NUHÇIXAN xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gil Naxçıvana səfəri çərçivəsində mədəni tədbirə qatılıb. Belə ki, diplomat Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında nümayiş edilən Con Steinbeqin “Adamlar və siçanlar” tamaşasına baxıb. Naxçıvanda qastrol səfərində olan Azərbaycanın ilk inklüziv teatrı olan “ƏSA”-nın aktyorlarının ifasında təqdim edilən tamaşadan sonra diplomat kollektivlə görüşüb. Bildirilib ki, 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə təqdim edilən tamaşanın maliyyə dəstəkçisi Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyidir. Yüksək səviyyədə izləyici alqışı ilə qarşılanan tamaşadan sonra cənab Uilyam Gil Naxçıvanla bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb. Amerikalı qonaq qeyd edib ki, tamaşa çox gözəl hazırlanıb. Naxçıvanlı tamaşaçıların sonda ayaq üstə alqışlaması isə onların aktyor oyunundan riqqətə gəldiklərini və sənətə verdikləri qiyməti göstərir. “Mən bir şeyə təəssüflənirəm ki, niyə indiyə qədər Naxçıvanda olmamışam. Çox gözəl və füsunkar təbiəti var. Mən ümidvaram ki, bu gözəl yerə yenidən gələcəyəm. Məndə olan məlumata görə, yaxın gələcəkdə burada Dağ Xizəkçilik Mərkəzi istifadəyə veriləcək. Bu isə mənim Naxçıvana yenidən səfərim üçün ən gözəl imkan olacaq”, - deyə qonaq bildirib.