Yazıçılar Birliyinin Şimal-Qərb regional bölməsi açılıb - VİDEO
Azərbaycan Yazıçılar Birliyinin Şimal-Qərb regional bölməsi açılıb. NUHÇIXAN xəbər verir ki, bununla bağlı Zaqatala rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, əməkdar mədəniyyət işçisi, kino-dramaturq İlqar Fəhmi, Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanları rəhbərləri, bir çox nazirliklərin regional idarələrinin rəhbərləri, şair, yazıçılar və bölgənin ziyalıları iştirak ediblər.
Tədbir şəhidlərimizin və Ulu Öndərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Daha sonra tədbirdə yazıçı-jurnalist Əlmaniz Ələkbərliyə söz verilib. O, yeni yaradılan regional bölmənin açılmasının bölgədə ədəbi mühitin daha da inkişaf etməsinə xidmət edəcəyini bildirərək, sədr kimi bu sahənin daha da inkişaf etdirilməsi üçün aktiv işləyəcəyinə söz verib.
Sonra söz AYB katibi İlqar Fəhmiyə verilib. İ.Fəhmi yeni yaradılan regional bölmənin ədəbi mühitin inkişafına xidmət edəcəyinə və Əlmaniz Ələkbərlinin bu sahədə təcrübəli yazar kimi daha da yaxşı işləyəcəyinə əmin olduğunu bildirib.
Sonra İlqar Fəhmi AYB-nin katibliyinin qərarını oxuyub və Sədr kimi Əlmaniz Ələkbərliyə vəsiqəsini təqdim edib.
Söz Zaqatala Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərovaya verilib. Aybəniz xanım Əlmaniz Ələkbərlini hələ "Azad Azərbaycan" qəzetində işləyən vaxtlardan tanıdığını deyərək, uzun illərdir mədəniyyət sahəsində keçirilən tədbirlərin operativ işıqlandırılmasında böyük xidmətləri olduğunu bildirib.
Daha sonra Aybəniz xanım deyib ki, Ə.Ələkbərli həmişə obyektiv və qərəzsiz yazıları ilə seçilən bir jurnalist olub.
Zaqatala RİH başçısı Mübariz Əhmədzadə isə Əlmaniz Ələkbərlinin 1998-ci ildən bu bölgədə jurnalist kimi fəaliyyətindən danışıb. Onun Zaqatalanın ictimai-siyasi və mədəni həyatında aktiv iştirak etdiyini xüsusi vurğulayıb və Əlmaniz Ələkbərlini "Fəxri Fərman"la təltif edib.