Naxçıvan sakinlərinə təxribat xarakterli anonim mesajlar gəlir - FOTOLAR

A- A A+

Son günlər Naxçıvan sakinlərinə müxtəlif mənbələrdən gələn mənşəyi bilinməyən anonim mesajların sayı artmaqdadır. Sakinlərin redaksiyamıza çoxsaylı müraciətlərini nəzərə alaraq apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, son bir neçə gün ərzində ölkəmizin əksər vətəndaşlarına bu tipli mesajlar gəlməkdə davam edir. Ən çox kommersiya, tanışlıq və hərbi sirri əldə etməyə istiqamətlənmiş anonim mesajlara aldanmaq düşmən dəyirmanına su tökmək deməkdir. Həm də mobil telefonlara göndərilən mesajlar vətəndaşların pul vəsaitlərinin oğurlanmasına səbəb olur. Buna görə də mütəxəssislər və rəsmi dövlət qurumları vətəndaşları bu tipli məlumatlar alarkən ehtiyatlı olmağa, anonim mesajlara reaksiya verməməyə çağırır.

Təəssüf ki, “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının kütləvi şəkildə ələ keçirilməsi hallarına rast gəlinməkdədir. Elektron Təhlükəsizlik Xidməti mobil operatorlarla birgə vətəndaşlara mövcud kibertəhlükələr barədə məlumatlandırıcı və maarifləndirici SMS-lər göndərməsinə baxmayaraq hələ də anonim mesajlara aldananlar var.

Son günlər Ermənistanın Azərbaycanla şərti sərhəddə və Naxçıvan istiqamətinə hərbi qüvvələr cəmləməsi fonunda vətəndaşlarımıza Ermənistan Müdafiə Nazirliyinin rəsmi səhifələrində erməni xislətinə xas şirnikləndirici müraciətlər dərc olunmaqdadır. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmi müraciətində Azərbaycan vətəndaşlarını vətənə xəyanətə təşviq edərək hərbi sirr təşkil edən məlumatların erməni tərəfinə ötürülməsi təklif edilir. Hətta yalan vədlərlə Azərbaycan Silahlı Qüvvələrinin yeri, hərəkəti və planları ilə bağlı istənilən məlumat üçün 5000 dollardan başlayaraq pul təklif edilir. Eyni zamanda vətənə xəyanət edəcək şəxsin istənilən ölkəyə qaçmasına köməklik göstərilməsinə şərait yaradılması da vəd edilir.

Narahatlıq doğuran məqamlardan biri də sosial şəbəkələrin Azərbaycan seqmentində hərbi texnikanın və şəxsi heyətin hərəkəti, dislokasiyası ilə bağlı özlərini “vətənpərvər” hesab edən şəxslər tərəfindən videogörüntülərin paylaşılmasıdır. Bu da onu göstərir ki, həmin “vətənpərvərlər” məhz elə erməni terrorçularına lazım olan məlumatları asanlıqla düşmənə ötürür və hərbçilərimizə böyük təhlükə yaradırlar.

Bir sözlə, əgər siz də düşmən hiyləsinin qurbanı olmaq istəmirsinizsə, hərbçilərimizlə bağlı rəsmi olmayan məlumatları paylaşmayın, tanımadığınız şəxslərlə əlaqədən çəkinin, heç bir anonim mesaja reaksiya verməyin! Bu həm sizin, həm də Vətənimizin təhlükəsizliyi üçün çox vacibdir!

 

NUHÇIXAN İnformasiya Agentliyi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: