Sudan səmərəli və qənaətlə istifadə olunmasa...

A- A A+

Bu gün bəşəriyyəti narahat edən əsas həyati problemlərdən biri də qlobal istiləşmədir. Səhralaşma və su çatışmazlığı insanları suyun dəyərini daha çox anlamağa məcbur edir, suyun elə həyatın özü olduğunu bir daha bizə göstərir. Çünki həyatın mövcudluğunu özündə əks etdirən dörd ünsürdən biri, bəlkə də, ən vacibi də məhz sudur. Ucuz olan bir malın “su qiymətinə olduğu” bir dövr artıq tarixə qovuşub. Bu gün dünyada suyun özü “od qiymətinə” qalxıb.

İnsanların suyun mühafizəsinə əsaslanan fikirləri hər il mart ayının 22-nin Ümumdünya Su və ya Su Resursları Günü kimi qeyd edilməsini zəruri etmişdir. Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif isə 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən isə qeyd olunmağa başlanılıb. Ümumdünya Su Günü "Suyu qiymətləndirmək" devizi ilə qeyd olunur. Bu günün keçirilməsində məqsəd hər bir kəsin vaxtlı-vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır.

Suyun hər damlasında həyat olduğunu, ruzinin və həyatın mənbəyi olan susuz, cadar-cadar olmuş torpağın isə bir səhra olduğunu hamımız bilirik. Bəs, sudan istifadə mədəniyyətimiz necədir? Biz bu sahədə zamanla ayaqlaşa bilirikmi? Qənaət mədəniyyətimiz formalaşıbmı?

İlk növbədə qeyd etməliyəm ki, Azərbaycan Respublikasının daxili suları Azərbaycan xalqının milli sərvətidir, əhalinin həyat və fəaliyyətinin əsası kimi istifadə edilir və qorunur, flora və faunanın mövcudluğunu təmin edir. Ölkəmiz su ehtiyatları ilə zəif təmin olunan ölkələr sırasına daxildir. Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir.

Dünyadakı bütün canlıların orqanizmi müəyyən miqdarda sudan ibarətdir. İnsan orqanizminin 60-70 faizi sudan ibarətdir. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil. Bu isə suyun nə dərəcədə həyati əhəmiyyətə malik olduğunu bir daha sübut edir.

Son illərdə dünyada, o cümlədən regionda iqlim dəyişmələrinin nəticəsində su ehtiyatları azalmağa doğru gedir. Bu, quraqlığın nəticəsidir. Quraqlıq nəticəsində buxarlanmalar artır və suda olan itkilər çoxalmağa başlayır: bütün bunları nəzərə alaraq son illərdə ölkəmizdə su ehtiyatlarının daha qənaətlə istifadəsinə yönələn tədbirlər həyata keçirilib. Sudan qənaətlə istifadə edilməsi məktəblərdə, tədris müəssisələrində kifayət qədər tədris olunub. Maarifləndirici tədbirlər də davam etdirilməlidir.

Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəs sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalı, müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalı və digər addımlar atılmalıdır.

Həm yerli, həm də transsərhəd çaylardan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə və digər qanunlara və qanunvericilik aktlarına, o cümlədən üzv olduğumuz, qoşulduğumuz beynəlxalq konvensiyalara və razılaşmalara əsaslanmalıdır.

Bəs, biz sularımızı necə qoruyuruq? Qanunvericiliyin bu sahədə tələbi nədən ibarətdir? Bu sahədə qanunvericiliyin tələblərinə birlikdə nəzər salaq.

Ölkəmizin qanunvericiliyi Su Məcəlləsindən və digər normativ hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində su obyektlərinin istifadəsi və mühafizəsi ilə əlaqədar müəyyən edilmiş qaydalar, Su Məcəlləsində nəzərdə tutulmuş qaydalara uyğun gəlmədikdə isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Su qanunvericiliyinə əsasən su münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, su obyektlərinin istifadəçiləri və su istehlakçılarıdır. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından su münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər. Bələdiyyələr su münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində iştirak edirlər. Su obyektlərinin istifadəçiləri və su istehlakçıları su münasibətlərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada öz ehtiyaclarını ödəmək və sahibkarlıq fəaliyyəti göstərmək məqsədi ilə iştirak edirlər.

Sudan istifadə edənlərin sudan təkrar istifadə etmək, su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün müvafiq qurğular və tikililər inşa etmək, istifadəyə verilən suyun və tullantı sularının kəmiyyət və keyfiyyətini yoxlamaq, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək və su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək hüquqları vardır.

Mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna sudan istifadəyə ehtiyac qalmadıqda və ya istifadədən imtina edildikdə, su obyektlərindən istifadə müddəti qurtardıqda, hüquqi şəxslər ləğv olunduqda, su obyektləri qanunvericiliyə zidd olaraq başqalarına istifadəyə verildikdə, su obyektləri ayrıca istifadədən geri alındıqda, sudan istifadəyə və tullantı sularının axıdılmasına görə haqq ödənilmədikdə, qanunvericiliyin tələbləri nəzərə alınmaqla, sudan istifadəyə görə haqq ödənilmədikdə və su obyektindən nəzərdə tutulan məqsədlə (içməli su və məişət ehtiyaclarını ödəmək üçün istifadə hüququndan başqa) istifadə edilmədikdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda xitam verilir.

Həmçinin qanunvericilik sudan istifadə edənlərin vəzifələrini də müəyyənləşdirmişdir. Belə ki, sudan istifadə edənlər su obyektlərindən səmərəli istifadə etmək, suyun qənaətlə işlədilməsini və suların keyfiyyətinin yaxşılaşdırılmasını təmin etməli, sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə riayət etməli, tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verməməli, su servitutları əsasında başqa su obyektləri istifadəçilərinə verilmiş hüquqların pozulmasına, habelə təsərrüfat və təbii obyektlərə (torpaq, meşə, heyvanlar aləmi, faydalı qazıntılar və s.) zərər vurulmasına yol verməməli, su obyektlərindən təyinatına görə istifadə etməli, su təsərrüfatı qurğularını və texniki avadanlığı saz vəziyyətdə saxlamalı, onların iş keyfiyyətini yaxşılaşdırmalı, sudan istifadənin uçotunu aparmalı, qanunvericiliyin tələbləri nəzərə alınmaqla, sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sularına görə ödəmələri və cərimələri vaxtında vermə və Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.

Su təsərrüfatı tədbirlərinin görülməsi, su obyektlərindən istifadə hüququna xitam verilməsi və ya sudan istifadə şərtlərinin dəyişdirilməsi nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ödənilir.

İçməli sulardan, bir qayda olaraq, içməli su və məişət ehtiyacları ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilməsinə yol verilmir.

Sudan təsərrüfatdaxili istifadə planları sudan istifadə edənlər tərəfindən tərtib edilir. Sudan təsərrüfatdaxili istifadə planları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilir. Sudan təsərrüfatdaxili istifadə planlarında mülkiyyət forması və növlərindən asılı olmayaraq bütün su istehlakçılarının suya tələbatı nəzərə alınmalıdır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə, su obyektlərinin özbaşına tutulmasına, bu obyektlərdən istifadə üzrə lisenziya və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulmasına, sudan özbaşına istifadə edilməsinə, yəni sudan istifadə etmə limitlərinə əməl edilməməsinə, su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə və içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda (beş min manatdan yuxarı olmayan məbləğdə) ziyan vurulmasına, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə, su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına, su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə, xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına, sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suların çirkləndirilməsinə, torpaqların su eroziyasına və başqa ziyanlı hallara səbəb olmasına görə də qanunvericiliklə müəyyən olunmuş məbləğdə cərimə tətbiq edilir.

İnzibati xətalar qanunvericiliyinin tələbinə əsasən içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin pozulmasına, şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir.

Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi, tükənməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilməsi, heyvanlar və ya bitki aləminə, balıq və digər su bioresurslarına, meşə və ya kənd təsərrüfatına əhəmiyyətli zərərin vurulmasına səbəb olduqda, eyni əməllər insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə səbəb olduqda, habelə qoruqların ərazisində və ya təhlükəli yaxud fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur.

Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün əhali də daxil olmaqla bütün su istifadəçiləri sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə etməli, içməli sudan texniki məqsədlər üçün istifadəni məhdudlaşdırmalı və s. addımlar atmalıdırlar.

Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir.

Əgər sudan səmərəli və qənaətlə istifadə etməsək, gələcəkdə su üzünə həsrət qalacağıq.

 

Faiq Səfərov

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

şöbə rəisi, baş ədliyyə müşaviri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: