Türk dünyasının tanınmış rəssamı - FOTOLAR
Azərbaycan rəssamları sırasında taleyin gərdişi ilə dünyanın bir çox yerlərinə üz tutan, təzadlı və keşməkeşli həyat yaşayan sənət adamlarımız az deyil. Onların arasında Vətən həsrəti ilə qürbət ölkələrdə dünyasını dəyişənlər də var. Haqqında bəhs edəcəyimiz rəssam 1898-ci ildə Naxçıvanın Şərur rayonunda dünyaya göz açmış, üç yaşında olarkən atasını itirmiş, uşaqlıq illərini çətinliklər içində keçirən İbrahim Səfi (Səfiyev) məhz bu qəbildən olan sənətkarlarımızdandır.
Balaca İbrahim kiçik yaşlarından rəsmə həvəs göstərmiş,12 yaşında ikən “Araz balıqçıları” adlı ilk rəsmini çəkmişdir. Rəssamlığa, incəsənətə qarşı ilk qığılcımları İbrahimin qəlbində, çox güman ki, sazı və sözü ilə el aşığı kimi tanınan atası oyatmışdır.
İbrahim Səfiyev ilk təhsilini Cəlilkənd məktəbində alıb. Sonra öz arzularını reallaşdırmaq üçün təhsilini davam etdirmək qərarına gəlib.
İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra iki il Moskvadakı Rəssamlıq Akademiyasında təhsil alır. Rusiyadakı 1917-ci il inqilab hadisələrindən təsirlənərək təhsilini yarımçıq buraxıb Naxçıvana, doğma diyara qayıdır. Həmin illərin çətinlikləri rəssamdan da yan keçmir. Belə ki, o, Şərurda rəsm çəkməklə çörəkpulu qazanmaq məcburiyyətində olur.
I Dünya müharibəsi illərində Zaqafqaziyadakı ordunun tərkibində Türkiyəyə gəlir və həyatını burada, Türkiyədə qurmalı olur. Beləliklə, İbrahim Səfiyev qürbət elin nəbzini tutmaq üçün önəmli addımlar atır və ilk olaraq İstanbulda Gözəl Sənətlər Akademiyasına daxil olur və 1923-cü ildə buranı bitirir. Qeyd edək ki, Türkiyənin məşhur rəssamı Namiq İsmayıl da bu akademiyada təhsil almışdır. Qismət elə gətirir ki, İbrahim təhsilini bitirdikdən sonra Namiq İsmayılın emalatxanasında müsafir tələbə olaraq çalışır.
Həyatı heç də rahat olmayan İbrahim Türkiyədə bir çox sənət adamları ilə tanış olur və rəssamlar cəmiyyətində dəyərli dostlar əldə edir. O zaman Türkiyədə yaşayıb-yaradan tək naxçıvanlı rəssam deyildi İbrahim Səfiyev. Belə ki, ana tərəfindən qohumu, 1884-cü ildə Naxçıvan bəylərindən soylu bir ailədə anadan olmuş, rəssam-heykəltəraş Əkbər Kazım Muğan (Əkbər Kazımbəyov) da Türkiyədə yaşayıb-yaradırdı.
1924-cü ildən etibarən sərgilərdə iştirak etməkdə, tanınmaqda olan rəssam II Dünya müharibəsinin başlanması ilə əlaqədar hərbi xidmətə çağırılır. Orduda qulluğunu tamamladıqdan sonra həmişəlik İstanbulda məskunlaşır və həyatını sənətə bağlayır. Türkiyədə onu Türk dünyasının böyük lideri Mustafa Kamal Atatürkün portretini çəkən ilk rəssam kimi də tanıyırlar. Türk tarixinin şanlı səhifələrini və qəhrəmanlarını öz tablolarında yaşadan rəssam bu portretdə dahi şəxsiyyətin obrazını sənətkarlıq kamilliyi ilə yanaşı, tarixi gerçəkliyi də inandırıcı şəkildə ifadə edə bilib.
İbrahim Səfiyev türk rəssamlıq sənəti tarixində özünəməxsus üslubu ilə tanınaraq Türkiyə rəssamlığına yeni nəfəs gətirir. Belə ki, o, sərbəst impressionizm üslubunda əsərlər yaradır, dostu Nadji Kalmıkoğlu (rus rəssamı Nikolay Kalmıkov) ilə birgə zadəgan köşklərinin divarlarına freskalar işləyir, interyer dizaynı ilə məşğul olurdu.
