DSX: Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar - FOTOLAR
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən NUHÇIXAN-a bildirilib ki, sentyabrın 9-da saat 21:44-də “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Zuxul kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Nepal Federativ Demokratik Respublikasının vətəndaşları - 2001-ci il təvəllüdlü Karkı Ghımıre Renuka, 1994-cü il təvəllüdlü Bahattaraı Menuka, 1997-ci il təvəllüdlü Pantha Bal Krıshna, 1986-cı il təvəllüdlü Raut Dıp saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya, oradan isə Portuqaliyaya miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.
Sentyabrın 10-da saat 13:45-də “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan İran vətəndaşı - 1977-ci il təvəllüdlü Parsabad şəhər sakini Həmidi Bəhmən Hacımahmud sərhəd pozucusu qismində saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədi ilə pozması müəyyən olunub.
Sentyabrın 10-da saat 21:45-də “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları - 1993-cü il təvəllüdlü Seraj Helaluddin Serajeddin və 1997-ci il təvəllüdlü Haidari Ezatulla Abdulkasım sərhəd pozucusu qismində saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədi ilə pozmaları müəyyən olunub.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.