Suyun yaddaşı var, deyirlər. Biz bütün dualarımızı suya deyib içər, arzularımızı və yuxularımızı suya danışar, sevgimizi, sirrimizi suyla paylaşarıq.
...Amma niyəsə 1989-1993-cü illərdə belə olmadı. Kimlərsə Həkəriyə bütün qarğışları etmiş, sanki bu torpaqdan soyunuz qurusun demişdi.
O zaman olanlara Həkəri şahiddir...
Yaddaşında bu günə qədər hər bir detalı saxlayıb. Saxlayıb ki, bugünkü nəsillərə yenidən həmin prosesləri anlata bilsin. 1989-1993-cü illərdə Qarabağda yaşayan erməni azlığın silahlandırılmasına başlandı. Saqqallı quldur dəstələri bu çayı adlayaraq sanki Azərbaycan xalqının qanına susamışcasına Qarabağda yaşayan həmin azlıqla birləşərək dinc əhaliyə, Laçının, Kəlbəcərin, Şuşanın.... doğma sakinlərinə hücum etməyə başladılar. Bugünkü həmin Vaqif Xaçaturyan kimi içi bilməm hansı kinlə dolmuş cəlladları silahlandırdılar. Onlarsa qəddarcasına qırğınlar törətdilər. İnsanları doğma torpaqlarından didərgin saldılar, anaları balasız, ataları övladsız ailələri başsız qoydular.
Bu olanları isə sakit-sakit axaraq Həkəri izlədi...
Amma sadəcə izləyə bildi. Bir dəfə də olsun coşmadı, heç suyu da köpürmədi. Pis orasıdır ki, bu çay da elə Araza qovuşur, bütün kinini, nifrətini, kədərini Araza tökür. Araz isə hər zaman həsrətimiz, həm də şahidimiz olub. O, Cəbrayılın, Zəngilanın, dədə-baba torpaqlarımız olan Qafanın sahillərini yuya-yuya bütün evləri boş qoydu, insanları didərgin saldı. Araz sanki erməni quldurları ilə birgə hərəkət edirdi.
Bu olanlara Araz da lal qaldı, illər boyu...
Bütöv Azərbaycandan qopardılar Naxçıvanı, doğma Qafandan tarixi torpaqlarımızdan didərgin saldılar qardaş-bacılarımızı. Həmin dönəmdən - XVIII əsrdən Qafqazın "boz ayı"sı "parçala, hökm sür" siyasətini bölgəyə tətbiq etməyə başladı. Həmişəki kimi, əl-ayağını yağlayıb ağalarına nökərlik edənlər də öz mövqelərini saxlayırdılar. Ona görə də ən böyük mükafatlarını aldılar ağalarından. Özlərinin “yarım müstəqil - tam asılı” dövlətlərini qurdular. Naxçıvanı birləşdirən həmin o polad yolları bağladılar. Bu bağlı yollar isə həm də illərdir ki, bizi Nüvədiyə, Mehriyə, Qarsevənə həsrət qoyub. Həmin sahilləri isə hər zaman Həkəri suyu ilə qarışan Araz yuyub, şahidlik edib. Bu gün, görəsən, peşmandırmı həmin o yolların polad raylarını söküb "saqqalı mollalar"a satan dığalara şahidlik etdiyinə görə?! Bəlkə də, peşmandır, çünki bu gün o azad Azərbaycanın sahillərini yuyur. Özü də bilir, yaddaşı var axı, bilir ki, o yollar yenidən qovuşur. O polad yollar yenidən tikilir. Yenidən o sevinclər yaşanacaq.
Axı Araz şahiddir...
Çünki ona tökülən Həkəri də bu günlərdə hər şeyi yenidən xatırlayır, axı üzərində həmin körpünü daşıyır. O körpü ki düşmənə göz dağıdır. Laçından ölkəmizə daxil olanların “qırmızı xalatına” kimi yoxlanılıb keçdiyi ərazidir ora. Ora vüqarlı Azərbaycan əsgərinin məğrur dayandığı yerdir. Ora həm də Avropanın ikili standart tətbiq etməyə çalışdığı, təxribatlarla qeyri-leqal "humanitar yardımların" keçirilməsinə cəhd edilən yerdir.
Əminəm ki, bu olanlara da Həkəri şahiddir...
Laçın Sərhəd Buraxılış Məntəqəsinin ətrafı– Həkərinin sağ qıyıları düşmənin boylandığı, amma ağzının üstündən dəmir yumruq yediyi yerdir. Çünki Ali Baş Komandan İlham Əliyev istər Ermənistan rəhbərliyinə, istərsə də Qarabağda olan xunta rejiminə sülhün və yaşamağın yerini və yolunu göstərib. İstəsələr, nə yaxşı, istəməsələr, nə yaxşı. Bu gün beynəlxalq müstəvidə güc faktoru üstünlük təşkil edir. Azərbaycan isə hər gün siyasi gücü ilə iqtisadi gücünü birləşdirərək bütün imkanları genişləndirir. Vaxt var ikən bu "yan"lar yerini və yolunu özləri üçün müəyyən etməlidirlər. Yoxsa gələcəkdə Həkəri daha başqa məsələlərə də şahidlik edə bilər. Heç coşmadan, köpürmədən, nə də olsa sakit-sakit prosesləri izləməyi yaxşı bilir axı...
Nicat Quliyev
Naxçıvan televiziyasının baş redaktoru