Görkəmli fransız yazıçısı Aleksandr Düma “Qafqaza səyahət” əsərində yazırdı ki, elə xalqların adamları var ki, öz əli ilə imza qoyduğu, möhür vurduğu sənəddən belə boyun qaçırır. Azərbaycanlılarda isə kişi sözü var. Onlarla bir şey barədə sövdələşəndə sənəd, imza və möhür tələb etmək lazım deyil. Azərbaycanlılar verdiyi sözdən heç vaxt dönməzlər. Bəli, bu sözlər təxminən 150 il bundan əvvəl, Azərbaycan xalqının mənsub olduğu dəyərlər haqqında deyilmiş ən dəyərli sözlərdən biridir.
“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarında qeyd olunur ki, mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Cinayət qanunvericiliyi də mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə olunmasını nəzərdə tutur. Mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri dələduzluqdur. Azərbaycan dilinin izahlı lüğətində “dələduz” sözü fırıldaqçı, adamaldadan, hiyləgər kimi qeyd olunur.
Cinayət qanunvericiliyi ictimai təhlükəli və hüquqazidd əməl olan dələduzluq cinayətinə isə belə anlayış vermişdir: Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Yəni bu cinayət əməlinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil edir. Dələduzluq nəticəsində təqsirkar təkcə özgənin əmlakını yox, həm də həmin əmlaka olan hüquqlarını qanunsuz əldə edir.
Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər.
Dələduzluq talamanın bir forması olmaqla onun əsas əlamətlərini özündə ehtiva edir. Lakin talamanın digər formalarından fərqli olaraq bu cinayət törədilmə üsulunun özünəməxsusluğu ilə seçilir. Qanun əmlakın və ya əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi aldatma və ya etibardan sui-istifadəni nəzərdə tutur. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.
Törədilmiş bu əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə etmə yolu ilə dələduzluq. Burada aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması, həm də həqiqət haqqında susma başa düşülür. Həqiqətin təhrif edilməsi dedikdə, təqsirkarın müəyyən faktların mövcud olması və ya olmaması barədə yalan məlumat verməklə zərərçəkmişi aldadaraq ondan əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə, təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Bu baxımdan, əgər məlumatların saxtalaşdırılmasının və ya xəbər verilməsi zəruri olan məlumatların gizlədilməsinin təqsirkar tərəfindən qabaqcadan düşünülərək edilməsi müəyyən olunmazsa, onda dələduzluq cinayəti olmayacaqdır.
Aldatmanın məzmununu çox hallarda yalan vədlər təşkil edir. Həmin vədlərin köməyi ilə dələduz əmlakı ələ keçirmək məqsədi ilə zərəçəkmişi öz həqiqi niyyətləri barədə aldadır. Başqa şəxsə rüşvət verəcəyi adı ilə aldatma və ya etibardan sui-istifadə etməklə özgəsinin əmlakını mənimsəmək üçün ələ keçirən təqsirləndirilən şəxsin əməli dələduzluq kimi tövsif edilməlidir. Nəzərə almaq lazımdır ki, burada əmlak başqasına rüşvət vermək adı ilə ələ keçirilsə də, təqsirləndirilən şəxsin məqsədi özgənin əmlakını ələ keçirməyə yönəldiyindən bu əməl vahid qəsdlə əhatə olunur.
Dələduzluğun ən geniş yayılmış üsullarından biri də saxta sənədlər əsasında pensiya, müavinət və ya başqa ödənişlər almaqdır. Şəxsin aldatma və ya etibardan sui-istifadə etməklə pensiya, müavinət və başqa ödənişlər şəklində dövlət vəsaitlərini alması dələduzluq yolu ilə əmlakın ələ keçirilməsi kimi qiymətləndirilməlidir. Belə halda bilə-bilə həmin məqsəd üçün təqsirləndirilən şəxsə saxta sənədlər verən şəxs vəzifəli olub-olmamasından asılı olmayaraq dələduzluğa köməkçiliyə və sənədləri saxtalaşdırmaya görə cinayətlərin məcmusu qaydasında məsuliyyət daşımalıdırlar.
Dələduzluğun ikinci törədilmə üsulu etibardan sui-istifadə etmə hesab edilir. Bu zaman təqsirkar, onunla əmlakın sahibi və ya mülkiyyətçisi arasında yaranan müəyyən etibar, inam münasibətlərindən istifadə edir. Belə münasibətlərin əsasında müqavilədən, sazişdən irəli gələn mülki-hüquqi və yaxud əmək münasibətləri durur. Məsələn, əmək müqaviləsi üzrə hər hansı işləri yerinə yetirmək üçün əmlak və ya pul avansı alan şəxs öz öhdəsinə götürdüyü işi faktiki olaraq yerinə yetirmir və əvəzsiz olaraq əmlakı və ya pul avansını öz xeyrinə keçirir. Bu əməl o vaxt dələduzluq hesab edilir ki, təqsirkar şəxs əmlakı əldə edərkən niyyəti öhdəliyin yerinə yetirilməsinə deyil, özgə əmlakını əvəzsiz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş olsun.
Qızıl pul adı ilə saxtalaşdırılıb həqiqi sikkə kimi ayrı-ayrı şəxslərə satılma halları valyuta əməliyyatı qaydalarının pozulması kimi deyil, dələduzluq kimi qiymətləndirilməlidir. Vətəndaşların pulunu və ya əmlakını ələ keçirmək məqsədi ilə narkotik vasitə, psixotrop, güclü təsir edən və ya zəhərli maddələr adı ilə hər hansı başqa vasitə və ya maddələri satan şəxslərin əməli dələduzluq kimi tövsif olunmalıdır. Belə halda alıcılar, qanunda nəzərdə tutulmuş əsaslar olduqda, narkotik vasitələri, psixotrop, güclü təsir edən və ya zəhərli maddələri əldə etməyə cəhdə görə məsuliyyətə cəlb oluna bilərlər. Dələduzluğu talamanın başqa formalarından fərqləndirmək lazımdır, çünki talamanın bəzi başqa formaları zamanı da aldatmadan istifadə edilə bilər. Dələduzluqda aldatma zərərçəkmiş şəxsi yanıltmağa yönəlmişdir ki, belə yanıltma nəticəsində həmin şəxs öz əmlakını könüllü olaraq təqsirkara verir.
Dələduzluq zamanı əmlakın və ya əmlaka olan hüquqların təqsirkara verilməsi həmin predmetlərin dələduza təkcə faktiki verilməsini nəzərdə tutmur. Bu zaman həmin əmlak üzərində mülkiyyət hüququnun bəzi elementləri də təqsirkara verilir. Ona görə də qısamüddətli işlərin görülməsi hallarında etibar edilmiş əmlakı talama dələduzluq kimi tövsif edilə bilməz. Dələduzluğun subyektiv cəhəti oğurluq tərkibinin eyniadlı əlamətləri ilə analojidir. Dələduzluq cinayətinin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxslər ola bilər. Cinayət qanunvericiliyində dələduzluğun xüsusilə tövsifedici əlaməti kimi əməlin mütəşəkkil dəstə tərəfindən törədilməsi, əməlin külli miqdarda ziyan vurmaqla törədilməsi və əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq əməlinin törədilməsi min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə, dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
Qeyd olunan əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda (əlli min manatdan yuxarı lakin beş yüz min manatdan artıq olmayan məbləğdə) ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı olan məbləğdə) ziyan vurmaqla törədildikdə isə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.
Psixoloqlar isə qeyd edirlər ki, hər hansı bir şəxs etibardan sui-istifadə edirsə, insanları aldadırsa, həmin şəxsdə ilk növbədə bütöv şəxsiyyət çatışmazlığı mövcuddur. Həmin insanların xarakterində mənfi əlamətlər üstünlük təşkil edir. Eitabrdan sui-istifadə edən insanlarda ilk növbədə özgüvən aşağıdır. Və onlar özlərində olan özgüvənsizliyin mahiyyətini dərk edə bilmirlər.
Digər tərəfdən həmin şəxslərdə mənəvi zənginlik aşağı səviyyədədir. Bir insanın mənəvi zənginliyi onun münasibətlər zənginliyində ifadə olunur. Etibarsız insanlara qarşı isə cəmiyyətin münasibəti həmişə soyuq olub. Onlar cəmiyyətin sosial nəzarətini nəzərə almalıdırlar.
Sonda görkəmli fransız yazıçısı Aleksandr Dümanın “Qafqaza səyahət” əsərindəki sözlərini bir daha xatırltmaq istərdim: "Elə xalqların adamları var ki, öz əli ilə imza qoyduğu, möhür vurduğu sənəddən belə boyun qaçırır. Azərbaycanlılarda isə kişi sözü var. Onlarla bir şey barədə sövdələşəndə sənəd, imza, möhür tələb etmək lazım deyil. Azərbaycanlılar verdiyi sözdən heç vaxt dönməzlər."
Çalışaq ki, heç vaxt yaşadığımız cəmiyyətdə etibarımızı itirməyək!
Faiq Səfərov
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
şöbə rəisi, baş ədliyyə müşaviri