Evlərdə sağlam mühit yaratmaq və lazımlı aeroionların miqdarını artırmaq üçün bitkilər yetişdirmək və onlara qulluq etmək vacibdir. Mütəxəssislər bitkiləri donor-enerji verən və ya vampir-enerji absorbsiya edən olmaqla iki hissəyə ayırırlar. Evlərdə hündürlüyü 50 santimetrdən çox olmamaq şərti ilə 5-6 bitkini becərmək kifayətdir. Bitkilər ekoloji cəhətdən sorucu nasos vəzifəsini yerinə yetirir, karbon qazını udur və havanı oksigen qazı ilə zənginləşdirirlər.
NUHÇIXAN xəbər verir ki, bu barədə AZƏRTAC-a kimya elmlər namizədi Abuəli Hüseynli məlumat verib.
Mütəxəssis bildirib ki, ən çox oksigen sintez edən bitki sansevieriyadır. Müxtəlif növlü fikuslar civə buxarının indikatoru hesab olunurlar. Belə ki, əgər evdə az miqdarda civə buxarı varsa, o zaman fikuslar məhv olur. Filodendron, aloe (əzvay) və s. bitkilər havanı toksiki maddələrdən təmizləyə, qəhvə ağacı isə çox yaxşı ozonlaşdıra bilər. Dərman bitkisi olan aloe mənzildə olan müxtəlif növlü orqanizmlərlə mübarizədə çox effektlidir.
O, həmçinin deyib: “Bitkilər xəstəlik törədən, mikrob və virusları məhv edən xassələrə malikdirlər. Fitonsidlər çox zərərli mikroorqanizmləri məhv edə bilirlər. Evin havasını bakteriya və viruslardan təmizləmək üçün xlorofitum bitkisinin saxlanılması tövsiyə olunur. Çünki onun 24 saat ərzində mənzildə olan patogen mikroorqanizmlərin 80 faizini öldürməsi təcrübələrlə sübut edilib. Araşdırmaların nəticəsinə görə, murt (mərsin) bitkisi isə həmin mikrobların yarısını öldürmək qabiliyyətinə malikdir. Bundan başqa, asparaqus, monstera, moloçay və krasula (pul ağacı) bitkiləri də mənzildə olan mikrob və virusları 2-3 dəfə azaldır. Bundan əlavə, ev bitkiləri arasında evkalipt, prutovid və qlobulis də çox faydalıdır”.
A.Hüseynli bildirib ki, bəzi bitkilər sakitləşdirici xassəyə malik olduğundan onları yataq otağında saxlamaq məsləhət görülür. Melissa, monstera, pelarqoniya (ətirşah) və rozmarin bitkilərinin yataq otağında saxlanılması məqsədəuyğundur. Belə ki, yataq otağında saxlanılması tövsiyə edilən rozmarinin enerjisi yorğunluğu, qorxunu, həyəcanı və yuxusuzluğu aradan qaldırır.
Ev bitkilərindən olan geran donor bitkilərə aiddir. Əgər özünüzdə yorğunluq hiss edirsinizsə, o zaman həmin bitkinin yanında oturun. Onun güclü və sağlam enerjisi sizə kömək edəcək. Fikus da evinizə müsbət enerji bəxş edə biləcək qabiliyyətə malikdir. Belə ki, onun sayəsində evlərdə kin, nəzər və mübahisənin olmadığı deyilir.
Kaktus zərərli elektromaqnit şüalarını neytrallaşdırmaqla neqativ aeroionların verilməsində iştirak edir. Ona görə də bu bitkini evlərdə və iş yerlərində kompüterlərin yanında saxlamaq məsləhət görülür.