9 may Qələbə günü muxtar respublikada bu cür qeyd edilib - FOTOLAR

A- A A+

Faşizm üzərində qələbənin 73-cü ildönümü bu gün Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında geniş şəkildə qeyd edilib.

NUHÇIXAN keçirilən bayram  tədbirlərini  təqdim edir .

Naxçıvan şəhəri

Naxçıvan şəhərində keçirilən tədbirdə vurğulanıb ki, muxtar respublikadan 30 min nəfərə yaxın ləyaqətli oğul və qızlarımız Vətənin müdafiəsinə  gedib. Həmçinin muxtar respublikanın sakinləri 1941-1945-ci illərdə müdafiə fonduna 180 milyon 89 min manat nağd pul, 12 kiloqram qızıl, gümüş, 160 min dəstdən artıq isti paltar, 10 mindən artıq bağlama göndəriblər.

Şərur rayonu     

Şərur rayonunda keçirilən tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, İkinci Dünya Müharibəsində Şərur rayonunun igid oğulları da iştirak ediblər. Bu rayondan müharibəyə 4007 nəfər yollanıb, onların 394 nəfəri həlak olub, 1395 nəfəri itgin düşüb, 2218 nəfəri müharibədən əlil kimi qayıdıb. Hazırda veteranlardan 6 nəfəri sağdır. Müxtəlif orden və medallara layiq görülən Mahmudkənd sakini Həsənalı Nağıyev, Aşağı Daşarx kənd sakini Zeynalabdin Həsənov, Xanlıqlar kənd sakini Abbas Abbasov, Oğlanqala kənd sakini Hüseyn Hüseynov, Qorçulu kənd sakini Fərman Sadiqov və Şərur şəhər sakini Abbas Abbasov bu gün də  müharibədəki qəhrəmanlıqlarından qürurla danışırlar.

Babək rayonu

Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov qələbə münasibətilə İkinci Dünya Müharibəsi veteranlarını və arxa cəbhə iştirakçılarını təbrik edib. Qeyd olunub ki, Babək rayonundan da 1275 nəfər bu müharibədə iştirak edib.  Onların bir çoxu orden və medallarla təltif olunub.  Bu rayondan olan iki nəfər döyüşçü , Cəhri kənd sakini Qəzənfər Əkbərov və Şəkərəbad  kənd sakini Abbas Quliyev  Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər.

Ordubad rayonu

Ordubad rayonunda tədbir iştirakçıları Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov veteranları təbrik edərək deyib ki,  rayondan cəbhəyə 3 min 387 nəfər yola salınıb. Nəcəfqulu Rəfiyev ən yüksək mükafata  Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bununla bərabər Ordubad rayonunda doğulub boya-başa çatmış akademik Yusif Məmmədəliyevin yüksək oktanlı benzini ixtira etməsi müharibənin qələbə ilə başa çatmasında mühüm rol oynayıb.

Culfa rayonu

Rayon İcra Hakimiyyətinin başçısı Sükür Babayev bildirib ki, Culfa rayonundan müharibədə 1180 nəfər iştirak edib. Onların  , yarısı cəbhədən geri qayıtmayıb. Müharibə iştirakçılarının böyük əksəriyyəti döyüşlərdə göstərdiyi şücaətlərə görə müxtəlif orden və medallarla təltif edilib. Veteran Vəli Qasımova isə Belarusiya Respublikası uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə Belarusiya Respublikasının Prezidenti Aleksandr Lukaşenko   təbrik məktubu göndərib.

Şahbuz rayonu

Şahbuz rayonunda keçirilən tədbirdə  İcra Hakimiyyətinin başçısı Rəfael Babayev qeyd edib ki,  1941-1945-ci illər müharibəsinə Sahbuz rayonundan 1200 nəfər gedib. Onlardan 48 nəfər müharibədə qəhrəmancasına həlak olub. Şahbuzlular əsasən Krım, Ukrayna,  Belarusiya cəbhələrində  qəhrəmanlıqla vuruşublar. Nursu kənd sakini  Kamran Hüseynov  Moskvanın azad edilməsində iştirak edərək böyük şücaət göstərib.

Kəngərli rayonu

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bu qələbəyə öz imzasını atan kəngərli rayonundan olan döyüşçülərin   keçdiyi şərəfli yolu  bu günkü gənclər üçün örnək  adlandırıb.

Sədərək rayonu

Sədərək rayonunda keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış edərək bildirib ki, 1941-1945-ci illər müharibəsində Sədərək kəndindən 462 nəfər iştirak edib. Onların 263 nəfəri qəhrəmancasına həlak olub. Bildirilib ki, rayonda müharibə veteranları bu gün də dövlətin qayğısı ilə əhatə olunub.

Tədbirlərdə veteranlara hədiyyələr təqdim edilib, çay süfrəsi açılıb və konsert proqramı təşkil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: