Son illər muxtar respublikada baytarlıq xidmətinin nümunəvi təşkili üçün ardıcıl tədbirlər həyata keçirilib, bu sahənin maddi-texniki bazası gücləndirilib. Kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizlyinin təmin olunmasında bu sahənin oynadığı mühüm rol nəzərə alınaraq Dövlət Baytarlıq Xidmətinin tabeliyindəki qurumların da iş şəraiti yaxşılaşdırılır, süni mayalandırma tədbirlərinin aparılması üçün lazımi avadanlıqlar verilir. Cari ilin aprel ayından etibarən Babək rayonu ərazisində Süni Mayalanma Mərkəzinin və Babək Rayon Baytarlıq İdarəsi üçün yeni inzibati binanın inşa olunması da həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Cari ilin noyabr ayından etibarən tikintisinə başlanılan inzibati bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. Hazırda burada təməlatma işləri aparılır. Qeyd edək ki, müasir layihə əsasında inşa olunan və Babək Rayon Baytarlıq İdarəsinin birinci mərtəbəsində dərman və boyaq maddələrinin saxlanılması və qəbul otaqları, eləcə də arxiv yerləşəcək. İkinci mərtəbədə isə virusoloq-həkim, terapevt-həkim, epizootik-həkim, süni mayalanma otağı, laborant-sanitar otağı və laboratoriyalar fəaliyyət göstərəcək.
Məlumat üçün deyək ki, bu il təşkil olunmasının 40 illiyini qeyd edən Babək rayonunda 13 dövlət orqanın yerləşdiyi dördmərtəbəli inzibati bina yenidən qurulub, rayon Elektrik Şəbəkəsi üçün yeni bina inşa olunub.
Muxtar Rzazadə
“Şərqin səhəri” qəzeti