ƏBƏDİYAŞAR LİDER - FOTOLAR - FOTOLAR
Xalqın və ölkənin çətin günlərində öz xilaskarlıq missiyasını yerinə yetirən liderlər adını mənsub olduğu xalqın tarixinə əbədi yazırlar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. Görkəmli dövlət xadimi Heydər Əliyev yeganə dünyaşöhrətli siyasi xadimdir ki, bir-birindən fərqli üç mürəkkəb siyasi-tarixi mərhələdə - 1969-1987, 1990-1993 və 1993-2003-cü illərdə eyni qətiyyətlə möhtəşəm siyasi uğurlara imza atmışdır.
1923-cü il mayın 10-da Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan, gəncliyindən öz dərin zəkası və fitri istedadı ilə seçilən, sovet dövlət təhlükəsizlik orqanlarında çalışmaqla siyasi yetkinlik qazanan, dövlət idarəçiliyi sirlərinə yiyələnən ulu öndər Heydər Əliyev deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”.
Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi fəaliyyəti tənəzzül içərisində olan Sovet Azərbaycanı üçün dirçəliş dövrü kimi tarixə düşmüşdür. O dövrdə dahi rəhbər sənaye və kənd təsərrüfatının inkişafına yönəlmiş çox mühüm qərarlar qəbul etmiş, bunun nəticəsində Azərbaycanda 250-dən çox yeni sənaye müəssisəsi işə salınmış, 14 il ərzində 1048 sənaye obyekti tikilmişdir. Dahi şəxsiyyətin milli kadrların formalaşdırılması istiqamətində apardığı işlər, həyata keçirdiyi məqsədyönlü siyasət xalqımızın gələcək müstəqilliyinə hədəflənmiş, milli özünüdərkin əsasını qoymuşdur. Bu dövrdə elm, təhsil, səhiyyə və mədəniyyətə qayğı da ön planda olmuşdur. Azərbaycanın bugünkü hərbi uğurlarının, milli hərbi kadrların formalaşdırılmasının əsası da ümummilli liderin qeyri-adi cəsarəti, şəxsi təşəbbüsü ilə 1971-ci ildə Azərbaycanda ilk hərbi məktəbin yaradılması ilə qoyulmuşdur.
Ümummilli lider 1982-1987-ci illərdə Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək dövlət vəzifələrində fəaliyyət göstərəndə də Azərbaycanın mənafeyini üstün tutmuş, keşmiş ittifaqın maddi resurslarının respublikamızın inkişafına yönəldilməsinə nail olmuşdur.
Xalqımızın böyük oğlu 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Sovet rəhbərliyini kəskin ittiham edən ulu öndərə qarşı böyük təzyiqlər başlandı. Moskvadan Bakıya – canı, varlığı qədər sevdiyi doğma Azərbaycanına dönən, ağır gündə öz xalqından ayrı yaşaya bilməyən ulu öndər burada da totalitar rejimin və onun yerli əlaltılarının xəyanətkar hərəkətləri ilə üzləşdi. Dahi rəhbər 1990-cı il iyul ayının 22-də doğma Naxçıvana qayıtdı.
Ümummilli liderin Naxçıvana dönüşü tarixi zərurət idi. Həmin dövrdə Naxçıvanda mürəkkəb ictimai-siyasi şərait hökm sürürdü: Sovet imperiyası rəhbərliyi Azərbaycanın maraqlarına zidd siyasətindən əl çəkmir, sərhədlərdə hərbi toqquşmalar baş verir, Naxçıvan blokadanın yaratdığı sosial-iqtisadi tənəzzül, ictimai-siyasi anarxiya və işğal təhlükəsi altında yaşayırdı. İqtisadi və siyasi böhran içində boğulan, erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qalan Naxçıvan öz xilasını gözləyirdi. 30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə ulu öndər yekdilliklə Azərbaycan SSR-in və Naxçıvan MSSR-in deputatı seçildi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndərin sədrliyi ilə keçirilən ilk sessiyasında təkcə Naxçıvan üçün deyil, ümumən Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik olan taleyüklü qərarlar qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmış, Naxçıvan MSSR Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılmışdır. Bu gün ən mötəbər beynəlxalq məclislərdə dalğalanan, paytaxt Bakının və Naxçıvan da daxil olmaqla Azərbaycanın digər bölgələrinin dövlət bayrağı meydanlarında vüqarla göylərə yüksələn, milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə bu sessiyanın tarixi qərarı ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmiş, həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırılmışdı.
Muxtar respublikanın əsl xilas və tərəqqisinin yalnız ümummilli liderimizin dühası sayəsində mümkün olduğunu çox yaxşı bilən Naxçıvan əhalisinin təkidli tələbi ilə 1991-ci ilin 3 sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilən görkəmli dövlət xadimi Naxçıvanı xalqımızın demokratiya və müstəqillik uğrunda mübarizə mərkəzinə çevirmişdi. Bu gün 700 minə yaxın siyasi həmfikiri öz ətrafında birləşdirən, iqtidar partiyası kimi liderliyini qoruyub saxlayan Yeni Azərbaycan Partiyasının təsis edilməsi, az vaxt ərzində böyük nüfuz qazanması da ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrünün bəhrəsidir. 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı qərarla dünya azərbaycanlılarının milli həmrəylik ideologiyasının təməli də həmin dövrdə Naxçıvanda qoyulmuşdur. Rus qoşun hissələri muxtar respublikadan çıxarılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkili ilə Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlər görülmüş, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradılmışdı. Ulu öndər 1992-ci ildə tarixi Moskva və Qars müqavilələrini gündəmə gətirməklə Ermənistanın təcavüzkar siyasətini, Naxçıvanın muxtariyyət statusunu, əzəli Azərbaycan torpağı kimi toxunulmazlığını beynəlxalq miqyasda bir daha təsdiqləmişdir. Bu dövrdə ağır blokada şəraitində olan muxtar respublika iqtisadi böhrandan çıxarılmış, çoxcəhətli inkişafa nail olunmuşdur. Dahi öndərin Naxçıvandakı siyasi fəaliyyəti ərzində ərazinin erməni işğalından müdafiəsi, milli şüurun dirçəlişi, milli dövlət strukturlarının formalaşması kimi mühüm tarixi nailiyyətlər əldə olunmuş, xalqla həmrəyliyin təntənəsi öz təsdiqini tapmışdır. Azərbaycanın müstəqillik yolu 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referenduma “Yox!” deməklə məhz Naxçıvandan başlanmışdır. Müstəqilliyin başlanğıc illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Azərbaycanın əsl dövlətçilik məktəbi funksiyasını həyata keçirmişdir. Bu böyük tarixi şəxsiyyət, siyasi xadim Naxçıvanı qoruduğu kimi, Naxçıvan da öz dahi oğlunu tarixin ən sərt sınağında qədirbilənliklə qoruyub yenidən Azərbaycana bəxş etmişdir.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə Bakıya qayıdışı elə bir tarixi dövrə təsadüf edirdi ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalı, vətəndaş qarşıdurması Azərbaycanı dövlət müstəqilliyini itirmək kimi sonu görünməyən bir uçurum qarşısında qoymuşdu. Ölkəni bu vəziyyətdən yalnız siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik rəhbər xilas edə bilərdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu barədə demişdir: “Azərbaycanın müasir tarixi dəfələrlə sübut etmişdir ki, xalqın gücü ümummilli lider Heydər Əliyevdə olduğu kimi, ümummilli lider Heydər Əliyevin də gücü Azərbaycan xalqındadır. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ulu öndərimizin ikinci dəfə ali hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi. 15 iyun ən yeni tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”.
1993-cü ilin 15 iyununda Milli Məclisin Sədri, həmin ilin 3 oktyabrında xalqın böyük dəstəyi ilə ölkə Prezidenti seçilən görkəmli dövlət xadimi on il ərzində əsrlərə bərabər işlər görmüş, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi böyük tarixi missiyanı uğurla həyata keçirmişdir. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, o cümlədən Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etmişdir.
Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə demokratik cəmiyyət quruculuğuna nail olunmuşdur. Görkəmli dövlət xadiminin rəhbərliyi ilə işlənib hazırlanan və 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu yolunu müəyyənləşdirdi. Ümummilli lider ölkəmizin bugünkü yüksək beynəlxalq nüfuzunun əsasını yürütdüyü tarazlaşdırılmış və çoxqütblü xarici siyasətlə qoymuşdur. Bu uğurlu siyasət nəticəsində dünyanın aparıcı dövlətləri və şirkətləri siyasi sabitliyə və dinamik inkişafa nail olmuş Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etmiş, beynəlxalq müqavilələrin bağlanılması, ölkəyə xarici investisiyanın cəlb edilməsi yolu ilə iqtisadi tərəqqiyə, əhalinin rifah halının yüksəlməsinə nail olunmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin bütün siyasi uğurlarının əsasını təşkil edən, ONU dünya azərbaycanlılarının ümummilli lideri səviyyəsinə yüksəldən milli dövlətçilik təlimi, Azərbaycançılıq məfkurəsidir. Azərbaycançılıq ideyasını siyasi ideologiya səviyyəsinə məhz dahi Heydər Əliyev çatdırmışdır.
Müstəqil Azərbaycan dövlətinin qazandığı tarixi nailiyyətlər, böyük zəfərlər ümummilli lider Heydər Əliyev dühasının təntənəsidir. Məhz ulu öndərimizin zəngin siyasi təcrübəsi və uzaqgörənliyi sayəsində Azərbaycanda sabitlik, tolerantlıq, müasir inkişaf və tərəqqi təmin edilmişdir. Görkəmli dövlət xadiminin bir böyük tarixi uğuru da özündən sonra müstəqil Azərbaycanın xoşbəxt və firavan gələcəyinin etibarlı təminatına çevrilən mükəmməl siyasi-ideoloji məktəb yaratması idi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi cəhətdən güclü, siyasi cəhətdən isə tam müstəqil dövlətə çevrilmiş Azərbaycanın mövqeyi regional və beynəlxalq məsələlərdə mütləq nəzərə alınır. Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. 2011-ci ildə ölkəmiz 155 dövlətin dəstəyi ilə BMT təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu, Azərbaycanın artan mövqeyinin, nüfuzunun göstəricisi idi. Diplomatik mübarizədə qələbə və iqtisadi imkanların artması fonunda ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, gücünün, qüdrətinin artması, Azərbaycanın hərb tarixinin ən şanlı səhifələrindən olan 2016-cı ilin aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, Azərbaycanın böyük qələbəsinə inamı artırır.
Ümummilli liderin həmişəyaşar siyasi kursunun yeni dövrün, dünyəvi proseslərin reallıqları kontekstində uğurla inkişaf etdirilməsinin, 15 illik möhtəşəm tərəqqi yolunun nəticəsidir ki, Onun layiqli siyasi varisi cənab İlham Əliyev 11 aprel 2018-ci il tarixdə keçirilən növbəti prezident seçkilərində də inamla qələbə qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev andiçmə mərasimindəki nitqində demişdir: “Mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.
Azərbaycanımızın ayrılmaz hissəsi olan, Heydər Əliyev ideyalarının sarsılmaz sədaqətlə davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da bu gün öz inkişaf dövrünü yaşayır. Qədim diyarımız uzun illərin blokada şəraitinə baxmayaraq, sürətli tərəqqi yolundadır. Aparılan genişmiqyaslı quruculuq işləri, muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı, əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması buna parlaq sübutdur. Müasir Naxçıvan dünyaya blokada şəraitində inkişafın nadir nümunəsini təqdim edir. Bu nümunənin əsasında isə ulu öndər Heydər Əliyevin ideyaları dayanır.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var, ulu öndər Heydər Əliyev də var olacaq və yaşayacaqdır.
Mehriban SULTAN