“Gəmiqaya” Tarix-Bədii Qoruğu və Muzeyi ərazisində qanunsuz heyvan otaran şəxslər cərimələnib - VİDEO
NUHÇIXAN xəbər verir ki, Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı və Gəmiqaya Tarix-Bədii Qoruq Muzeyi ərazisində qanunsuz heyvan otaran şəxslər cərimələnib. Bu cür dəyərli antik mədəniyyət abidəsinin diqqətdən kənarda qalması ilə bağlı videogörüntülər sosial şəbəkələrdə də paylaşılıb və sosial şəbəkə istifadəçilərinin narahatlığına səbəb olub.
İyul ayının 29-da Bist, Biləv, Nəsirvaz kənd sakinləri Azər Həsənov, Rəsul Quliyev, Mahmud İmanov və Oktay Almuradov iri və xırdabuynuzlu mal-qaralarını Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının və Gəmiqaya Tarix-Bədii Qoruq Muzeyi ərazisinə otarmaya buraxıblar. Bura qoruq ərazisi olduğuna görə, həmin şəxslərin bu hərəkəti qanunauyğun deyil.
Qeyd edək ki, milli park və qoruq ərazisində məlumatlandırıcı nişan və lövhələr yoxdur. O cümlədən buraya yaxın ərazidə otarma aparan şəxslər maarifləndirilmir. Həmçinin əraziyə nəzarət olunsa da, gecə saatlarında qoruq ərazisi qorunmur və bu kimi xoşagəlməz hadisələr baş verir. Bu da ərazidəki bitki genefondunun məhv olmasına, eyni zamanda ərazidə məskunlaşmış vəhşi və nadir heyvanların digər ərazilərə miqrasiyasına şərait yaradır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə görə, bu kimi hallar üçün 400 manatdan 600 manatadək cərimə nəzərdə tutulur.
Artıq ərazidə mühafizə yegerləri ayrılıb, o cümlədən Gəmiqayada müşahidə kameraları və xəbərdarlıq lövhələrinin quraşdırılması planlaşdırılır. Çox təəssüf ki, bu cür dəyərli antik mədəniyyət abidəsi Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Turizm Departamenti, hətta AMEA Naxçıvan Bölməsinin yadına düşmür. Bu səbəbdəndir ki, ərazidə bir neçə il əvvəl tikilən Gəmiqaya muzeyi də fəaliyyətsiz qalıb. Bu günlərdə çəkilən bu videogörüntülər sosial şəbəkələrdə də paylaşılıb və sosial şəbəkə istifadəçilərinin narahatlığına səbəb olub.
Qeyd edək ki, hazırda faktla bağlı inzibati araşdırma aparılır.
Turab Hacızadə