna alıb birdən qeybə çəkilir. Yoxsa hər gün gözlərimiz önündə olanlar bir anlıq nə üçün bu qədər füsun saçsınlar ki...
Uzunobaya cənnət gəlmişdi, vallah. Çimərlik ətrafındakı yaşıllıq, səmanın və günəşin sulara təması burada min bir rəng tonu yaratmışdı. Bu harmoniyanı burada istirahət edənlərin söhbətləri, gülüşləri, çal-çağırı daha da canlandırırdı, gözəlləşdirirdi...
Günəşin cənnəti Uzunoba gölünə qonaq çağırmasında bir məna gizlənirdi. Burada istirahət edənlərin heç birinin ağlına gəlməyəcək bir məna vardı həmin gün gölün sularında. Bu gözəllik nədir, heç bunu sual edən olmuşdumu, görəsən? Bu gözəlliyi duyan necə, olmuşdumu? Yoxsa hamının başı istirahətə qarışmışdı, bu gözəllik onları məst etmişdi? Nə etsinlər? Az sonra bu gözəlliyin fonunda nələrin baş verəcəyindən haradan xəbərləri olardı?..
Xəbərsizdilər, bəli. Bir az sonra hər birimizin sevdiyimiz, “həyatdır” dediyimiz, bəlkə də saatlarla, günlərlə tamaşasına dayana biləcəyimiz suyun sərt üzünü də görəcəkdik. Bu ucsuz-bucaqsız göl bizə göstərəcəkdi ki, su heç də tək baxdıqca doymadığınız dəniz, göl, çay, şəlalə, bulaq deyil. Göstərəcəkdi ki, heç bir alət olmadan dalğaları ilə musiqi səsləndirən, həzin bir nəğməni qulaqlarımıza pıçıldayan sular heç də həmişə belə nəvazişli deyil, o sakit dalğalarda, o lal sükutda bir hayqırtı var... Göstərəcəkdi ki, həm də hüsnünə aşiq etdiyi bizləri bəzən sevdasından yanına aparmaq gücündədir...
Elə bu xoşbəxtlik, səsin-küyün qulaqbatırıcı gurultusu anında birdən ətrafa o çal-çağırı donduran yeni bir səs yayılır. Bir ananın övladının sulara qərq olması ilə fəryadı başlayır. Bir andaca gözünün qarşısından kənarlaşan 13 yaşlı balasının sulara qərq olmasını gözləri qarşısında izləyən ananın fəryadı səhərdən bəri bu gözəlliklər fonunda istirahət edən insanların hər birinin həyəcanına çevrilir. Artıq hər kəs uşağın xilası üçün yollar axtarır. Onu anasına qaytarmaq, bir ananın övlad itkisini yaşamaması üçün hər kəs əlindən gələni etmək istəyir. Lakin dörd bir tərəfin su olması, tutacaq, yapışacaq bir vasitənin yoxluğu insanların çarəsizliyini nümayiş etdirir.
Kənardan heç kimin tanımadığı bir nəfər özünü şahin kimi suya atır. Artıq bu zaman ana da oğlunun yanında idi. Onu xilas edəcəkmi, bilməyəcəkmi düşüncəsini əsla ağlına gətirə bilməyən ana xilası üçün övladının yanında idi. Heç kimin tanımadığı, həyatı bahasına özünü sulara qərq edən bu şəxsi hamı sanki nəfəs almadan izləyirdi. Az sonra 13 yaşlı uşağın halsız bədəni onun qolları üzərində sahilə yol almışdı. Lakin arxada bir ana qalmışdı. Övladı üçün mübarizə edən, sularla savaşan bir ana vardı. Övladı xilas edilərkən özü sulara qərq olmada idi. Odur ki, bu aslan igid yenidən o səmtə qayıtmalı idi. Onu sulara bir uşağın-bir həyatın xilası üçün çağıran qeyrəti, namusu, vicdanı indi də ananın xilası üçün geriyə səsləyirdi. Lakin geridə tam başqa bir qarşılanma, yeni bir həyat gözləyirdi onu. Bundan xəbərsizcə igid oğlan yenidən hadisə yerinə qayıdır. Burada həm ananın xilası, həm də onu səsləyən yeni həyatla mübarizə aparmalı idi.
...Sular onu ağuşuna dartır. O isə onlardan qurtulub bir qadının xilası üçün çabalayır. Dörd bir yana əl atır, tutacaq bir dayaq nöqtəsi tapa bilmir. Qadının əlindən, qolundan yapışıb onu suyun üzərinə dartdıqca, aşağıdan daha güclü bir qüvvə onların hər ikisini özünə tərəf çəkir. Nədir bu qüvvə, nədir suların altındakı möcüzə? Bütün bunları düşünməyə vaxtı olmayan igidi yalnız bir amal düşündürür: ananı xilas edib balasına qovuşdurmaq...
Ətrafa gecə qədər qaranlıq bir sükut çöküb. Gölün dərinliklərinə doğru yol alan iki nəfəri təlaş içərisində izləyir insanlar. Nə yaxına gedə, nə kömək edə bilirlər. Gölün üzərində qorxunc bir kabus meydan sulayır. Sadəcə, kənardan seyrçi olaraq donub yerlərindəcə qalıb bu qədər insan. Gölün ortasında isə iki nəfər həyatla mücadilə edir. Bu savaş bitəcəkmi? Gölmü, yoxsa bu iki nəfərmi qalib gələcək, ətrafdakıların da, gölün suları ilə mübarizə aparan qadın və kişinin də düşündükləri yalnız bu idi...
Mübarizə isə davam edirdi. İgid qadını xilas etməyə çalışırdı. Onlar aradabir görünür, sonra yenidən gözdən itirdilər. Bir neçə dəqiqənin içərisində bu hal dəfələrlə müşahidə olunur. Lakin bir qədər sonra onlar ta görünmürlər. Deməli, onlar deyil, göl bu mübarizədə qalib gəlmişdi. Sular daha güclü olmuşdu. Onların hər ikisini böyük qüvvə ilə özünə tərəf çəkib qərq etmişdi.
Bir anda göl sanki uğuldadı. Bu, insanların təşvişdən ucalan səsləri idi. Və bir andaca da sükut o səslərin üzərinə qalın bir pərdə çəkdi. Artıq hamı əmin idi ki, onlar batdılar, xilasları mümkün deyil.
Bayaqdan bəri göl üzərində cənnət yaradan günəş də birdən-birə yoxa çıxdı. Gölün üzərinə qalın bir bulud çökdü. Bəzən təbiəti cansız, hissiyyatsız hesab edənlər olur. Lakin təbiət axı canlıdır, onun da bizim kimi 6-cı, 7-ci hissi var, əvvəlcədən hissetməsi var. Elə ona görə deyildimi həmin günün günəşinin, suların gözəlliyi də... Bütün bunlar nə üçünmüş? Sən demə buradan cənnətə doğru bir yol açılacaqmış. Həyatını ortaya qoyan, hadisədən xeyli sonra haqqında məlumat alacağımız polis nəfəri Vüsal hər kəsin gözləri önündə cənnətlə vüsal anını yaşayacaqmış. Hamı da bu anın seyrçisi olacaqmış. Həyata qaytardığı, neçə-neçə Vüsallar ardınca göndərdiyi 13 yaşlının vüsalının da, özünün cənnətlə vüsalının da şahidi olacaqmış buradakılar...
Ürəklərimizi alt-üst edən hadisədən iki gün keçib. Axşamdır. Xəbərlərə nəzər salıram. Qarşıma Prezident İlham Əliyevin Naxçıvandakı Uzunoba gölündə boğulan uşağı xilas edən mərhum polis Vüsal Quliyevlə bağlı imzaladığı Sərəncam çıxır. Sərəncama əsasən, öz həyatı təhlükə altında olduğu halda insan həyatını xilas etdiyinə görə polis baş serjantı Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilib (ölümündən sonra).
Ürəyim qürur hissi ilə dolur. İki gün öncə baş verən hadisə nə qədər ağır, kədərli idisə, Vüsalın ölümündən sonra təltif edilməsi bir o qədər qürurludur. Çünki Vüsal orada Azərbaycan polisinin rəşadətini göstərdi. Uniformada olmayan, insanların arasında ailəsi ilə birlikdə istirahət edən bir nəfərin təhlükə anında suya şahin kimi sıçraması onun cəsarəti, vətəndaş qayəsi idisə, bir də polisə məxsus vicdanı, namusu idi. Etməyə də bilərdi. Lakin içindəki vicdanla hadisəyə bir polis əməkdaşına layiq münasibəti qatdı. O, 13 yaşlı uşağı xilas etdi, lakin anasını və özünü xilas edə bilmədi. Həyatı sulara qərq oldu. Ailəsi onu itirdi. Vicdanını vəzifəsi ilə birgə insan həyatının xilasına verdiyi üçün həyata “əlvida” dedi...
Bütün bu fikirlər fonunda gözlərim önündə Azərbaycan polisinin ümumiləşmiş obrazı canlanır. Düşünürəm: bax polislərin hər biri bu cür qəhrəmandır. Dəfələrlə onların şücaətinin, igidliyinin şahidi olmuşuq. Onlar ölkəmizin əmin-amanlığını belə qoruyurlar. Asayişi belə mühafizə edirlər. Onların hər biri vətəndaşımızın xilaskarıdır. Harada təhlükə varsa, Azərbaycan polisi oradadır. Vəzifə başında, təhlükəsizlik axtarışında, xilasetmədədir. Gecəsi-gündüzü, istirahət saatı yoxdur onların. Daim iş başındadırlar. Vüsal kimi onların hər biri bizim üçün canlarından keçərlər. Çünki damarlarında azərbaycanlı qanı axır, həm də müstəqil ölkəmizdə yetişmiş vətənpərvər gənclərdir.
Onlar DİN-in 100 illik yolunu fəth edə-edə gəliblər. DİN-in təlimləri ilə nümunəvi polis əməkdaşlarına çevriliblər. Odur ki, Azərbaycan polisini sevirik, onlara böyük sayğı və hörmətimiz var.
...Vüsal, səninlə qürur duyuruq. Sən əsl polis nəfərinin obrazını yaradıb, gənclərimizə nümunə qoyub dünyadan köçdün. Ailən bizə, dövlətimizə əmanətdir. Sənin haqqında hələ uzun illər danışacağıq. Çünki sən özün haqqında qürurlu bir tərcümeyi-hal yazdın.
Su həyatdır, gözəllikdir, romantikadır... Lakin həm də ölümdür, fəlakətdir... Bunu əsla unutmayaq. Hər il neçə-neçə insan həyatı dalğalarda sonlanır. Vüsalın, 13 yaşlı uşağın anası Səadət xanımın həyatı kimi. Belə isə okeanları, dənizləri, gölləri, çayları, şəlalələri, bulaqları sevdiyimiz kimi, həyatımızı onlardan da çox sevək, qoruyaq. Çünki yaşamaq gözəlliklərə baxmaqdan, gözəlliklər içərisində olmaqdan daha gözəldir...
Mətanət Məmmədova