Saat 18:00 idi. Sahib yuxudan oyandı... Quzular yox idi!!! O, ətrafa baxdı və həyəcan onu daha da çətinə saldı. Axı Sahibin vur-tut 6 yaşı vardı. İl-1996-cı il idi. Onun məktəbə getməyinə hələ vaxt vardı, onunçün quzuları o otarırdı (Guya ki, məktəb açılanda quzuları Sahib otarmayacaqdımı?!). Günortanın qızmar istisi, saat 14:00, 6 yaşında körpə uşaq-Sahib çölün düzündə yuxulamışdı. Hələ Hüseynqulu kişinin qorxusu da vardı, quzular üzüm bağına düşə bilərdi. Axı sovetlər dağılmışdı, Naxçıvanda torpaq bölgüsü gedirdi. Quzuların isə ən yaxşı otlaq yeri bağarası yerlər idi. Sovxoz və kolxozlar da dağılmışdı. Sahib isə bir onu bilirdi ki, quzuların bağarasında otladığını "briqadir" bilsə, quzularını "tutacaq". O, quzuları elə vaxt otarmalı idi ki, heç kim görməsin. Amma bir problem vardı. Sahib gözünü açanda o quzular bağarasında olmalı idi, amma yox idi orda.
Hamı üçün 13 ədədi nəhs olduğu halda Sahib üçün 11 nəhsdi. Çünki həmin gün 11 quzu su olub buxarlanmışdı. Həmin gün Sahibin Bakı şəhərində yaşayan Dürdanə xalası gələcəkdi və o, xalasını ilk dəfə görəcəkdi. Çünki Sahibin Bakıya getməsi o dönəmin "əjdaha" problemlərindən idi. Nəqliyyat yoxluğu... Blokada... Üstə gəl "aclıq"... Demək ki, həmin gün xalasını görmək qismətdə deyilmiş. Sahib axşamacan 11 quzunu axtardı və artıq evə dönəndə qaranlıq düşmüşdü. Az-maz xatırlayıram, yay vaxtı idi deyə, bəlkə də, saat 22:00 olardı. Sahib evə gələndə "lələ köçüb yurdu qalmışdı", yəni Dürdanə xala gəlib getmişdi. Leyla bibisi isə gəlib bağarasından quzuları aparmışdı, başını kəssəyə qoyub yatan Sahibi isə axtarıb tapmamışdı.
... Bəli "paxıllıq" ...
Axı bu gün kənd yerində belə o yaşda olan uşaqlar o işlə məşğul olmur. Təbii ki, 1996-cı ilin uşaqları ilə bu günün uşaqları eyni həyatı yaşamır. Düzdür, Naxçıvanda blokada eyni blokadadır. Amma dövlətimizin uşaqların yaxşı yaşaması üçün əlindən gələni etməsi göz önündədir, artıq reallıq dəyişib. O yaşda uşaqlar ya məktəbəqədər dərslərə, ya da bağçalara cəlb olunur. Onların təhsili və gələcəyi ilə müəllimlər məşğul olur. Əl-ayağı təmiz öyrənirlər sadəcə. Nəyimi öyrənirlər?! Bu suala çılpaqlığı ilə, bir az da "paxıllıq"la cavab vermək istəyirəm: təhsil alır, dərs öyrənirlər. Axı Sahibin günahı uşaqlığının 90-cı illərə düşməyi idimi?!...
Onlar tarix yazıb....
O "baldırı çılpaq" uşaqlar Prezident cənab İlham Əliyevin bir əmri ilə ərazi bütövlüyümüzü təmin etdilər. Döyüşüb qan tökdülər və... qanları da töküldü. Amma dönmədilər, torpaqlarımızı azad etdilər. O uşaqlardır ki, həmin o quzuları bu gün Qarabağda, sərhədlərimizdə yenə də "otarır"lar. Axı qarşıdakı "qoyun"dur. Biz isə təhsillə, ağılla, dünyagörüşü ilə, vətənə sevgi ilə cəbhədə - həm də istənilən cəbhədə qalib gələ bildik. Çünki dünən verdiyimiz qərarlar bu gün bizi bu nöqtəyə gətirib. Mən inanıram ki, bu günün uşaqları və gələcəyi olan gənclik bizi daha da yüksək zirvələrə apara biləcək.
Bu gün sevincdən sinəm qabarır deyə boşuna öyünmürəm. Çünki artıq Naxçıvanda Beynəlxalq orta məktəb fəaliyyətə başlayıb. Biz "keçmiş gənclik" o təhsillə böyük uğurlara imza atmışıqsa, bugünkü gənclik bizi daha və daha da irəliyə aparacaq. Azərbaycanın şanlı gələcəyi hələ irəlidədir desək, yanılmarıq. Bugünkü gənclik bizim üçrəngli bayrağımızı elmdə, təhsildə, idmanda daha neçə sahələrdə ən yüksək zirvələrdə dalğalandıracaq. Naxçıvanda Diaspor Gənclərinin IV Yay Düşərgəsinin təşkil olunması isə buna bir nümunədir. Həmin o 6 yaşlı qəhrəmanımız Sahib də bu gün dövlət idarəetməsində öz dövlətini qürurla təmsil edən gənclərdəndir. Səsimizi beynəlxalq kürsülərdə səsləndirəcək gələcəyə... İnamla irəli...
Nicat Quliyev
Naxçıvan Televiziyasının baş redaktoru