Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsində 2023-cü ilin 6 ayı ərzində görülən işlər və qarşıya qoyulan vəzifələr barədə kollegiya iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iclasda komitənin sədri Ramilə Seyidova bildirib ki, bu il muxtar respublikada ailə, qadın və uşaqların hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılıb.
Bildirilib ki, 2022-ci il ərzində muxtar respublikanın ictimai–siyasi həyatında fəal iştirak edən, müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən 35 qadına diplom təqdim edilib. Muxtar respublikanın bir sıra rayonlarında yaşayan uzunömürlü, nümunəvi evlilikləri olan ailələrlə görüşlər keçirilib. Həmçinin sağlamlıq imkanları məhdud aztəminatlı ailələrə baş çəkilib, ailələrə ehtiyaclarına uyğun ərzaq yardımı və tibbi ləvazimat verilib.
Ümumilikdə, hesabat dövrü ərzində keçirilən 64 maarifləndirici tədbirlərdən 37 ailə və 1860 nəfər yararlanıb, 1653 təbliğat materialı, o cümlədən broşürlər paylanılıb.
Naxçıvan Muxtar Respublikasında tək qadınların və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı 40 qadının məlumatları aid nazirliklərə göndərilib, 6 rayonda aztəminatlı ailənin üzvü olan gənc qızlar və qadınlar üçün dekorativ tətbiqi sənətin bədii tikmə sahəsinin öyrənilməsi ilə bağlı 6 dəfə təlim keçirilib, 10 sağlamlıq imkanları məhdud, 43 aztəminatlı ailədən olan qadın və 73 yuxarı sinif şagirdləri olmaqla 126 nəfər təlimlərdən yararlanıb, həmçinin sərmayə kapitalı verilən 22 qadının təsərrüfat sahələrində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı 22 monitorinq aparılıb, nöqsan aşkarlanmayıb.
Qeyd olunub ki, ümumilikdə, hesabat dövrü ərzində özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə 48 istedadlı qadının 6514 manat dəyərində 632 əl işi və istehsal etdikləri məhsulların satışı həyata keçirilib.
Ramilə Seyidova bildirib ki, himayəyə verilmiş valideyn himayəsindən məhrum olmuş 9 uşağın qeydiyyatı aparılıb, 11 uşaq müəssisəsində, 1 yetkinlik yaşına çatmayan uşağın, 19 valideyn himayəsindən məhrum uşağın evlərində monitorinqlər keçirilib, problemlərin həlli ilə əlaqədar tədbirlər görülüb, aşkarlanan nöqsanlar aktlaşdırılıb, tədbir görülməsi üçün aid orqanlara məktub göndərilib, eyni zamanda 21 sağlamlıq imkanları məhdud uşağın evində monitorinqlər keçirilib, 4 uşaq məktəbəqədər müəssisəyə cəlb edilib. Ümumilikdə, hesabat dövrü ərzində uşaq hüquqlarının qorunması ilə bağlı 54 monitorinq keçirilib.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olan 41 nəfər uşaq üçün Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” və xüsusi qayğıya ehtiyacı olan 40 uşaq üçün Futbol düşərgəsi təşkil olunub.
Komitə əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədi ilə 2 əməkdaş beynəlxalq təlimlərdə iştirak edib.
Məruzə ətrafında çıxış dinlənilib. Sonda Kollegiyanın qərarı qəbul edilib.