Daha dərdləşməyə heç nə qalmayıb

A- A A+

İnsan bəzən söhbətləşməyə, dərdini deməyə, içini açmağa adam tapmayanda öz-özünə danışır. Özüylə danışıb yorulanda isə üz tutur doğulduğu, böyüyüb boya-başa çatdığı yerə. Böyüdüyü məhəlləsi, doğulduğu koması, oynadığı küçələr onun ən yaxın dostuna çevrilir, ən mərhəm sirdaşı olur. Mən bunu özüm etmişəm deyə yazmıram. Belə hadisələrin bir neçə dəfə dostların da başına gəldiyinin şahidi  olmuşam. Yaxın bir dostum var, Fəxrəddin Salim. O, illərdir ki, paytaxt Bakı şəhərinə köçüb orada yaşayır. Ehtiyacdan, dərddən, kimsəsizlikdən, gərəksizlikdən, etinasızlıqdan baş götürüb qaçanların sığındığı şəhəri deyirəm. Nəğməkar şair İslam Səfərlinin Xəzərin qoynuna sığınan nazlı gəlinə bənzətdiyi, gözəl Bakımızdan danışıram. Milyonlarla qaçqının, kimsəsizin, atılmışın, satılmışın son mərhəmətli ünvanına çevrilən qayğılı paytaxtımızı nəzərdə tuturam.

Dostum Fəxrəddin bəy bu yazda qızı ilə birgə atasının il mərasiminə gəlmişdi. İl mərasiminə 1-2 gün tez gəlmişdi ki, illərdir ayrı düşdüyü, arzularının pöhrələndiyi, lakin  çiçək açmadığı bu doğma şəhərini gəzib görə bilsin. Mən onları hava limanında qarşıladım. Dostum avtomobilə minər-minməz dedi:

-Qardaş, sür maşını dədə məhəlləmə, gecə yuxuda binamızı görmüşəm. Atam da yanımda idi.

Biz onun doğulduğu binaya yaxınlaşanda o, "maşını saxla" dedi və maşından enə-enə dodağının altında zorla eşidiləcək şəkildə pıçıldadı: “Sən bir taleyin ironiyasına bax. Həyətində yalın ayaqla oynadığım binamızın önünə indi əsa ilə gəlmişəm”.

Hiss etdim ki, qəhər onu boğur. O, təklənmək, qızına uşaqlığı keçən yerləri göstərmək istəyirdi. Məhəlləsi ilə, bir vaxtlar ona ən doğma olan binası ilə danışmaq, baş-başa qalmaq istəyirdi. Avtomobildən düşüb təlaşlı addımlarla bir vaxtlar evləri yerləşən və sonra atasının ehtiyac ucundan satdığı evin girişinə yaxınlaşdılar və qəhərdən boğula-boğula qızına nələrsə danışır, göstərirdi. Danışdıqca yuxarıya - 4-cü mərtəbəyə baxırdı. Mən isə onların ardınca yürüyürdüm. Dediyi sözləri eşidirdim. O deyirdi: "Hə, bir vaxtlar anam o balkona çıxıb oradan məni səsləyər, mən oynayan səmtə baxardı. İndi anam yoxdur. İndi o balkondan, deyəsən, başqası baxır. Heç tay-tuşlarımdan da kimsə qalmayıb. Hanı, bəs adımı padyezimizin girişinə yazmışdım? Görürsən, qızım, onu da siliblər, mənim kiçik bir xatirəmi belə saxlamayıblar".

Onlar pilləkənlə binanın girişinə qalxdılar. Fəxrəddin adını yazdığı divara əlini qoyanda gördüm ki, göz yaşlarını saxlaya bilmir. Mən də qəhərlənmişdim. O, gah divarla, gah binayla, gah da qızı ilə danışırdı, mən də içimdəki səslə.

İkimiz də danışırdıq. O, bir az ucadan, mən isə içimdə. 5 dəqiqəyə yaxın vaxt keçmişdi. Mən ona baxa-baxa deyirdim: “Deməli, belə də olurmuş. Adam binayla, daşla, ağacla, hətta heykəllə də danışa bilərmiş”.

Onlar geriyə döndülər. Biz avtomobilə doğru addımlayırdıq. Onun dodaqları, əlləri, hətta əlində tutduğu əsası belə titrəyirdi. Mən ona heç nə demir, heç nə soruşmurdum. Bilirdim ki, o, xəyalında hələ də uşaqlıq çağlarındadır. Analı-atalı vaxtlarında. Onu bu xoş, amma kədərli xəyallardan ayırmamaq üçün susurdum. Maşında o, eynəyini çıxarıb əlinin dalı ilə gözlərini sildi. Sonra bizdən gizlədirmiş kimi üzünü yana tutub dedi:

“Qardaş, mən burada böyümüşəm, bax burada”. Dedim, bilirəm.

Dedi: "Amma indi burada nə mən bir kimsəni tanıyıram, nə də məni tanıyan var. Hamı dəyişilib, hətta binamız da. Bilirsən, gecə yuxuda nə görmüşdüm? Binamız adam kimi mənimlə danışırdı. Durdum və özümə söz verdim ki, hava limanından çıxan kimi bura gələcəyəm. Sən də sağ ol, bizə böyük bir xoşbəxtlik bəxş etdin. Bilirsən, mənim ömrümün ən şirin çağları burada keçib. Düzdür, kasıb olmuşuq, amma qürurlu olmuşuq. Rəhmətlik atam bizə haram tikə yedirtməyib".

O, danışırdı, mənimsə xəyalım quş kimi pərvazlanıb kəndimizə uçmuşdu. Bəli, yaxşı yadımdadır. Mən də eynilə dostum kimi bir neçə il əvvəl kəndimizdəki uçuq komamızla danışmışdım. Ona yetim demişdim.

Bəli, deməli, evlər də insanlar kimidir. İnsan atadan-anadan yetim qalır, evlər isə insan nəfəsi kəsiləndən sonra yetim qalırmışlar.

İndi isə gəlim mətləbə. Akademiyada televiziya işçilərinin az qala əksəriyətinin tanıdığı, hörmət etdiyi ziyalı bir dostumuz var, Musa Quliyev. Bir neçə gün əvvəl Tv-nin mühafizəçisi zəng etdi ki, bir nəfər var sizin yanınıza gəlmək istəyir. Kimliyini bilən kimi dedim, özüm gəlirəm. Gedib qarşıladım, otağıma dəvət etdim. Mən Musa müəllimi tanıdığımdan bilirəm ki, o, elə-belə boşuna bura gəlməyib. Otağa keçən kimi, niyə gəldiyini özü dedi. Dedi: "Qardaş,  heç elə olubmu ki, daşla-divarla, hər hansısa bina ilə danışasan?" Bəli deyən kimi dedi ki, sən tapırsan, bəs axı mən danışdığım binaların ya cildini dəyişiblər, ya da ki söküb yerlə-yeksan ediblər.

Mən belə həssas adamların dərdindən anlayıram. Bilirdim, ziyalı dostumuz nəyi və ya nələri nəzərdə tutub danışır.

Əsl ziyalıların var-dövlət, təmtəraq, şan-şöhrət, pul-para kimi dərdləri olmaz. Onların dərdi milli-mənəvi dəyərlərlə, Vətənlə, xalqla, tarixi köklərlə bağlı olur. Onlar kütləvi savadsızlığa, mövhumata, xurafata  qarşı çıxırlar. Əsl ziyalılar həmişə dövlətin, dövlətçiliyin yanında olurlar. Vəzifədə olmasalar da, kənardan gələn təhlükələri görə bilirlər. Qılığını, qiyafəsini dəyişib milli performans göstərənləri, "vətənpərvər" adı altında gizlənənləri əsl ziyalılar dərhal tanıya bilirlər. Bizim də bu ziyalı dostumuz bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir cənabdır.

Musa müəllim dedi: "Qardaş, biz bilirik ki, tarixi binalar bizim kimliyimiz, milli pasportumuzdur. Bəs axı bir neçə il əvvəl aparılan abadlıq-bərpa işləri adı altında bizim milli kimliyimizi məhv etdilər. Naxçıvandakı tarixi abidələr bizi, yəni burada yaşayan türk tayfalarını minilliklərə aparır. Bunu məgər anlamaq bir o qədər çətindir? Naxçıvan Muxtar Respublikasının ərazisində eramızdan əvvəllərə də, orta əsrlərə də aid yüzlərlə maddi mədəniyyət nümunələri var. Bilirsən, bərpa adı ilə neçə dəyərli abidəmizi məhv ediblər. XIX əsrdən bizə cəmi bir-iki bina qalıb. Kaş onları qoruya bilərdik".

Dəyərli alimimiz "Naxçıvanşünaslıq Mərkəzi"nin binasını nəzərdə tutub danışırdı. Soruşdu ki, bu bina haqda nə bilirəm? Mən də həmin binanın onlarla mötəbər idarələrə ev sahibliyi etdiyini vurğuladım. Dostumuz isə dedi ki, bəs bu bina Nikolayı qundaqda görən  binalardandır. Dedi: "Bilirsən, mənim tarixi binalarla hərdən gizlin, ürəyimdə söhbət etmək kimi  xüsusiyyətim var. Hərdən bu bina ilə də gedib dərdləşirdim. Amma qorxuram ki, onu da nə vaxtsa itirək və mənim bu şəhərdə dərdləşməyim üçün heç nə qalmaya".

Əslində bu bir ziyalı harayı, bir ziyalı üsyanı idi. Onun bu yanaşmasını ciddi qəbul edib tarixi binalarımızı ciddi nəzarət altına götürməyin vaxtıdır. Bu cür tarixi binalar Ordubadda, Culfada, Şahtaxtı və Qarabağlar kəndlərində, Naxçıvan şəhərində, bir sözlə Naxçıvan MR-in ərazisində yetəri qədərdir. Və onlar illərdir ki, dünyaya Oğuz türklərinin qəhrəmanlığından, mədəni dəyərlərindən, oturaq mədəniyyətlərindən, memarlıq üslublarından danışırlar.

Ətrafımız xain düşmənlərlə sarılıb. Onlarla biz diplomatik dillə, müharibə dili ilə yanaşı, həm də milli kimliklərimizlə danışmalıyıq. Bizim milli kimliklərimiz isə tarixi abidələrimizdir. Möminə xatun türbəsi, Yusif Küseyiroğlu, İmamzadə, Buzxana, Qeysəriyyə, “Naxçıvanşünaslıq Mərkəzi” kimi tanıdığımız bina və adlarını saymadığımız onlarla başqa-başqa tarixi tikililərimizdən söhbət gedir.

Əziz həmvətənlərimiz, əgər söhbət milli-mənəvi məsələlərdən gedirsə, ehtiyatlı olun. Ağac kökü üstə var olduğu kimi, biz də milli-mənəvi dəyərlərimizin üzərində bərqərarıq. Gəlin tariximizə sahib çıxaq, qoruyaq milli kimliyimiz olan qədim tikililərimizi. İşi peşəkarlara tapşıraq ki, korlamasınlar ulu keçmişimizdən qalan yadigarları.

                                                               Müzəffər Zəfər

Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: