Yer üzü insana binə olandan Adəm övladını düşündürən bir məsələ var: ölüm və ölümsüzlük. İnsan oğlu beşiklə məzar arasındakı zaman kəsiminə həyat deyib, ölümdən sonrakı həyatın olduğuna inanıb. Baqi (əbədi, daimi) olmaq istəyi və ölüm qorxusu insanı abi-həyat (dirilik suyu), sehirli alma axtarmağa, nağıllar, əfsanələr yaratmağa vadar edib. Müxtəlif inanclar, təfəkkürlər, fəlsəfələrin min illərdir davam etdirdiyi bu axtarış hələ də ölümə çarə tapmayıb. Fərqli mifik düşüncələrdən qaynaqlanan, filosofların fərziyyələrindən doğan ölümsüzlük əslində ölüm qorxusunu yenmək, ölümdən sonra yenidən doğuluşun varlığına inandırmaq baxımından yaxşı motivasiyadır. Ancaq qorxunun əcələ faydası nə. “Bütün yaradılanların hamısı bir gün ölümü dadacaqdır” (Qurani- Kərim, “Ali İmran” surəsi, 185-ci ayə).
Bəs qayğılı insanın qayğıkeşi olan ədəbiyyat necə, öz yaradanını bu qədər düşündürən bir məsələyə biganə qala bilərmi? Əsla...
Ən qədim dövrlərdən üzübəri Qərb və Şərq fəlsəfəsinin ən əski bədii düşüncəsində belə ölüm özünü göstərib. Doğrudur, bu problem dini təlimlərdən və inanc sistemindən asılı olaraq müxtəlif yanaşmalarla işlənib. Bilqamısın, Dəli Domrulun, Makedoniyalı İsgəndərin ölümü qəbullanmaması, ölümə etirazı, ölümsüzlük arayışını labüdləşdirir. Həyat və ölüm arasındakı tərəddüdlər metafizik təfəkkürün hüdudlarını aşır. Mif və folklor təfəkküründə ölümü dərk və qəbullanmaq, yaradan kultunun dərkinə gətirib çıxarır.
Klassik və müasir ədəbi təfəkkürdə, eyni reallığı bizə fərqli yollarla çatdırmağa çalışıblar. Reallıqsa bəllidir. Əgər bu dünyadan o dünyaya salam yetirib, o dünyadan bu dünyaya salam gətirə bilmiriksə, deməli, heç bir fəlsəfi fikir bəşəri düşüncədə sabitləşmir. Bu mövzuda ölümsüz olan ədəbiyyatın, əsrlərdir işlənən və əsrlər sonra da işlənəcək “ölüm fəlsəfəsi”dir.
Klassik ədəbiyyatımızda və bu təsirdə formalaşan ədəbi coğrafiyada ədəbiyyatın ölüm fəlsəfəsi olduqca geniş işlənən mövzudur. Ayrı-ayrı şairlərimiz ölüm faktoruna müxtəlif prizmalardan yanaşmaqla lirik fəlsəfi düşüncənin də inkişafına xidmət ediblər. Eyni zamanda bu məqam qədim yaradıcı ənənələri yaşatmaqla daha da zənginləşdirən müasir ədəbiyyatımızda da işlənməkdədir. A.Şaiq, H.Cavid, C.Cabbarlı, S.Vurğun, N.Xəzri, B.Vahabzadə, X.R.Ulutürk, C.Novruz, M.Araz, V.Səmədoğlu, M.Aslan, R.Rövşən, N.Kəsəmənli, Z.Yaqub və başqa adını çəkmədiyimiz onlarla sənətkarın yaradıcılığında ölümlə bağlı nümunələr var. Daha çox müzakirə mövzusu olacaq XX əsr poeziyasına baxsaq, buna bir daha əmin ola bilərik.
Əsasən uşaq şeirlərinin müəllifi kimi tanıdığımız A.Şaiq yaradıcılığında belə “ölüm” düşüncəsi mövcuddur. Şairin “Ölümə həcv” şeirində sanki gözlə görünən ölümün bədii əksi canlandırılır:
Ey ölüm, oy, nə yaman siman var:
Qaşqabaqlı, qara, çirkin, yassar.
Gözünün hər biri bir alma dərir,
Dişlərin it kimi cəmdək gəmirir.
Və ya
Necə iyrənc, nə qədər çirkinsən!
Həm də qorxaq, əməzik, miskinsən!
Qorxuduymaz ürəyim var, bunu bil!
Qorx sənə mən kəsilim Əzrail!
-deməklə ölümə meydan oxuyur. Əlbəttə, şairə bu düşüncəni verən mifik yaddaşdan süzülüb gələn stereotiplərdir.
Ədəbi-fəlsəfi düşüncəni zənginləşdirən “ölüm” konsepsiyası haqqında fikrimizi əsaslandırmaq naminə filosof şairimiz H.Cavidin “Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli” misralarına nəzər salaq. Şairin misralarında həyat və ölüm anlayışı fəlsəfi biçimdə bədii müstəviyə gətirilib. Məsələ ölümü zinətləndirmək, ya da nicatı yaşamaqda görmək deyil. Məsələ ölümdən daha ucuz həyatı yaşamamaqdadır.
XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı tarixində söz bahadırlarından ibarət bir ordunun yarandığı dövr kimi xarakterizə oluna bilər. Sözügedən dövrün ictimai-siyasi mənzərəsi həmin bahadırların məhvinin və ya susdurulduğunun əksi kimi tarixin yaddaşına düşüb. Silahdaşların bir-bir azalması, ideologiya qurbanına çevrilməsi bərabərində ədəbi prosesə bir ölüm havası gətirmişdi. Əfsus ki, ölümü dadanlar təkcə cismində ruh daşıyanlar deyildi. Cansızlar da ölüm xofu yaşayırdı. Bu ölümlər şeirin, sənətin, qələmin, xalqın mübarizə əzminin ətrafını sarmışdı. M.Müşfiq C.Cabbarlının müəmmalı ölümündən təsirlənərək yazdığı “Şairin ölümü” şeirində buna işarə edirdi. Çünki aydınlar üçün şeytanın gizləndiyi yer bəlli idi. Hakimiyyət böyük yazara təntənəli vida mərasimi təşkil etsə də...
Öldü Balaşları öldürən əsgər,
Öldü Gülüşləri güldürən əsgər.
Öldü eşidincə, Almaz ağladı,
Sanki Kür dayandı, Araz ağladı,
Öldü İmamyarın paxrını açan,
Yaşarın yoluna işıqlar saçan.
Öldü Salamovu öldürən yoldaş,
Öldü Ağamovu öldürən yoldaş.
Fəqət ölən deyil onun sənəti!
Bağlamış adına əbədiyyəti.
Poeziyada xüsusi fəlsəfi ağırlıq daşıyan, ölümü ölümsüzləşdirmək, qocalıq mövzusu B.Vahabzadə yaradıcılığında da qırmızı xəttlə keçir. Onun “Tabut gedir”, “Ölümə gedəndə”, “Həyat-ölüm”, “Deyilmi”, “Olum, ya ölüm?”, “Şairləri öldürdülər”, “Yavaş-yavaş” və adını çəkmədiyimiz onlarla lirik-fəlsəfi yük daşıyan şeirində ölümün qaçılmaz bir reallıq olduğunun, sonun insan oğlunda yaratdığı təlaşın bədii mənzərəsi yaradılır. Şair təfəkkürünün təcəssümü kimi pərvazlanan misralar oxucunu ölümün haqq olduğuna, ölümün bir o qədər də qorxunc bir şey olmadığına inandırmaqla paralel, həm də onda həyat eşqi, inam oyadır. Ölümü gözəlləşdirməyin yeganə yolunu mənalı və layiqli yaşamaqda görür:
“Bu dünya beş gündür” - deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var. (B.Vahabzadə)
Kimin günahı var, kimin ahı var,
Dünyanın nə qədər pis sabahı var.
Hamısına, hamısına şairlər bais!
Güllələyin şairləri! Sonra diz çökün!
Vaqif Bayatlı demişkən, günahsız, səbəbsiz ölümün dərki və adiləşməsi çağdaş düşüncədə ölüm və tanrı tandemini aktuallaşdırdı.
Bəzən də elə olur ki, poetik nümunələrdə yaşamın gerçəkliyi ilə dini inanclar qarşılaşdırılır. Və ya monoton, ağır həyatın əzablarından doğan ölüm gözləntisi şairə ruh verir. Bu məqamın özü də iki əsas nüansla diqqəti cəlb edir. Birincisi, ölümdən sonrakı məchul həyat, ikincisi, ölüm gerçəkləşdikdən sonra geridə qalanlar. Fikrimizcə, insanı daha çox düşündürən özünün aqibəti deyil, geridə qalanlardır. V.Səmədoğlu yaradıcılığında bir nümunə əsaslı arqument olar:
Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?
Və ya
Nə barım var, nə barxanam,
Ömür yükü saxlamağa.
Allah! Məni yarı öldür,
Yarı saxla ağlamağa.
V.Səmədoğlunun başqa bir şeirində həyatla mübarizədə ölümü dəfələrlə yaşamağın, ölümü müdrikcəsinə dərk edib, ölümü yorub, ondan qorxmamağın bədii əksini görürük:
Yağış yerə yetə bilmir,
Külək tozu ötə bilmir.
Ömür zalım bitə bilmir,
Ölüm, yaman yordum səni,
Orda-burda vurdum səni,
Qaça-qaça, addım-addım
Ölüm, səni çox yaşadım...
Əgər sırf poeziyada S.Vurğun öz yaradıcılığında ölümə məhkəmə qurursa, (Ölümün məhkəməsi), M.Araz ölümü qələmlə qorxudursa (Ölüm qorxur qələmdən), yaxud Nüsrət Kəsəmənli insanın doğuluşu ilə ölümü arasındakı ömrü ölümə gedən yol adlandırırsa (Ölümə gedən yol), M.Aslan həyatda yaşanan bəzi acı gerçəkləri ölümdən də dəhşətli sayır: (Ölümdən-ölümə).
Mən ölümdən qayıtdım-
Yenə ölüm içinə,
Gedib-gedib dönmüşəm-
Öz əcəlim içinə. (M.Aslan).
Poeziyamızda olum və ölüm anlayışı ən müxtəlif biçimdə işlənib. Bəzən elə olur ki, ölüm cəza olur, bəzən həyatın sonu, bəzən də sonun başlanğıcı kimi öz lirik-fəlsəfi məzmununu ortaya qoyur. Hətta ölümlə bağlı bəzi şeirlərdə ölümə rəğbət belə duyulur. Əslində ölüm xofunun əbəs olduğu ön plana çəkilir. Bu nöqteyi-nəzərdən Xalq şairi Ramiz Rövşən yaradıcılığnda kifayət qədər bədii nümunələr var:
Bir ölüm havası dəydi üzümə,
Nə gözəl, nə sərin havaymış, Allah.
Sən demə, ürəyim ölümdən ötrü
Darıxan bir bomboş yuvaymış, Allah.
Və ya
Nə davadan balan gəldi,
Nə evinə gəlin gəldi.
Aç qapını Ziba nənə,
Gözün aydın, ölüm gəldi.
-kimi bədii nümunələrdə ölümə məhrəmlik hissi aşılanır. Eləcə də “Dur qazan as, ölüm acdır, deyəsən”, “Çıx qapıya, ölüm küsüb getməsin” kimi misralarla doğuluş kimi ölümün də insan övladı üçün olduğuna işarə vurulur.
Ədəbi prosesin müxtəlif dönəmlərində məzmun təkrarlana bilir. Lakin bu o demək deyil ki, fərqli baxış yoxdur. Məsələn, Cavid əfəndinin “Şeyx Sənan” əsərində əsas qəhrəmanların ölümü xilas yolu görmələrini bilirik. Şeyxin Xumara “Söylə əmrin nədir?” sualına “Xilas olmaq” cavabını alması, xilasınsa haqqa doğru uçmaqla gerçəkləşməsi ruhun haqq dərgahında azadlığına bir işarədir. Ən müasir poeziyada da bu yanaşmalara rast gəlinir. Sərvər Şahbəylinin “Gözəl ölüm” şeirində ölümlə ruhun azadlığa qovuşması məqamını görə bilirik:
Xoş gəlmisən aparmağa,
Qadan alım, gözəl ölüm.
Bir gün gözəl yaşamadım,
İcazə ver gözəl ölüm.
Və ya
Xoş gəlmisən, gözəl ölüm,
Dünya məhkum təzadlığa.
Gəl bu qəddar zəmanədən,
Çıxart məni azadlığa (S.Şahbəyli)
Ədəbiyyatın ölüm fəlsəfəsindən danışarkən Xalq şairi Z.Yaqubu da xatırlamaq yerinə düşür. Xüsusən, onun yaradıcılığının son dönəmlərində ölümə bədii don biçən şeirlər daha çoxdur. Şairin təfəkküründə insan oğlu bələklə kəfən arasındakı zaman yolçusudur:
Beş-altı gün yas paltarı geyəllər,
Hərdən yaxşı, hərdən yaman deyəllər.
Ehsanımı şirin-şirin yeyəllər,
Qırxa qədər yeddi mənim, üç mənim.
Qələm alsın başdaşımı yazanlar,
Bel götürsün məzarımı qazanlar.
Ay Zəlimxan, ağı desin ozanlar,
Kəfən mənim, karvan mənim, köç mənim.
Bu günə qədər qələmə alınan bütün “Ölümlərin” fonunda bir də söz sənətimizin ölümsüz obrazları var. Hansı ki, bu qəhrəmanlar ölümləri ilə ölümsüzləşiblər. Onlar nə abi-həyat tapıb, nə də sehirli almanı dişləyib. Bu qəhrəmanlar şəhadət şərbətini içənlərdir. Öz ölümləri ilə ölümsüzləşənlər ədəbiyyatın əbədi yolçuluğunun yoldaşlarına çevriliblər:
Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır.
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır,
Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!
“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 154-cü ayə).
Min illərin poeziyasında ölümün qaçılmazılığı, ölümün doğmalığı, ölümün haqq olması, ölümün məhrəmliyi, ölümün bəşər üçün ən böyük səadət olması və s. kimi çoxsaylı fikirlər sıralanıb, təkrarlanıb, fərqli şəkil, məzmun qazanıb, amma dəyişməyən bir reallıq var – Ölüm! Ədəbi-fəlsəfi düşüncəni daha çox məşğul edən ölüm, bəlkə də, reallıq, qaçılmaz son olduğu üçün gözəldir, məhrəmdir və belə də qəbul olunub. Necə ki Y.Səmədoğlu “Qətl günü”ndə deyirdi: “Ölümə xoş gəldin”!
Əhməd Əhmədov
Naxçıvan televiziyasının əməkdaşı