NUHÇIXAN xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ixracyönümlü müəssisələrin sahibkarları ilə maarifləndirici seminar keçirilib.
Seminarda İqtisadiyyat Nazirliyinin əməkdaşları sahibkarlıq sahəsində qarşıda duran vəzifələrdən və muxtar respublikada istehsal olunan məhsulların ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.
Qeyd edilib ki təkcə cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada 374 milyon 768 min ABŞ dolları xarici ticarət dövriyyəsi qeydə alınıb və ixracın dəyəri bir il öncəyə nisbətdə artaraq 330 milyon ABŞ dollarından artıq olub. Xarici ticarətdə 286 milyon ABŞ dollarına yaxın müsbət saldo yaranıb.
Vurğulanıb ki, Naxçıvanın ixrac potensialını artıran addımlardan biri də 2017-ci ilin oktyabrında Türkiyə Respublikası Hökümətinin qəbul etdiyi qərardır. Xatırladaq ki, bu qərara əsasən qardaş ölkəyə ixracatda Naxçıvan Muxtar Respublikasında istehsal edilən sənaye və kənd təsərrüfatı məhsullarına sərbəst ticarət imkanı verilib.
O da qeyd edilib ki, təkcə ötən il ərzində 50-dən çox xarici ölkə ilə ticarət əlaqələri aparılıb.
Tədbirdə Sahibkarlığın İnkişafı Fondunun icraçı direktoru Seymur Cəfərov fondun yeni qaydalarını ətraflı şərh edib.
Tədbirdə sahibkarlara muxtar respublika iqtisadiyyatı üçün prioritet hesab edilən 40 yeni layihə təqdim olunub.
Əbülfəz Dünyamalıyev