Naxçıvanda tikinti sektorunda yeni layihələr icra olunacaq - VİDEO
Ölkə prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” bir-birindən əhəmiyyətli layihələrin icrası ilə yadda qalacaq. Dövlət proqramına əsasən şəhərlərin baş planının hazırlanması və müasir infrastruktur quruculuğunun nəzərdə tutulması diyarımızın sürətli inkişafına öz töhfəsini verəcək.
Müstəqillik tariximizin Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulan ən böyük layihələrindən olan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” həm Naxçıvan şəhərinin, həm də diyarımızın digər bölgələrinin inkişafına böyük stimul olacaq. Sözügedən Dövlət Proqramında yaşayış komplekslərinin, sosial yönümlü obyektlərin müasir memarlığın tələblərinə uyğun şəkildə tikintisinin aparılması nəzərdə tutulur.
NUHÇIXAN xəbər verir ki, artıq proqramın icrası ilə əlaqədar bir sıra işlərə də başlanılıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iyulun 13-də Naxçıvan şəhərində yeni “Ümid” yaşayış kompleksinin açılış mərasimindəki çıxışında həyata keçirilməsi nəzərdə tutulan işlərin bir qismi barədə muxtar respublika ictimaiyyətinə ətraflı məlumat verib.
Belə ki, Naxçıvan Dövlət Xalça Muzeyi üçün yeni bina, 1000 yerlik yeni məktəb binası inşa olunacaq, Naxçıvan və Ordubad şəhərlərinin tarixi hissəsi yenidən qurulacaq, Naxçıvanda Qızlar bulağı, Əcəmi seyrangahı, Möminə xatun türbəsi, Mərkəzi bazar və Bazarçay gölünün ətrafında da yeni layihə ilə işlər aparılacaq.
Həmçinin səlahiyyətli nümayəndə Ordubad şəhərinin “1 küçə - 1 ölkə” konsepsiyası ilə yenidən qurulmasını, Ordubad şəhərindəki tarixi “Sahil” mehmanxanasının yenidən inşasının və Ordubad şəhərinin “Sərşəhər” məhəlləsinin orijinallığı saxlanılmaqla bərpa edilməsinin nəzərdə tutulduğunu qeyd edib. Bu işlərin davamı olaraq əhalinin nisbətən azgəlirli təbəqəsi üçün də iş yerlərinin açılması istiqamətində tədbirlər görüləcək. Əliabad qəsəbəsində 3 min mənzillik yeni yaşayış kompleksi layihəsi hazırlanır və yaxın zamanda bu layihənin icrasına başlanılacaq.
Qeyd edək ki, əvvəlki illərdə muxtar respublikada tikinti işləri aparılarkən nöqsanlar buraxılıb, inşaatda funksionallıq və memarlıq işi lazımi səviyyədə olmayıb. Ötən günlərdə baş verən güclü yağışlar zamanı bir sıra binalarda yaranan problemlər də bunu deməyə əsas verir. Həmçinin Babək rayonunun Hacıvar kəndində məktəb binası yeni tikilsə də, layihələndirməsi düzgün aparılmadığından sökülüb. Kənddə müasir tələblərə cavab verən yeni bina inşa olunacaq. Bu məsələlərə də toxunan Fuad Nəcəfli bildirib ki, bu gün hazırlanan yeni layihələr isə elmi yanaşma və qanunvericiliyin tələblərinə əsaslanır.
Bununla da muxtar respublikamızda müasir memarlıq üslubunda inşa olunması nəzərdə tutulan səhiyyə, təhsil və mədəniyyət ocaqları, eləcə də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hesablanan yeni yaşayış komplekslərinin salınması diyarımızın inkişafına və bütün sahələrdə keyfiyyət əmsalının yüksəldilməsinə öz töhfəsini verəcək.
Xosrov İbrahimov