Ölkənin regionlarından olan 100 gənc Naxçıvanla tanış olur - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycanın regionlarından fəal gənclərin və Gənclər təşkilatlarının üzvlərindən ibarət 100 nəfər gəncin Naxçıvan Muxtar Respublikasına ekskursiyası təşkil olunub. Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar təşkil edilən səfərin ilk günündə qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Daha sonra onlar “Xan Sarayı” Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiya ediblər. “Əshabi-Kəhf” Dini Mədəni Abidə Kompleksi ilə tanışlıqdan sonra isə “Naxçıvan” Universitetində “Naxçıvan şəhəri Gənclər Paytaxtıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov muxtar respublikada gənclərə göstərilən dövlət qayğısı ilə bağlı iştirakçılara ətraflı məlumat veriblər. Naxçıvanda gənclərin qazandığı uğurlardan danışıblar. Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilməsi, eyni zamanda İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar Naxçıvan şəhərində keçirilən bir sıra ölkə və beynəlxalq səviyyəli tədbirlər vurğulanıb.
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov isə çıxışında qeyd edib ki, ölkəmizdə həyata keçirilən inkişaf siyasəti bütün sahələrdə çoxsaylı uğurların əldə edilməsinə səbəb olub.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin tələbəsi Hüseyn İmanov və “ASAN könüllülər” İctimai Birliyinin sədri Səbinə Cabbarovanın da çıxışları olub. Tədbirin sonunda Naxçıvan televiziyası tərəfindən hazırlanan “Naxçıvan şəhəri Gənclər Paytaxtı” filmi nümayiş etdirilib. Tədbirdən sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Qeyd edək ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi tədbir çərçivəsində ölkəmizin regionlarından olan gənclərin muxtar respublikamıza ekskursiyası davam edir.