Kamil olmaq üçün oxumalıyıq

A- A A+

"İnsan Faylı muxtardır" və ya insan hər şeyə qadirdir. Deməli, heç də deyildiyi kimi deyilmiş. Axı elə məqamlar olur ki, aciz qalırıq. Elə hadisələr, elə proseslər baş verir ki, çarəsizliyimizi gizlədə bilmirik. Elə vəziyyət yaranır ki, çıxılmaz vəziyyətə düşürük. Bəli, sən demə, biz elə də böyük qüdrət sahibi deyilmişik. Bizi sevdiyimiz şəxslərin qəfil araya düşən həsrəti sarsıdırsa, kədərli musiqi bizi kövrəldirsə, dramatik filmlər bizi ağladırsa, ayrılıq bizi məhv edirsə, maddi sıxıntılar bizi başqasına möhtac edirsə, deməli, bizim insanı fenomenal səviyyəyə yüksəltməyə haqqımız yoxdur. Biz mükəmməl olmaq üçün çaba göstərmirik. Biz sadəcə yaşamaq üçün gənclik çağlarında bir müddət oxuyur, çalışır, özümüzü oda-közə atırıq. Və elə ki cüzi bir qismət tapırıq, ətalət bizi bürüyür və işlə ev arasında eyni marşrutla hərəkət edən robota çevrilirik. Amma əslində isə bir vaxtlar gələcəyim yaxşı olsun deyib boş mədəylə uzun gecələri yuxusuz qalıb, çətinliklərə dözüm nümayiş etdirə bilmişdik. Və elə ki ailə qururuq, birdən-birə bizdə depressiya başlayır. (Haşiyə) Qeyd edim ki, dediklərim yalnız bizə məxsusdur, Azərbaycan adlanan ölkənin coğrafiyasında məskunlaşan insanlara.

Arzuların dalınca getmək pis deyil. Amma xeyli zaman aparır. Sonra isə yaxşı yaşamağa əslində az zamanımız qalır. Bir insanı xoşbəxt etməyəcək qədər az günlər qalır bizə. O günlərin arasında özümüzə həsr etdiyimiz saatlar işə, ailəyə, uşaqlara, yaxın adamlara həsr etdiyimiz vaxtdan xeyli az olur.

Səhvlər bizə təcrübələr, təcrübələr bizə doğru yaşamağı öyrədir. Amma mahiyyətinə varmaq istəyəndə görürsən ki, doğru yaşamaq elə də asan deyil. Səni bazarda alverçi, dükanda satıcı, işdə iş yoldaşın, evdə övladın, məclislərdə yanındakı yoldaşın aldadırsa və sən də bu yalanların əhatəsində boğulursansa, boğulmamaq üçün bir saman çöpünə də əl atmaq məcburiyyətində qalırsan. Və həmişə də qurtulmaq üçün əl atdığın bu saman çöpləri sonra sənin yaşamını şərtləndirən vasitələrə çevrilir. Dostlarla görüşə vaxt tapmayanda işi bəhanə etməyə başlayırıq. İşdə evin qayğılarını yadımıza salıb üzülürük. Kommunal xərcləri ödəyə bilməyəndə maaşı gec almağımız günah keçisinə çevrilir. Qoca və ahıl qohum-əqrəbanın, qəflətən xəstələnən dost-tanışın yanına getməyəndə vaxtdan gileylənirik. Bir sözlə, aldadanların arasında biz də aldanmamaq üçün özümüzə məxsus fəndlər, üsullar tapırıq. Əslində bu üsullar əksəriyyətimizdə eynidir. Sadəcə birimiz bir dəfə mübtədayla xəbərin yerini dəyişirik, digərimiz onu pafoslu təqdim edirik. Başqa birimiz isə yazıq görkəm alaraq danışırıq. Və beləliklə də yalan və uydurduqlarımız bənzər olduğundan bir- birimizin xətrinə dəymir, yola veririk.

Günlərimiz gedir, aylarımız, illərimiz gedir ömrümüzdən. Keçən günlər ömür deyilən binanın kərpicləri kimidir. Heç vaxt tikdiyimiz evlərin kərpiclərini bir-bir saymadığımız kimi ömür sarayımızı quran günlərin də miqdarını saymırıq. Sadəcə yadımıza ildə bir dəfə düşən doğum günlərimiz olur, onu da mahiyyətinə varmadan qeyd edirik, keçib gedir.

Bəs Viktor Hüqonu oxumağı, Lev Tolstoyu, Fyodor Dostoyevskini, Qabriel Qarsio Markesi, Umberto Ekonu, Rabindranat Taqoru, Antuan de sent Ekzuperini və yüzlərlə ömür-günlərini varaq-varaq edib kitab yazan digər yazıçı və şairlərin, ədəbiyyat adamlarının yazdıqlarına necə, göz gəzdirməyə vaxt tapa bilirik? Yox, deyəsən. Ona heç vaxt tapa bilmirik.

"Niyə oxumuruq?" deyə soruşsaq, ona cavabımız daha bəsit olacaq. Çünki əksəriyyətimizin cavabı bəllidir. Burada nə vaxt bəhanəsi var, nə də imkan. Cavab budur. Sadəcə oxumaq istəmirik. Çünki əksəriyyətimizdə oxumaq həvəsi, mütaliə etmək instinkti itib. Özü də indi yox, çoxdan itib. Kapitalizmin ən vacib elementi olan pulun dalına düşdüyümüz vaxtdan itib bizim oxumaq kimi ən vacib dəyərimiz. Əslində bu dəyər bütün başqa vacib dəyərlərin padşahıdır. Milli dəyərlərdə, insani keyfiyyətlərdə, dünyəvilik, comərdlik, igidlik, vətənpərvərlik, dövlətə bağlılıq, millətə simpatiya oxusu, elmi gücü olan adamlarda tam fərqli olur. Oxusu, savadı, elmi, dünyagörüşü olan adamları hədəfdən yayındırmaq asan deyil. Bəs, görəsən, oxumaq nədir? O vərdişmidir, gen yaddaşından gələn xüsusiyyətmidir, sonradan qazanılan dəyərmidir? Bunu cavablandırmaq istəsək, hərə bir cür yanaşacaq. Amma əsas məsələ budur ki, oxumaq vacibdir. Oxumağı, mütaliə etməyi həyat tərzinə çevirməliyik. Hava kimi, su kimi vacibdir oxumaq. Dünyanın zaman adlı sürət qatarından qalmaq istəmiriksə, oxumalıyıq. Düşmənlərimizə yenilmək istəmiriksə, oxumalıyıq. Müstəqilliyimizin əbədi olmasını istəyiriksə, oxumalıyıq. Uşaqlarımızın xoşbəxt gələcəyini görmək istəyiriksə, oxumalıyıq. Qarabağ problemi kimi bizi 30 il geri salan iyrənc problemləri övladlarımıza saxlamaq istəmiriksə, oxumalıyıq.

Bazar şərtlərinin diktə etdiyi varlanmaq hərisliyini kənara qoyub oxumalıyıq. Kütlə psixologiyasından, toplum olmaqdan qurtulmaq, ictimaiyyəti formalaşdırmaq istəyiriksə, oxumalıyıq. Xurafatdan, mövhumatçılıqdan, dini sektaların, çoxbilmişlərin yaratdıqları mənsəblərdən, bəzi özünü imam adlandıran adamların toruna düşməməkdən ötəri çoxlu-çoxlu oxumalıyıq.

Kamil adamı aldatmaq, onu yönləndirmək, onu nağıllara inandırmaq çətindir. Bəli, kamil olmaq üçün oxumalıyıq, mənim əzizlərim. 

Müzəffər Zəfər

Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: