Artıq növbəti payız iməciliklərinə başlanıb. NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun Danyeri kəndində 4 hektar yeni üzüm, 1 hektar isə meyvə bağı salınıb. Əvvəlcədən hazırlanmış, cərgələnmiş, çalalar qazılmış sahəyə kifayət qədər müxtəlif meyvə, xüsusi ərazidə yetişdirilmiş üzüm tingləri, üzvi gübrə gətirilib, cərgələr təşkilatlar arasında bölünüb.
Bağın suvarılması üçün qabaqcadan hazırlıq işləri görüldüyündən, bu aqrotexniki tədbir də gecikdirilmədən icra olunub.
Qeyd edək ki, payız iməcilikləri çərçivəsində Havuş kəndində 4 hektar cəviz bağı, Yuxarı Daşarx kəndinin ərazisində isə 0,7 hektar tut bağı da salınıb. Havuşdakı cəviz bağını 20 hektara çatdırmaq, həmçinin rayonun müxtəlif ünvanlarında yeni bağlar, yaşıllıqlar salmaq nəzərdə tutulub.
“Şərqin səhəri” qəzeti