Bu gün muxtar respublikamizda həyata keçirilən sosial tədbirlər içərisində mənzil tikintisi xüsusi yer tutur. İnsanların, o cümlədən gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülür, hər il Naxçıvan şəhərində və rayon mərkəzlərində yeni yaşayış binaları tikilir, mövcud yaşayış binalarında yenidənqurma işləri aparılır.
Həyata keçirilən tədbirlərin davamı olaraq Qıvraq qəsəbəsində gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və rahat mənzillərlə təmin olunması məqsədi ilə 48 mənzilli yeni ictimai yaşayış binası inşa olunub. Zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olan binadakı mənzillərin 24-ü ikiotaqlı, 24-ü isə üçotaqlıdır.
Zirzəmidə fərdi qazanxana, anbar, gözəllik salonu yerləşəcək. Burada rayonun müxtəlif idarə, müəssisə və təşkilatları üçün 8 iş otağı ayrılacaq. Binanın ətrafında abadlıq-təmir işləri aparılıb, yeni işıqlandırma sistemi və su xətti çəkilib, yaşıllıq zolağı salınıbdır.
Qeyd edək ki, yeni yaşayış binası yaxın günlərdə gənc ailələrin istifadəsinə veriləcək.
“Yenihəyat”
qəzeti