Meşəli hadisələri Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı soyqırımı cinayətlərinin bir epizodudur
Meşəli kəndində baş verən soyqırımı erməni silahlı birləşmələri tərəfindən 1989-cu ildən 1992-ci ilədək Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı soyqırımı cinayətlərinin bir epizodudur.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan hərbi prokurorunun böyük köməkçisi İsmayıl Əliyev “Real” televiziyasında yayımlanan “Real intervyu” verilişində deyib.
Onun sözlərinə görə, həmin cinayət hadisəsi ilə əlaqədar cinayət işi başlanaraq ilkin istintaq hərəkətləri aparılsa da, döyüş şəraitində istintaqı başa çatdırmaq mümkün olmayıb, lakin istintaq uğurla davam etdirilib. Müəyyən edilib ki, Xaçaturyan Vaqif Çerkezoviç qanunsuz erməni silahlı birləşməsinin digər üzvləri ilə birlikdə Xocalı rayonunun Meşəli kənd əhalisinə silahlı hücum edərək 25 nəfəri qətlə yetirib, 14 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirib və 338 nəfər şəxsi heç bir qanuni əsas olmadan yaşayış yerindən didərgin salıb.
İsmayıl Əliyev, həmçinin bildirib ki, Vaqif Xaçaturyanın həmin cinayəti törətməsi şahid və zərərçəkmiş şəxslərin ifadələri ilə tam sübuta yetirilib. 2013-cü ildə Vaqif Xaçaturyan Meşəli soyqırımı ilə bağlı başlanmış cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. V.Xaçaturyanın axtarışı istiqamətində həmin vaxtdan beynəlxalq təşkilatlarla danışıqlar aparılıb, 2023-cü il iyulun 29-da Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd buraxılış məntəqəsində saxlanılıb.