Ekstremizm və radikal dini cərəyanlar, o cümlədən zərərli məzhəb ideyalarının dövlətçiliyə və insanlara qarşı yönəlməsi indiki zamanda baş verən bir çox ictimai təhlükəli hərəkətlərin kökündə durur. Radikal dinçiliyin İslam dəyərlərinə uyğun olmadığı halda zərərli məzhəb və təriqət nümayəndələri insanları düşürdükləri sosial-siyasi vəziyyətin qeyri-sabitliyindən məharətlə istifadə edərək, onlara hər cür maddi və mənəvi dəstək verəcəkləri vədi ilə öz sıralarına cəlb edirlər. Qərbin planı və senarisi üzrə İslam dinini parçalamaq məqsədilə XVIII əsrdə təməli qoyulan və bu günümüzə qədər uzanan radikal dinçiliyin əsas məqsədi QURAN qanunlarının tətbiq olunmaması və islamın üstün xüsusiyyətlərini aradan qaldırmaq oldu. Bunun üçün isə əllərindən gələn bütün şeytanlıqları edib müsəlman millətləri arasında ədavət toxumu səpərək, biri-birinə qarşı qərəzli və şübhəli mövqelər yaratdılar, İxtilaf yaradan kitablar nəşr etdirməklə qarşıdurmaları qızışdırdılar, əqidəli kitabların nəşr olunmasına maneçilik törətdilər, mövcud dini ədəbiyyatların məhv edilməsi üçün mümkün yollardan istifadə etdilər, din alimləri haqqında müxtəlif iftira və şayiələr yaydılar, müsəlmanların uşaqlarını məktəbə getməyə mane olaraq bu yolla onları kütləvi savadsızlığa qərq etdilər.
Yetişdirib hazırladıqları casus və xəyanətkar ortaqları ilə “demokratiya” müqaviləsi imzalayıb, Əfqanıstana, İraqa, Liviyaya, Tunisə, Misirə və Suriyaya “demokratiya” idxal etdilər. Əvəzində isə bu torpaqlara iqtisadi tənəzzül, yoxsulluq, inkişafdan geri qalma və s. kimi toxumunu səpərək bu ölkələrin müqəddəs saydıqları müstəqilliyini, sabitliyini, təhlükəsizliyini, iqtisadiyyatını əllərindən aldılar.
“Demokratiya” ilə bərabər radikal dinçiliyi, ekstremizmi və terrorçuluğu da bu ölkələrə idxal edən və axşamdan başlarına bombalar yağdırıb ertəsi gün isə başsağlığı verən bu zehniyyət sahibləri heç vaxt öz çirkin əməllərindən geri qalmayacaqlar. Bütün İslam ölkələrində xain planlarını həyata keçirmək üçün əllərindən gələni əsirgəməyərək hər şeylərini ortaya qoyacaqlar. Ekstremizmin və terrorizmin mümkün inkişafının sosial himayəsini azaltmaq üçün KİV-lərdə zorakılığın təbliğatını məhdudlaşdırmaq əvəzinə əksinə olaraq belə xəbərlərə çox geniş yer verərək ortaqlarına jest edir və himayə etdikləri mətbuatların köməyi ilə törətdikləri “qəhrəmanlığı” utanmadan ustalıqla geniş kütlələrə çatdırırlar. Qardaş Türkiyə respublikasındakı baş tutmayan dövlət çevrilişinə cəhd sayılan 15 iyul hadisələrini yada saldıqda bir çox məqamlar aydın olur. Yəni məqsəd sabit, stabil Şərq dövlətlərinin daxili sakitliyini pozmağa cəhddir.
Bir insan kimi dünyada və əsasən də islam ölkələrində yaşanan bu hadisələri xatırladıqda və nəzər saldıqda bu hadisələri törədənlərə bir söz demək istəyirsən, əl çəkin bu insanlardan, qoyun hər bir millət öz bildiyi kimin islam dəyərlərilə və müsəlman ənənələri ilə yaşasın. Dünyanın siyasi leksikonuna gətirdiyiniz “məxməri”,”narıncı”,”ərəb baharı” dırnaqarası “demokratiya” sözünü isə özünüzə saxlayın, zaman gələcək çox lazımınız olacaq.
Çünki sizin anlamadığınız İlahi Ədalət vaxtı çatacaq...
Əlövsət Hüseynquliyev
AŞPA-nın üzvü statusuna malik olan
Beynəlxalq Antiterror Birliyi (BAB) prezidentinin müşaviri