NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə 3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə “Gənclik Mərkəzi”nin foyesində təşkil olunan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra “Beynəlxalq Əlillər Günü”nə həsr olunan konsert və sərgilərdə fəal iştirak edən şagirdlər mükafatlandırılıblar.
Sonda uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların ifasında konsert olub. Konsertdə şagirdlər ritmik muğam, xalq rəqsləri, görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Cahangir Cahangirov, Tofiq Quliyev, Vasif Adıgözəlov və başqalarının müxtəlif janrlı əsərlərini səsləndiriblər.
Sadiq Məmmədov