Geosiyasi cəhətdən olduqca həssas mövqeyə malik Azərbaycan tarixən böyük dövlətlərin maraq dairəsində olmuşdur. Güclü Azərbaycana regionda əksər qüvvələr maneə kimi baxmışlar. Tarixi zaman kəsiyində bu meyil davamlı olaraq müşahidə olunur. Azərbaycanın bütövlüyünə ən böyük zərbə isə keçən əsrin əvvəllərində vuruldu. Əvvəlcə tarixi Azərbaycan torpaqları olan İrəvanda Ararat Respublikası yaradıldı, daha sonra Zəngəzur Ermənistan Sovet Respublikasına hədiyyə edildi. Tarixi faktlar aşkar göstərir ki, o zaman bu torpaqlarda ermənilər əhalinin çox az bir hissəsini təşkil edirdi, mütləq əksəriyyət azərbaycanlılar idi.
XX əsrin əvvəllərində Naxçıvanın da Azərbaycandan qoparılması ilə bağlı siyasi oyunlar gedirdi. Zəngəzurun verilməsi ilə Azərbaycanın əsas hissəsindən ayrı düşmüş Naxçıvanın Ermənistana pay verilməsi planlarını yerli əhalinin qətiyyəti və azadlıq mübarizəsi pozdu. Həmin dövrdə Naxçıvan ilk növbədə yerli əhalinin mübarizəsi və əzmkarlığı hesabına Azərbaycanın tərkibində qaldı. Naxçıvanın ayrı-ayrı kəndlərində silahlı müqavimət göstərildi. Son nəticədə sovet rejiminin burda mövcudiyyətinin təhlükə altına düşməsindən ehtiyat edən mərkəzi hökumət yerli əhalinin təkidi ilə rəy sorğusu keçirməli oldu. Naxçıvanda yaşayan əhali qətiyyətlə Azərbaycanın tərkibində qalmaq istəklərini bildirdilər.
Ümumiyyətlə, coğrafi cəhətdən kəskin kontinental iqlimə malik Naxçıvan üçün tarix boyu iki faktor həlledici olmuşdur – təbiət və insan faktoru. Ən soyuq və ən isti təbiətin yoğurduğu əhali hər zaman öz mübarizliyi ilə seçilmiş, Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq düşmənlərə baş əyməmişdir. XX əsrin əvvəllərində də Sovetlər İttifaqı tərəfindən aparılan məkrli siyasət nəticəsində bu torpağı ermənilərə peşkəş etmək istəyənlər həmin bu mübariz insan faktoru ilə üzləşdilər. Həmin dövrdə də yerli əhali tamamilə azərbaycanlılardan ibarət idi, siyahıyaalmalarda qeydə alınan ermənilər isə Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən bura köçürülənlər olmuşdur. 1920-ci il işğalından sonra Naxçıvanın Azərbaycanın tərkibində qalmaq üçün apardığı mübarizə nə mərkəzi hökumətin repressiyaları, nə də yerli bolşeviklərin süni beynəlmiləlçi ideyasına məğlub olmadı. Tarixi mənbələri göstərir ki, sovet rejiminin bütün səylərinə baxmayaraq 1920-1924-cü illər ərzində regionda sabitliyi təmin etmək mümkün olmamışdı, Naxçıvanın müxtəlif yerlərində davamlı çaxnaşmalar baş verirdi. Bu mübarizə 9 fevralda Naxçıvanın Azərbaycan SSR-in tərkibində Muxtar Sovet Sosialist Respublikası statusunu qazanması ilə yekunlaşdı.
Bu tarix müasir mərhələdə Azərbaycanın bütövlük tarixidir. Təqvimin bu günü Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını təsdiqləməklə tarixə yazıldı. Buna görə də 9 fevralı, hər şeydən əvvəl, Naxçıvanda yaşayan əhalinin qətiyyətinin zəfəri adlandırmaq olar. Min illərlə Azərbaycan tarixində özünəməxsus yeri olan bu diyar ermənilərin və onların havadarı olan xarici qüvvələrin məkrli planlarından bütövlük prinsipini saxlayaraq çıxdı. Ulu öndər Heydər Əliyev Naxçıvanın muxtariyyət qazanmasının Azərbaycan üçün nə qədər həyati əhəmiyyətli olduğunu qeyd edərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir”.
2017-ci Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunmuşdur. İslam ölkələrinin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrın 14-də keçirilən VI konfransında qəbul edilmiş qərara əsasən isə qədim Azərbaycan torpağı olan Naxçıvan 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İslam həmrəyliyi ili” elan olunması ilə bağlı sərəncamında bu məsələyə xüsusi önəm verilir: “Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır.”
Muxtar respublikanın yaradılmasının 93-cü ilində İslam mədəniyyəti paytaxtı olan Naxçıvan torpağının yetirmələrin böyük bir tarixi dövr ərzində İslam intibahının çiçəklənməsinə töhfə vermişlər. Ən azı qarşıdakı iki il ərzində İslam dünyasının xüsusi diqqət mərkəzində olacaq ölkəmizin müsəlman ölkələri arasında daha yaxından tanıdılmasına əlverişli imkan yaranmışdır. Bu yazıda hazırda müsəlman ölkələri arasında dövlət-din münasibətləri və dini tolerantlıq baxımından nümunə ola biləcək Azərbaycanın İntibah dövründə də İslam sivilizasiyasına verdiyi töhfələrə nəzər salmaq istərdik.
İslam intibahı dövrü
Azərbaycandan çıxan mütəfəkkirlərin dünyada İslam dəyərlərinin təbliğində və İslam intibahı adlandırılan dövrdə tutduğu mövqeyə işıq salmazdan əvvəl intibah dövrü anlayışına Şərqdə və Qərbdə fərqli yanaşma olduğunu qeyd etməliyik. Məlum olduğu kimi, Qərb elmi dairələrində intibah – renessans dövrü olaraq XIV-XVII əsrlər hesab olunur. İntibah dövrünə Avropa mədəniyyəti tarixində Orta əsr və Yeni dövr mədəniyyətləri arasındakı mərhələ kimi baxılır. Qərbin intibah dövrünün əsas fərqləndirici xüsusiyyəti isə ondan ibarətdir ki, bu tarixi mərhələ yalnız Avropaya şamil olunur, Şərqdəki hadisələr isə ümumiyyətlə yada salınmır. Halbuki həmin dövr Şərq-İslam mədəniyyəti Avropa ilə müqayisədə daha yüksək səviyyədə idi. Avropada özgələrinə qarşı ayrı-seçkilik üstündə qurulan bu yanaşma ümumilikdə Şərqi görməzlikdən gəlir. Təsadüfi deyil ki, Qərbdə renessans dövründən əvvəlki mərhələni “qaranlıq əsrlər” adlandırırlar.
Roma imperiyasının dağılmasından başlayaraq XIV əsrə qədərki dövrün “qaranlıq” adlandırılmasına isə İslam mədəniyyətinə qarşı ayrı-seçkilikdən başqa ad vermək mümkün deyil. Çünki bu mərhələdə nəinki Şərqdə, ümumilikdə bütün dünyada ən böyük aydınlıq, bir çox elmi və texniki kəşflər, şəhərsalmadan tutmuş incəsənətə qədər yeniliklər İslam dünyasının adı ilə bağlıdır. İslam intibahının Avropaya gətirdiyi bir çox yeniliklər İspaniyada, İtaliyada hətta müsəlmanlara qarşı aparılan rekonkista hərəkatından sonra da ən mütərəqqi nailiyyətlər hesab olunurdu.
İslam Avropaya təkcə bir dini dünyagörüşü deyil, fəlsəfi fikirdən memarlığa qədər geniş bir sahəni əhatə edən mədəniyyət olaraq daxil olmuşdu. Təəssüf ki, Avropa bu yanaşmaya xristian rekonkistası ilə cavab verdi. Avropada müsəlmanların mövcudiyyətinə son qoymaqla yanaşı, Kordovada zəngin kitabxanalar, elm məbədləri də dağıdıldı. Əslində bu yanaşma Avropa üçün yenilik deyildi. Xristianlığı qəbul edəndə Avropa xristian olmayan bütün antik mədəniyyətin dağıdılmasına çalışmışdı. Avropada məhv edilən antik mənbələri dünya yalnız müsəlman alimlərin tərcümələrində yenidən öyrənə bilmişdir. Görünən odur ki, “qaranlıq əsr”lərin reallığı budur: “İslam intibahı – xristian rekonkistası”.
Beləliklə, İslam intibahı Qərbin yalnız Avropa tərəqqi mərhələsini əks etdirən klassik renessans anlayışından fərqli olaraq ümumbəşəri prosesləri əks etdirir. İslam intibahı “antik mədəniyyətin, İslam dəyərlərinin, eləcə də təsəvvüf dünyagörüşünün sintezi” kimi formalaşmışdır. Avropa intibahından fərqli olaraq yalnız Qərb-xristian dəyərlərinə deyil, bəşəri dəyərlərə xitab edir. Buna görə də müsəlman dünyasının hər yerindən, o cümlədən Azərbaycandan bir çox dəyərli mütəfəkkirlər bu prosesin gedişatında fəal iştirak etmişlər.
İslam dünyası elmi məktəblərində Naxçıvan
Ərəb dilinin islam ümmətində birləşdirici rol oynaması orta əsrlərdə elm və mədəniyyətin inkişafında müstəsna rol oynamışdır. Böyük bir coğrafi məkanda vahid dil elm adamlarının fəaliyyət məkanının genişlənməsinə səbəb olmuşdur. Azərbaycanlı mütəfəkkirlər İslam mədəniyyəti daxilində müxtəlif elmi məktəblərin və təsəvvüf cərəyanlarının yaradıcıları, aparıcı üzvləri olmuşlar. Azərbaycandan, o cümlədən Naxçıvandan çıxan bir çox mütəfəkkirlər İslam dünyasının məşhur elmi məktəblərində özünəməxsus yer tutmuşlar.
İntibah dövründə İslam dünyasında Bağdad, Şam, Qahirə, Marağa, İsfahan, Buxara, Səmərqənd elm məbədi kimi tanınmış, bir çox alim və mütəfəkkiri öz ətrafında birləşdirmişdir. Naxçıvanla İslam dünyasının bu mərkəzləri arasında əlaqələrdə heç şübhəsiz Nəsirəddin Tusinin və onun nəslinin davamçılarının rolu qeyd edilməlidir. Məlum olduğu kimi, özü Tus şəhərində anadan olan Nəsirəddin Tusinin əsli Ordubaddandır və hər zaman bu torpağa öz diqqətini göstərmişdir. Təsadüfi deyil ki, Hülakilər dövlətində vəzir olan N.Tusi ona verilən pay torpağı olaraq məhz Ordubadı seçmişdir. Həmin dövrdə Ordubadı bütün vergilərdən azad etməklə, eləcə də rəhbərlik etdiyi Marağa rəsədxanası ilə əlaqə yaratmaqla Naxçıvanda elmin inkişafı üçün şərait yaratmışdır. XIV əsrin ortalarında Nəsirəddin Tusi nəslinin davamçıları Marağadan Ordubada köçərək burada yaşamağa başlamışlar.
N.Tusinin əsasını qoyduğu Marağa-Ordubad elmi əlaqələri Naxçıvandan olan alimlərin İslam dünyasının əksər elmi mərkəzlərinə yolunu açmışdır. Bir maraqlı faktı da qeyd etmək istərdim ki, tarixi mənbələrə istinadən Marağa rəsədxanasının qurulmasında görkəmli astronom və konstruktor Müəyyidəddin Ordubadi də iştirak etmiş, N.Tusi ilə bərabər bir çox yeni cihazların ərsəyə gəlməsində iştirak etmişdir. Ümumiliklə N.Tusinin özünün və davamçılarının ətrafında olan Naxçıvandan bir çox alim və mütəfəkkirlər Hülakilər-Elxanilər dövlət aparatında, dövrün mühüm elmi mərkəzlərində təmsil olunmuş, eləcə də sufi yolunun davamçıları olaraq müsəlman dünyasının müxtəlif bölgələrinə yayılmışlar.
XIII-XV əsrlərdə Səncər Naxçıvani sülaləsi Yaxın Şərqdə elm, mədəniyyət və dövlət idarəçiliyində ad çıxarmışdır. Onun oğlanları Nəsirəddin Qutluğşah, Fəxrəddin Hinduşah, İzzəddin Dövlətşah, Hüsaməddin Toğanşah, nəvə-nəticəsi Məhəmməd ibn Hinduşah, Kamaləddin ibn Məhəmməd Şərqin müxtəlif elmi məktəblərində Azərbaycanı təmsil etmişlər.
Orta əsrlərdə Naxçıvandan dünyaya ayaq açan, bütün dünyada və İslam Şərqində Azərbaycanı tanıdan iki böyük şəxsiyyətin adı da mütləq xüsusi qeyd edilməlidir – Əbu Bəkr Əcəmi və Fəzlullah Nəimi. Əcəmi Şərq arxitekturasında yeni məktəb yaratmışdısa, Nəimi islam dini dünyagörüşü daxilində yeni bir istiqamətin hürufi təsəvvüf yolunun yaradıcılarındandır. Əcəmi Şərq memarlıq üslubuna yeni istiqamət gətirmiş, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Hətta memar Sinanın tikdirdiyi binalarda Əcəmi üslubundan bəhrələnməsi müşahidə olunur. Təsadüfi deyil ki, zamanında ona “Şeyxül-mühəndis” adı verilmişdir.
Hürufiliyin başında duran Fəzlullah Nəiminin harada anadan olması ilə bağlı fərqli fikirlər olsa da, son tədqiqatlara əsasən onun Araz çayı sahilində yerləşən orta əsr şəhəri Astabadda dünyaya gəldiyi bildirilir. Əmir Teymurun 1394-cü ildə Əlincə qalasının ətəyində edam etdirdiyi Fəzlullah Nəiminin məzarı da burdadır. Həmin dövrdə hürufilik təliminin küfr hesab edilməsinə baxmayaraq, xalqın öz eloğlusuna böyük sevgisi sayəsində Nəiminin məzarı bu günə qədər Əlincənin ətəyində qorunub saxlanılır. Yəni, Fəzlullah Nəiminin məzarının burda əsrlərdir qorunması vətəni ilə əlaqədardır. Hürufilik təliminin XIV-XVI əsrlərdə bütün müsəlman dünyasında geniş yayıldığını və Nəiminin davamçı və müridlərinin bu geniş coğrafiyada səpələndiyini nəzərə alaraq onun sayəsində vətəni İslam dünyasında olduqca məşhur olmuşdur.
Beləliklə, orta əsrlərdə Naxçıvan İslam dünyasının siyasi, elmi, mədəni həyatında yaxından iştirak etmişdir. Bu torpağın yetirmələri olan böyük mütəfəkkirlər Azərbaycanın dünyada tanıdılmasına töhfə vermişlər. İslam mədəniyyətinin paytaxtına ev sahibliyi edəcək Naxçıvanda müasir dövrdə də İslam mənəvi-tarixi irsinin və dəyərlərinin qorunmasına və yaşadılmasına xüsusi diqqət yetirilir. Naxçıvan öz tarixi və dini abidələri ilə mədəniyyət paytaxtı olmağa tamamilə layiqdir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan türk-islam mədəniyyətinin vəhdətini əks etdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə tikilən və restavrasiya olunan – bəşəriyyətin yenidən yaranış tarixini simvolizə edən Nuh peyğəmbərin məzarüstü abidəsi, “Qurani-Kərim”də adı çəkilən Əshabi-Kəhf ziyarətgahı, min ildir Naxçıvanı bəzəyən Şərqin mirvarisi - Möminə Xatın türbəsi, Şərq İslam memarlığının incəliyini zövqlə əks etdirən Qarabağlar türbəsi, Naxçıvan şəhər-qalası və tikilməkdə olan böyük məscid kompleksi bu qədim torpağı dünyaya bir daha yaxından tanıdacaqdır.
Ərəstü Həbibbəyli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsi müdirinin müavini
"Xalq qəzeti"
9 fevral 2017-ci il