1946-cı ildən sonra isə rəssamın yaradıcılığının ən məhsuldar dövrü başlayır. Türkiyədə tanınmış rəssam olmağına baxmayaraq, daim axtarışlar aparan sənətkar iki il Münhendə olmaqla bərabər, 11 il Avropa ölkələrində yaşamış və ərsəyə gətirdiyi əsərləri ilə bir çox sərgilər açaraq öz adını ölümsüzlər sırasına yazdıra bilmişdir. Öz yaradıcılığı ilə fərqlənən rəssam Türkiyə dövləti tərəfindən Roma və Vyanaya göndərilir. Görkəmli sənətkar bu ölkələrdə də fərdi və qarışıq sərgilərdə iştirak edir, özünün və əsərlərinin dəyərini artırır.
1967-ci ilə qədər, sadəcə, Marsiliyada səkkiz fərdi sərgi açan rəssam türk rəssamlığına klassik rəsm üslub düşüncəsini dəyişdirərək miniatür və primitivizmlikdən fərqlənən yeni bir meyil gətirmiş, öz dəst-xəttini yaratmışdır.
Rəssam ilk rəsm təhsilini Rusiyada aldığından güclü akademik rəsmləri ilə impressionizmin gətirdiyi boya incəliyini özünəməxsus tərzdə tətbiq etmişdir. Onun kətan üzərinə vurduğu boyalar son dərəcə orijinaldır. Bu əsərlərdə həssaslıq və lirik bir incəlik hökm sürür. Yaradıcılığı dövründə əsərlərində təbiəti müxtəlif cəhətləri ilə təsvir edən rəssam hər an dəyişən işıq-kölgəyə diqqət yetirərək sənətə məhəbbətlə yanaşmasını gizlətmirdi.
1950-ci illərdə bir çox sərgilərdə nümayiş olunan əsərlərindəki seçdiyi üslubda, xüsusilə boyanın qalın tətbiqində, rənglərə olan güclü meylində Avropa və türk rəssamlıq məktəbləri ənənələrindən bəhrələnməsi, lakin yaradıcılığında rus impressionizminə üstünlük verməsi aşkar hiss olunurdu.
Rəssamın qalın rəng mozaikasından yoğurulmuş portretlərində isə psixoloji məqamlar çox güclüdür. Belə ki, hiss və duyğular, biçim və forma, rəng fırçanın gücü ilə böyük ustalıqla təsvir olunurdu. Əsərlərdəki təkrarsız kompozisiya biçimləri, rəng həlli və bədii şərh də müxtəlif məziyyətləri aşkarlamağa xidmət edir. Rəssamın tabloları keçirdiyi hiss və duyğuları dəqiq şərtləndirir.
Rəssam deyirdi: “Ən yaxşı müəllim təbiətdir, rəssamın müəllimi təbiətin içində var”. Bu konsepsiyaya söykənən rəssamın yaradıcılığının əsas mövzusu təbiət idi. İbrahim Səfiyev natürmortlarında belə, saysız gül və çiçək çəkmişdir. Bu çiçəklərin rəngarəngliyi, parlaq boyaları insanda ilıq, həzin xoş hisslər oyadır. Bir çox rəngkarlıq lövhələrində rəngli cizgilərin qəribə ritmindən ortaya çıxan romantik ovqat seyrçini ilk baxışdan özünə cəlb edir.
İbrahim Səfiyevi türk təsviri sənətinin postimpressionist janrına ən layiqli töhfə verən sənətkarlardan hesab etmək olar. Onun bir-birini təkrarlamayan saysız əsərlərində həyatdan aldığı ağır zərbələrlə əlaqəli nüanslar da görmək olar. Bu əsərlərin xronologiyası müəllifin keçdiyi yoldur. Bunu rəssamın sənətdəki inkişafını, onun rəngkarlıq manerasını formalaşdıran mərhələləri ardıcıl izlədiyimiz zaman görə bilərik.
