Naxçıvanda yeni su xətləri çəkilir, kəhrizlər bərpa olunur - VİDEO
Muxtar respublikada əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində tədbirlər davam etdirilir.
NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Güznüt və Çeşməbasar kəndlərinin əhalisinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə yeni su xətləri çəkilir. Bunun üçün 3 kilometr məsafədə 6 atmosfer təzyiqə davamlı 160 millimetrlik plastik borularla su xətləri çəkilir. Hazırda xətlərdə birləşdirmə və qaynaq işləri aparılır.
Muxtar respublikada əhalinin içməli su təminatında kəhrizlər də mühüm rol oynayır. Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 25 kəhrizdə cari təmir işləri aparılıb. Hazırda isə Naxçıvan şəhərinin Tumbul kəndində də lazımi təmir işləri aparılır, batmış kürələr təmizlənir.
Meliorasiya və Su Təsərrüfatı ASC-dən məlumat verildi ki, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində işlər digər ərazilərdə də davam etdiriləcək.