Böyük potensialın qarşısını alan dəyərsizlik hissi

A- A A+

Uşağa və ya böyüyə edilə biləcək ən böyük pislik onun varlığını təsdiqləməmək, ona özünü dəyərsiz hiss etdirməkdir. Bu iki ünsür davranış pozğunluqları və ən vacib mənəvi ehtiyac olan “aid olma” əskikliyini bərabərində gətirir.

Dəyərsizlik hissi və yaxud dəyər hissinin itirilmə səbəbi uşaqla qurulan əlaqə ilə, münasibət ilə birbaşa bağlıdır. Dəyərli hiss etdirmə şərtsizdir, müəyyən bir məqsədə bağlı deyil və ən önəmli faktoru təbiilik və səmimilikdir.

Məsələn, uşağı parka aparmaq, əslində, vasitə istifadə edərək “sən mənim üçün çox dəyərlisən” duyğusunun ifadəsidir. “Səninlə birlikdə zaman keçirməkdən zövq alıram”ın isbatıdır. Bir növ həmin uşağın duyğularına yönəlmiş xitabdır.

Lakin valideyn parkda uşağın əyləncəsinə qoşulmaz, əlindəki telefonla ya da başqa bir işlə məşğul olarsa, bu, uşaqda əyləncə atraksiyonlarına qarşı marağı azaldar. Bunu görən valideyn “əziyyət çəkib gətirmişik, oyna, daha nə istəyirsən?” desə, belə halda uşaq dəyərlilik deyil, dəyərsizlik hiss edəcək. Çünki valideyn fiziki olaraq orada olsa da, ruhən uşaqla deyil. Sadəcə uşağın istəklərini yerinə yetirərək onun başını qatmağa çalışır.

Əslində əyləncə mühitləri, kafedə yemək yemə, təbiətdə vaxt keçirmək, uşaq parklarına getmək və s. bunlar hər biri vasitə ünsürləridir. Valideyn bu vasitələrdən düzgün üslubda istifadə etməyi bacarmasa, uşaqla mənəvi bağ yarada bilməsə, övladında dəyərlilik hissi yarada bilməz.

Bunu da qeyd etmək lazımdır ki, uşağa dəyərli olduğunu hiss etdirmək üçün mütləq vasitələrdən istifadə etməyə ehtiyac yoxdur. Bəzən uşaq valideyni ilə beş dəqiqə oturub gözəl bir söhbət etdiyində də özünü dəyərli hiss edə bilər.

Bəzən vicdan əzabı çəkən valideynlər, uşağına yaxşı valideyn olmadığını düşünən ana-atalar “səni alış-verişə aparımmı?”, “sənə sevdiyin kompüter oyununu alımmı?” deyə davamlı vasitələrdən istifadə edərək uşağına dəyər verdiyini göstərməyə çalışır. Uşaq belə hallarda istədiyi bir şeyi əldə etsə də, bu vəziyyətlərdə dəyər hissi qazanmaz. Qısacası, uşağın ruhuna xitab etmədən onda dəyərlilik hissini yaratmaq olmaz.

Uşaqlarda duyğular əsasən yeniyetməlik dövrünə qədər yaranır. Bu dövrə qədər xoşbəxtliyi, məyusluğu, dəyərsizliyi tam mənasıyla ifadə edə bilməzlər, amma hiss edərlər. Daxilən için-için bir şeylərin yolunda olmadığını, duyğularının həmişə əskik qaldığını duyarlar.

Balaca yaşlarda aşılanmayan dəyərlilik hissi sonrakı dövrlərdə özünü fərqli şəkildə göstərməyə başlayır. Uşaqlar böyüdükcə, yeniyetməliklə birlikdə öz duyğularını mənalandırmağa başlayarlar. Artıq daxili aləmində nəhəng bir boşluqla, özünü tək başına, kimsəsiz kimi hiss etdiyini idrak edir. 18-19 yaşına gəldiyində daxili aləmindəki doldurulmamış mənəvi ehtiyacın aclığının acısını valideynlərinə qarşı aqressiv davranışlarla ifadə etməyə başlayır.

Bunu valideynlər bəzən nankorluq, onlara qarşı edilən xəyanət kimi görürlər. Halbuki bütün bunlar uşağın keçmiş illərdə yaşadığı hadisələrin, hiss etdiyi duyğuların bir ifadəsidir.

Valideynlər gündəlik yaşamın qayğıları içərisində uşaqlarına nə qədər dəyər verib-vermədiklərini analiz edəcək zamanı tapmaya bilirlər.  Mövzu dəyərsizlik hissidirsə, burada ilk diqqət ediləcək məqam əlaqənin, münasibətin keyfiyyəti, təbiiliyi və səmimiliyidir. Bu istər sözlü, istər sözsüz əlaqə olsun. Uşaq özünü onunla qurulan münasibət içində axtarır. Onunla qurulan düzgün və keyfiyyətli əlaqədə qarşı tərəfdən gələn siqnallar uşağın mənəviyyatında dəyərlilik hissini oyadır. “Uşağım mənim üçün dünyanın ən dəyərli varlığıdır” deyən valideyn, əgər bu hissi uşağında yarada bilmirsə, o münasibətin keyfiyyətində qopuqluq var. Bu qopuqluğun qarşısını isə, ailənin uşaqla qurduğu səmimi və şərtsiz sevgi münasibəti ilə ala bilərik.

Günay Məmmədova 

Naxçıvan televiziyasının əməkdaşı

.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: