Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikanın uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq demoqrafiya sahəsində dövlət siyasətinin əsas məqsədi demoqrafik prosesləri sürətləndirərək əhali artımını təmin etməkdir. Demoqrafiya siyasəti dövlətin sosial siyasətinin mühüm və başlıca tərkib hissəsi olub, onun əsasını təşkil edir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin effektivliyinin öyrənilməsi məqsədilə əhalinin siyahıya alınması keçirilməkdədir. Siyahıyaalma hər hansı bir ərazidə yaşayan əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu məlumatların vaxtaşırı toplanması, ümumiləşdirilməsi və təhlili prosesidir. Siyahıyaalma vahid prinsiplər və proqram əsasında bütün ərazidə, eyni zamanda adbaad, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Sorğu yolu ilə əldə olunmuş məlumatların ümumiləşdirilmiş yekunlarından iqtisadi təhlillərdə, sosioloji tədqiqatlarda geniş istifadə edilir.
Azərbaycan Respublikasında əhalinin siyahıya alınması Birləşmiş Millətlər Təşkilatının tövsiyələrinə uyğun olaraq hər 10 ildən bir keçirilir. Ölkəmizdə əhalinin birinci milli siyahıya alınması 1999-cu, ikincisi isə 2009-cu ildə keçirilib.
Naxçıvan Muxtar Respublikasında 1999-cu ildə keçirilmiş siyahıyaalmada əhalinin sayı 354 min 72 nəfər, 2009-cu ildə isə bu göstərici 398 min 323 nəfər olmuşdur. 2009-cu ildə keçirilmiş siyahıyaalmada əhalinin 198 min 267 nəfərini və ya 49,8 faizini kişilər, 200 min 56 nəfərini və ya 50,2 faizini qadınlar təşkil etmişdir. Əhalinin 115 min 488 nəfəri və ya 29 faizi şəhər yerlərində, 282 min 835 nəfəri və ya 71 faizi kənd yerlərində məskunlaşıb.
Son illər əhali artımında müsbət miqrasiya ilə yanaşı, yeni doğulanların sayı əsas rol oynamış, muxtar respublika əhalisinin sayı 1 noyabr 2018-ci il tarixə 455 min 592 nəfər olmuşdur. Müqayisə üçün qeyd edək ki, birinci və ikinci siyahıyaalma dövrlərində əhalinin sayı 44 min nəfər artdığı halda, son 9 ilə yaxın – yəni 2010-cu ildən cari ilin noyabr ayının əvvəlinə olan dövrdə əhalinin sayı 53 min nəfər artmışdır. Heç şübhəsiz ki, əhali artımı muxtar respublikada əldə olunmuş sosial-iqtisadi inkişafın uğurlu nəticəsidir.
Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanı ilə növbəti siyahıyaalma 2019-cu il oktyabr ayının 1-dən 10-dək keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıya alınması üzrə hazırlıq işlərinin görülməsi, onun keçirilməsi, bu sahədə müvafiq nazirlik, komitə, idarə və təşkilatların, şəhər və rayon icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək məqsədilə 2016-cı il 26 dekabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıya alınmasına yardım komissiyasının yaradılması haqqında” Sərəncam imzalanmışdır. Müvafiq sərəncamın icrası istiqamətində 2017-ci ildə muxtar respublikamızda əhalinin siyahıya alınmasına yardım komissiyasının iş planı təsdiq edilmişdir. Həmin planda yerinə yetiriləcək işlər müəyyənləşdirilmiş, şəhər və rayon icra hakimiyyətlərində əhalinin siyahıya alınmasına yardım komissiyaları yaradılmış, icraya məsul orqanlara konkret tapşırıqlar verilib.
Mühüm dövlət tədbirinin əsas icraçısı kimi əhalinin siyahıya alınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə olunub.
Təsdiq olunmuş iş planına əsasən cari ilin ötən dövründə muxtar respublikanın şəhər və rayonlarının yaşayış məntəqələri üzrə sxematik plan və xəritələri hazırlanmış, evlərin, mənzillərin sayı və digər göstəricilər haqqında məlumatlar dəqiqləşdirilib.
Əldə olunmuş məlumatlar əsasında muxtar respublikanın hər bir inzibati ərazi vahidi üzrə təşkilati planlar hazırlanmışdır. Təşkilati plana əsasən şəhər və qəsəbələr üzrə siyahıyaalma məntəqələrinin, şəhər və qəsəbələr üzrə təlimatçı və sayıcı məntəqələrinin, kənd yerlərində siyahıyaalma məntəqəsinin təlimatçı və sayıcı məntəqələri üzrə tərkibləri müəyyənləşdirilmiş, şəhər, qəsəbə və kənd yerlərində siyahıyaalmanın rayonlaşdırılması başa çatdırılıb.
Mehmanxana və istirahət mərkəzlərinin, xəstəxanaların, sosial xidmət müəssisələrinin, yataqxanaların və digər müvəqqəti yaşayış üçün nəzərdə tutulan obyektlərin və əhalinin müvəqqəti toplaşdığı obyektlərin – yəni hava limanının, dəmir yolu və avtobus vağzallarının sayı və başqa göstəriciləri hər bir inzibati ərazi vahidi üzrə müəyyənləşdirilib.
Əhalinin siyahıya alınması üzrə həyata keçirilən hazırlıq işləri bu mühüm tədbirin muxtar respublikada vaxtında, dolğun və mütəşəkkil keçirilməsinə imkan yaradacaqdır.