Azərbaycanın qədim yaşayış məskəni olan Naxçıvan torpağında boz ayın çillə çıxarmanı əhatə edən çərşənbələri qədim dövrlərdən SU-TORPAQ-YEL-OD ardıcıllığı ilə qeyd olunur.
Bu çərşənbələrin hər biri öz mərasim və ayinlərinin zənginliyi ilə seçilir. Təbii ki, ulu əcdadlarımız yaradılışın bu dörd ünsürünü özünün ilkin ibtidai düşüncə sistemindən keçirərək onu simvollaşdırmış, şifahi mətnlər, dastanlar yaratmışlar. “Yaradılış” dastanında da biz bu işarələri açıq-aydın müşahidə edirik.
Türk dünyasında çərşənbələr öz sakral mahiyyətində təbiətin canlanması ardıcıllığını qoruyub saxlayır. Belə ki, öz sərt soyuğu ilə “asıb-kəsən” kiçik çillə başa çatandan sonra təbiətdə mülayimləşmə başlayır. Bu zaman ilk olaraq Su qızmağa, əriməyə başlayır. Bundan sonra Torpaq isinir. Torpağın isinməsindən sonra soyuq və isti havanın qarşılıqlı mübadiləsi prosesi baş verir. Təbiətdə coğrafi hadisələrdən də bizə bəlli olan soyuq və isti hava axınının yerdəyişməsindən Külək-Yel əmələ gəlir. Yəni yeni, isti hava axını – Külək havanı qızdırır. Ən sonda isə Günəşin hərarəti tamamilə hiss edilir. İnsanlar və təbiət, canlı və cansız bütün varlıqlar Odu – istini duyurlar.
Yuxarıda qeyd etdiyimiz ardıcıllıq uzun minilliklər boyu insanların həyatına, yaşayışına, öz güzəranlarını bu ardıcıllıq üzrə tənzimləmələrinə təsir etmişdir. İlkin dünyagörüşü zamanı məhz bu hadisələr ulu əcdadlarımızın inam, inanc sistemini də formalaşdırmışdır. Suya, Torpağa, Yelə, Oda inam meydana gəlmiş, bu ünsürlərin hər birinə aid müxtəlif ayinlər, mərasimlər təşkil olunmuş, beləliklə də, bu gün təmtəraqla qeyd etdiyimiz dörd çərşənbənin yaranmasına səbəb olmuşdur.
Xalq təqviminə uyğun olaraq boz ayın Yel çərşənbəsində və ya Külək çərşənbəsində küləklər əsməyə başlayır və gün ərzində bir neçə dəfə dəyişir. Bu dəyişikliklər havanın təmizlənməsi kimi qəbul edilir. Bu dövrdə əsən küləyə “vədə yeli” deyilir. “Vədə yeli, ağ yeldir”, – deyib atalarımız. Novruz bayramına 17 gün qalmış əsən küləyə “vədə yeli” deyilir. Bu isə Külək çərşənbəsinə təsadüf edir. Bu küləyin əsməsi təmizlik işlərinə başlamağın (bayram təmizliyi) vaxtını bildirir. Bəzi tədqiqatçılar yazır ki, bu külək ilin müəyyən dövründə müntəzəm əsdiyindən “vədə küləyi” adını almışdır. Xalq arasında vədə yelinə həm də “ələyəz yeli”, “ağ yel” deyilir. Bir deyimə görə, “ələyəz yeli” qalxdısa, yaz gələr. Ələyəz yelinin hansı istiqamətə əsdiyi bilinməz. Buna uyğun olaraq Naxçıvanda sözü, fikri, əqidəsi bilinməyən adama “ələyəz yelidir, hərdən bir tərəfə əsir”, – deyirlər.
Digər bir deyimə görə, “vədə yeli” yazın yelidir. Elə ki, əsməyə başladı, ağacların oyanmasına, köçəri quşların gəlməsinə köməklik göstərir. Köçəri quşlar yazın ilk müjdəçiləri hesab edilir. Bu quşların gəlməsi ilə əsl yaz başlayır. Boz ayın üçüncü çərşənbəsində əsən küləklər Novruzdan bir həftə sonra dayanmağa başlayır.
Xalq arasında küləklə, yellə bağlı bir çox folklor nümunələri də mövcuddur. Xüsusilə “Yel baba”, hətta bəzi bölgələrdə “Yel nənə” ifadəsi də mə- rasimlərdə qarşımıza çıxır:
Qonaq oldu Yel nənəm,
Şirin-şəkər dil nənəm.
Yel babam Oğanımdır,
Yel nənəm Uğanımdır.
Oğanım qismətimdir,
Uğanım ismətimdir.
Oğanım hərəkətdir,
Uğanım bərəkətdir.
Yel çərşənbəsində keçirilən mərasimlərdə oxunan nəğmələr çoxdur. Onlardan biri də aşağıdakı kimidir:
A Yel babam, Yel babam,
A gül babam, gül babam.
Əs hoyur-hoyur babam,
A Yel babam, əsə gəl,
El-obanı kəsə gəl.
Yel babam, Yel əs gətir,
Xeyir-xəbər səs gətir.
Yellə bağlı xalqımız bir çox folklor nümunələri də söyləmişlər. Atalar sözlərində bu daha çox qarşımıza çıxır. “Yel aparan yelinkidir, yerdə qalan mənimki”, “Yel qayadan nə aparar?”, “Yelnən gələn selnən gedər, elnən gələn gülnən gedər”, “Yelin zarafatı qovmaqla başlar”, “Yelə verdiyin düşmənə qismət olar”, “Yelə qoşulan çox uzağa getməz!” Yel çərşənbəniz mübarək!
Elxan MƏMMƏDOV
filologiya üzrə fəlsəfə doktoru