Rəssam İbrahim Səfiyev sənətə bağlı ömrünü saysız-hesabsız qiymətli əsərləri ilə zənginləşdirmişdir. Məlum səbəblərdən çəkdiyi sıxıntılara baxmayaraq, həyatını tamamən sənətə həsr etmiş, Türkiyədə müxtəlif fərdi sərgilər açmışdır. Hər zaman rəssamlığın əsas qanunları içində güclü və mənimsənmiş bir realizmə hakim olmuşdur. Əsərlərini bir-bir gözdən keçirdikdə davamlı şəkildə yaranan yeni düşüncələr və görüntülər arasındakı bağlantı hiss olunmaqdadır. Yaşadıqlarının sonunda ortaya çıxmış duyğusal biçimlər və ifadələr, realist bir tərzdə təsvir olunan insan obrazı çoxsaylı əsərlərinin əsas mövzusudur.
1955-1966-cı illərdə sənətkar Qərbi Avropa incəsənətini incələyir, öz sərgilərini Cenevrə, Zürih, Münhen, Köln, Frankfurt, Vyana, Roma, Paris, Marsel və Afinada keçirir. Onun yaradıcılığının türk incəsənətinin Qərbdə tanıdılmasında və qəbul olunmasında böyük rolu olmuşdur. Bunu görən və bilən türk dövləti rəssamın bir çox sərgisini özü maliyyələşdirmişdi.
Xüsusilə 1960-1970-ci illərdən sonra işlənmiş rəsmlərində daha canlı və parlaq rənglərə üstünlük verilmişdir. Canlı və soyuq rənglərin əks etdirdiyi hərarət və işıq, bu rənglərə ağırlıq verən məna təzadı insanı öz təsiri altına alır.
Öz yaradıcılıq prinsipləri, mükəmməl işləmə tərzi olan sənətkarın son illərdəki əsərlərində olan yeni xüsusiyyətlər çeşidli mövzularda meydana çıxır. 1975-1980-ci illərdə İbrahim Səfiyev görmə qabiliyyətini get-gedə itirmiş, 4 yanvar 1983-cü ildə yüzüncü fərdi sərgisinin açılış axşamı həyata vida etmişdir.
Müxtəlif sənət cərəyanlarına, təzadlı rəssamlıq üslublarına yaxından bələd olan İbrahim Səfiyev yaradıcılığında realizmə üstünlük vermiş, dünya incəsənətinin mütərəqqi ənənələrini davam etdirmişdir. Boyakarlığın müxtəlif janrlarında çoxlu tablo, o cümlədən mənzərələr, portretlər və sair yaratmışdır. Bəzi mənzərə və natürmortların şux, şəffaf koloriti, rənglərin oynaqlığı onu fransız impressionistlərinə yaxınlaşdırır, impressionizmin naturaya gətirdiyi işığa, parlaqlığa, kolorit gözəlliyinə aludəçiliyini göstərir. Onun “Burqaz adası tərəfdən Anadolu sahillərinin görünüşü”, “Bursa dağında düzənlik”, “Bosfordan bir mənzərə”, “Qış mənzərəsi”, “Anadolunun görünüşü” və sair əsərlərində bir çox ölkələrə səfər təəssüratları əksini tapmışdır. Türkiyədə, həmçinin Fransa, Avstriya, ABŞ, İsveçrə və sair ölkələrdə fərdi sərgiləri nümayiş etdirilmişdir. Mənzərə, portret və natürmortlarından ibarət bəzi əsərlərini Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə bağışlamış, bir neçə əsəri 1989-cu ildə Bakıda keçirilən “Əzizim, Vətən yaxşı...” sərgisinin ekspozisiyasına daxil edilmişdir. Əsərləri Türkiyədə və dünya muzeylərində, o cümlədən şəxsi kolleksiyalarda, R.Mustafayev adına Azərbaycan İncəsənət Muzeyində qorunub saxlanılır. İbrahim Səfiyevin 10 mindən artıq əsəri var və Türkiyədə ən çox əsəri olan rəssam kimi də tanınır.
Onun yaradıcılığına və şəxsiyyətinə böyük ehtiram göstərilərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 oktyabr tarixli Sərəncam imzalamışdır. Həmin sərəncam Türk dünyasının tanınmış rəssamının həyat və yaradıcılığının daha geniş tədqiq olunmasına və öyrənilməsinə xidmət edir. Bu isə görkəmli sənətkarın irsinə göstərilən diqqətin və muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək dəyərin ifadəsidir.
Azərbaycan incəsənət tarixində İbrahim Səfiyev kimi rəssamlar az deyil. Onlar bizi, tariximizi, mədəniyyətimizi təbliğ edən, bəşəri ideyalı, tanınmağa, təbliğ olunmağa layiq şəxsiyyətlərdir.
Ülviyyə HƏMZƏYEVA Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı