ÜST COVID-19-la bağlı texnologiyalara, biliklərə və klinik məlumatlara əlçatanlığı yaxşılaşdırmaq üzrə tərəfdaşlığın genişlənməsini elan edib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la bağlı texnologiyalara, biliklərə və klinik məlumatlara əlçatanlığı yaxşılaşdırmaq üzrə tərəfdaşlığın genişlənməsini elan edib və vurğulayıb ki, bu virusla mübarizə davam etməlidir.
NUHÇIXAN BMT-nin saytına istinadla xəbər verir ki, C-TAP adı verilən tərəfdaşlıq 2020-ci ildə ictimai səhiyyəyə yönəlmiş şəffaf və qeyri-eksklüziv lisenziya müqavilələri vasitəsilə COVID-19-la mübarizədə tibbi məhsullara vaxtında, ədalətli və sərfəli çıxışı təşviq etmək üçün başlanılıb. ÜST-nin Baş direktoru Tedros Gebreyesus bununla bağlı deyib: “COVID-19 yox olmayacaq və dünya onun profilaktikası, testi və müalicəsi üçün alətlərə ehtiyac duymaqda davam edəcək”.
Avqustun 16-na olan məlumata görə, dünyada COVID-19-a 769 806 130 təsdiqlənmiş yoluxma halları, o cümlədən 6 955 497 ölüm faktı qeydə alınıb və təxminən 13,5 milyard doza vaksin vurulub.
Azərbaycanda bugünədək koronavirus infeksiyasına 832 min 182 yoluxma qeydə alınıb, 10 min 300 nəfər həyatını itirib. Ölkədə vurulan vaksinlərin ümumi sayı isə 13 milyon 968 min 927 doza təşkil edib.