Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti avqust ayında bir sıra qərarlar qəbul edib.

Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli Qərarına əsasən Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Tibb Kolleci Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 1 avqust tarixli Sərəncamına əsasən kolleclərə məxsus əmlak və sənədlərin Naxçıvan Dövlət Universitetinə təhvil-təslim edilməsi üçün komissiya yaradılıb.

Nazirlər Kabinetinin 2023-cü il 18 avqust tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının struktruna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilərək nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı yeni redaksiyada təsdiq edilib.

Həmçinin Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının təsdiq edilməsi haqqında”Nazirlər Kabinetinin 2013-cü il 2 may tarixli Qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının üzvləri yeni tərkibdə təsdiq edilib.

Nazirlər Kabinetinin 2023-cü il 22 avqust tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib.

Nazirlər Kabinetinin 2023-cü il 23 avqust tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edilərək təqdim edilən sənədlərin “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya  sisteminə ötürülməsi nəzərdə tutulub.

Nazirlər Kabinetinin 2023-cü il 23 avqust tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qediyyatı Qaydası”nda dəyişiklik edilmişdir. Adıçəkilən Qaydaya görə fərdi şəxsi hesab dedikdə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, hər bir sığortaolunana Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta nömrəsi ilə açılan fərdi uçot məlumatlarının əks olunduğu hesab nəzərdə tutulur. 

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: