Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetində təqaüd proqramının ikinci mərhələsi ilə bağlı görüş təşkil olunub. Görüşdə “Azercell Telekom” MMC İnsan resursları departamentinin nümayəndələri proqramın mahiyyəti və ondan yararlanmağın yollarını izah ediblər.
Təqaüd proqramı haqqında ətraflı məlumat verən “Azercell”in əməkdaşları bildiriblər ki, əsas məqsəd təhsildə müvəffəqiyyət əldə edən yüksək potensiallı tələbələrə xüsusi qayğı göstərmək, onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək verməkdir.
Proqramın bütün seçim mərhələlərini uğurla keçən tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaq. Eyni zamanda gənclər proqram çərçivəsində İKT sahəsindəki biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qoşulmaq və şirkətdə təcrübə keçmək imkanı əldə edə biləcəklər.
Qeyd edilib ki, 2008-ci ildən indiyədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 156-dan artıq tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb. Tələbə təqaüdü proqramı Bakı, Bölgə, Sabah olaraq 3 istiqamətdə həyata keçirilir. Müsabiqəyə müraciət etmək üçün tələbələr şirkətin rəsmi internet səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidir. Ərizələr yalnız onlayn formada qəbul edilir. Təqaüd proqramının sonunda isə tələbələr sertifikat ilə təmin olunurlar.
Sonra ikinci mərhələnin şərtləri açıqlanıb. 15-i riyaziyyat, 15-i isə ingilis dilindən tərtib olunan suallar yazılı formada tələbələrə təqdim olunub. Qeyd olunub ki, bu il Naxçıvan şəhərindən 31 nəfər müsabiqənin birinci mərhələsindən uğurla keçib. Bu tələbələrin 30 nəfəri Naxçıvan Dövlət Universitetinin, 1 nəfəri isə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsidir. 1 saat davam edən imtahanın nəticələri müsabiqəni uğurla keçən tələbələrə “Azercell Telekom” MMC əməkdaşları tərəfindən onlayn formada göndəriləcək.