Naxçıvanla tanışlıq forum iştirakçılarında zəngin təəssürat yaradıb - FOTOLAR
Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunun iştirakçıları səfər çərçivəsində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Duzdağ Fizioterapiya Mərkəzində, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində, Naxçıvan Müəllimlər İnstitutunda olublar. Onlar qədim diyarla bağlı zəngin təəssüratlarını jurnalistlərlə bölüşüblər.
Türk Şurası Universitetlər Birliyinin şura rəhbəri Uğur Yılmaz: Əvvəllər Naxçıvan barədə çox az məlumata malik idim. Lakin buraya gəlməzdən bir neçə gün öncə sosial şəbəkələr vasitəsilə məlumat toplamaq imkanım oldu. Sözün açığı, Naxçıvana gələrkən belə yüksək şərait və qonaqpərvərliklə qarşılanacağımızı gözləmirdim. Qədim torpağa ayaq basdığımız andan səmimi ab-havanın, mehriban münasibətin şahidi oldum.
Qədim diyarın möhtəşəm tarixi-mədəni abidələri, hər addımda gözoxşayan səliqə-sahman, sabitlik, əmin-amanlıq hər bir qonaq üçün olduqca cəlbedici görünür. Fikrimcə, Naxçıvan xeyli sayda turist qəbul edə bilər. Mən burada gördüyüm gözəllikləri gəzdiyim ölkələrdə hər kəslə paylaşacağam. Onu da qeyd edim ki, forumun Naxçıvanda keçirilməsi bizə həm də qədim türk yurdunun gəncləri ilə geniş məlumat mübadiləsi aparmağa, onları daha yaxından tanımağa imkan verdi.
Türk Şurasının əməkdaşı Dastan Almen: Türk dünyası üçün strateji əhəmiyyətə malik olan Naxçıvan böyük potensiala malikdir. Bu qədim diyar sürətlə inkişaf edir. Biz Naxçıvan şəhərindəki bir sıra muzeyləri, tarixi abidələri ziyarət etdik, sakinlərlə ünsiyyət qurduq. Şahid oldum ki, Naxçıvanda formalaşan yüksək mədəniyyət Azərbaycan və Türk dünyasında çox mühüm yerə və rola malikdir. Xüsusilə vurğulamaq istərdim ki, Naxçıvanın qədim şəhər mədəniyyətinə malik olması onun dünya miqyasında mühüm bir mədəniyyət mərkəzi olduğunun göstəricisidir. Bu, həm də qədim türk mədəniyyətinin böyük keçmişindən xəbər verir. Naxçıvan şəhər mədəniyyətinin 5 minillik tarixi Türk dünyasının qürur tarixidir.
Biz Xan sarayında olarkən Naxçıvan xanlığının tarixi barədə dəyərli faktları öyrəndik. Bayraq Muzeyində isə Naxçıvanda yaradılmış dövlətlərin tarixi ilə bağlı ətraflı məlumat aldıq, onların bayraqları ilə tanış olduq. Bütün bunlar onu göstərir ki, tarixi keçmişi ərzində Naxçıvanda həm də güclü dövlətçilik ənənələri formalaşıb və bu ənənələr ümumtürk siyasi tarixində çox mühüm yerə malikdir. Xüsusilə Naxçıvanın tarixi şəxsiyyətləri Türk dünyasında şöhrət qazanmış böyük insanlardır. Mənim diqqətimi həm də daha çox Naxçıvan xanlığı dönəmində yaşamış və bu xanlığın qurucusu olan Kalbalı xan və onun övladları, Kəngərlilər nəslinin davamçıları cəlb etdi.
Naxçıvan şəhəri bir rəssamın tablo üzərində çəkdiyi möhtəşəm bir rəsm əsərinə bənzəyir. Şəhər planlı şəkildə qurulub, yol infrastrukturu çox gözəldir. Binalar, parklar öz yaraşığı ilə diqqətimi çəkdi. Ən əsası isə şəhəriniz təmizdir. Burada hər şey yüksək səviyyədədir. Forumun Naxçıvanda keçirilməsi isə Türk dünyasının tarixinə daha bir əlamətdar hadisə kimi yazılacaq. Bu hadisənin Naxçıvanla bağlı olması isə onun əhəmiyyətini daha da artırır.
Şərqi Qazaxıstan Gənclər Resurs Mərkəzinin sədri Arailym Yessimbekova: İlk dəfədir ki, Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında oluram. Belə təmiz, səliqəli və tarixi abidələrlə zəngin bir məkanda olmaq mənim üçün çox xoşdur. Türk Şurası Gənc Liderlərinin Forumunun ilk dəfə olaraq Naxçıvanda – qədim türk yurdunda təşkil olunmasını alqışlayıram.
Biz muxtar respublikanın muzeylərini ziyarət etdik, tarixi abidələri ilə tanış olduq. Həmin tarixi abidələr Naxçıvanın çox qədim bir sivilizasiyanın mərkəzi olduğunu göstərir. Abidələrin bərpası və onların qorunması isə sübut edir ki, bu diyarda tarixi keçmişə böyük diqqət və qayğı var.
Xoca Əhməd Yasəvi adına Qazax-Türk Universitetinin IV kurs tələbəsi Tilebaldy Uraiimzhanov: Naxçıvana gəldiyimiz gündən şəhərinizin bir çox gəzməli-görməli yerlərində olduq. Qədimliyi və müasirliyi bir arada təcəssüm etdirən tarixi-mədəni abidələr, muzeylər diqqətimi cəlb etdi. Onu da deyim ki, şəhərinizin insanları çox mehriban və qonaqpərvərdirlər.
İlk dəfə Naxçıvan şəhərində təşkil edilən bu forum inanıram ki, gələcəkdə Türk dünyası gənclərini və qardaş xalqları bir-birinə daha sıx bağlayacaq. Forum çərçivəsində təklif edilən proqramlar və layihələr birlikdə çox böyük işlər görməyimizə səbəb olacaq. Əgər biz bir olsaq, tariximizi bilsək, çox şeylər qazanar və birlikdə daha güclü olarıq. Lakin tariximizi, bir soydan olduğumuzu unutsaq, o zaman həmrəyliyimiz, birliyimiz də olmaz.
Forumda naxçıvanlı gənclərlə tanış olub, söhbət etdik. Gördüm ki, biz ortaq dil, mədəniyyət və tarixə malik insanlarıq, bizi fərqli edən heç nə yoxdur. Naxçıvanlı gənclər çox mehriban, gülərüz, savadlı, mədəni və çalışqandırlar.